Qəbul imtahanında nə dəyişəcək? - Heç bir ölkədə olmayan qayda Azərbaycanda 

Qəbul imtahanında nə dəyişəcək? - Heç bir ölkədə olmayan qayda Azərbaycanda 

“Ali təhsil müəssisələrinə qəbul sistemində problem var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" Qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:

"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".

Qeyd edək ki, uzun müddətdir bir sıra təhsil ekspertləri ölkədə ali məktəblərə qəbulda qrup üzrə imtahanların mənfi nəticələrini vurğulayırlar. Faktdır ki, ölkədə bir çox gənc heç də sevdiyi ixtisas üzrə təhsl almır və bunu da imtahan nəticələri ilə əlaqələndirir, “Balım o ixtisasa uyğun oldu” deyirlər. Yəni bu gün ölkədə gənclərin bir çoxu topladığı balın çatdığı ixtisasa uyğun təhsil alır. Ali məktəbləri başa vuran gənclərin bəzilərinin ixtisaslı kadr kimi yetişməməsinin bir səbəbini də bununla əlaqələndirmək olar.

Əgər qrup imtahanları gənclərin ixtisaslı kadr kimi formalaşmasına mane olursa, çıxış yolu nədir? Qəbul imtahanlarında nələr dəyişə bilər?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, Elm və Təhsil Nazirliyinin problemə münasibət bildirməsi acı da olsa sevindirici haldır:

“Bu fikir nazir səviyyəsində səsləndirilirsə demək ki, artıq kifayət qədər ciddi problemdir. Azərbaycan gənci arzuladığı ixtisas üzrə təhsil almaq hüququna malikdir. Bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz. Ona görə də cənab nazirin fikri ilə razıyam. Gənclərə müvafiq ixtisaslar üzrə təhsil almaq imkanı yaradılmalıdır. Mən illərdir ki, dediyim fikrin üzərində dayanıram və DİM-də ciddi dəyişikliklər etmək lazımdır.

DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır. Eyni zamanda, imtahanlar qruplar deyil, ixtisaslar üzrə olmalıdır. Yalnız o zaman Azərbaycan gənci istədiyi ixtisas üzrə ali məktəbə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanacaq. Həmin ixtisas üzrə təhsil alıb dövlətə və cəmiyyətə xidmət etmək imkanı yaranacaq. Bu sahədə kifayət qədər gecikmişik. Gənclərimiz illərdir ki, arzulamadığı ixtisas üzrə təhsil almaq və o sahə üzrə işləmək məcburiyyətindədir”.

Ekspertin fikrincə, qısa müddətdə bu qaydaları dəyişmək olar:

“Ən azından bu il üçün tətbiq etmək olar. İmtahanları ixtisaslar üzrə keçirməklə gənclərimizə bu şansı vermək olar. Bu, qəbula da təsir edəcək. Ən azı müsabiqəyə qoşulan hər bir gəncin arzuladığı peşə üzrə müsabiqədə iştirak etmək şansı yaranacaq. Bu, çox böyük bir addımdır. İnsanı peşəyə bağlayan müəyyən dəyərlər var. DİM-in qrup imtahanı insanı həmin dəyərlərdən qoparır. Gənclər arzuladığı ixtisas üzrə təhsil alanda və o sahədə işləyəndə, peşəsinə bağlı olacaq. Daha çox cəmiyyətə və dövlətə fayda verməyə çalışacaq. Əslində təhsilin məqsədi də budur, insan kapitalı formalaşdırmaq, hər bir sahə üzrə peşəkar mütəxəssislər hazırlamaqdır. O mütəxəssis də peşəsinə bağlı olmalıdır ki, daim öz peşəsi üzərində işləsin”.

Həmsöhbətimiz bildirib ki, dünyanın bütün ölkələrində qəbul ixtisas üzrədir:

“Yalnız Azərbaycanda qəbul imtahanı qrup üzrə keçirilir. İkinci bir ölkə yoxdur ki, orada qrup imtahanı olsun”.

Nigar Abdullayeva
Cebhe.info