Ombudsman Sumqayıtda gimnaziyada nöqsanlar aşkarladı

Ombudsman Sumqayıtda gimnaziyada nöqsanlar aşkarladı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupu (MPQ) tərəfindən Sumqayıt şəhərində yerləşən internat tipli gimnaziya, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və inteqrasiya təlimli internat tipli gimnaziyada monitorinqlər aparılıb.

Ombudsman Aparatından Cebhe.info-ya  bildirilib ki, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyada keçirilmiş monitorinq zamanı 280 şagird yerlik müəssisədə sıxlığın yaşandığı, 720 uşağın qeydiyyatda olduğu müəyyən edilib. Məktəb yataqxanasında 30 məcburi köçkün ailəsinin məskunlaşması da sıxlığa təsir edən amillərdəndir.

Müəssisənin, xüsusilə də onun yataqxanasının təmirə əsaslı ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu müəyyən edilib.

Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər aşkar olunub. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilib.

Monitorinqlər çərçivəsində uşaqlarla görüş keçirilib, onlara Ombudsmana müraciət imkanları və üsulları barədə məlumat verilib.

Yekunda müəssisə rəhbərləri ilə söhbətlər aparılıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib, eyni zamanda, hər üç müəssisənin nizamnaməsinin yenilənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

Cebhe.info