QHT layihəsi ilə Qarabağ tarixini nəsillərə çatdırır

QHT layihəsi ilə Qarabağ tarixini nəsillərə çatdırır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2024-cü il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyi də yer tutub. 

"Cebheinfo.az" xəbər verir ki, "Müharibə iştirakçıları və şəhid övladları üçün sosial proqramların təşkili" layihəsi çərçivəsində "Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi" adlı kitab şəhid və qazi ailələrindən olan 235 iştirakçıya kitabın təqdimat mərasimində paylanılacaq. Tədbirlər Suraxanı və Sabunçu rayonları ərazisində nəzərdə tutulub. Ümumilikdə 2 ay olan layihəyə 01.10.2024-cü il tarixində start veriləcək və 30.11.2024-cü il tarixində sonlandırılacaq. Layihədə 20 günlük hazırlıq mərhələsi, sonra 1 ay ərzində kitab təqdimatı və son 10 gün isə hesabat dövrü olacaq.

Bu barədə layihə rəhbəri “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyinin sədri Natiq Əhmədov məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində təqdimatı keçiriləcək kitab, adından göründüyü kimi, Qarabağımızın həm faciə, həm Zəfər tarixindən bəhs edir. Məqsəd bütün bunları Azərbaycan oxucusuna, eləcə də dünya ictimaiyyətinə çatdırmaqdır. Kitab təqvim şəklində xronoloji olaraq yazılması nəzərdə tutulub. Qarabağın faciəli tarixi Ali Baş Komandanımızın başçılığı ilə Zəfər tarixi ilə bitirilməsi kitabda nəzərdə tutulub. I Qarabağ və II Qarabağ (Vətən) müharibələrinin şəhidləri haqqında ətraflı məlumat veriləcək. Kitab I Qarabağ müharibəsinin ən ağır faciələrindən, ermənilərin başımıza gətirdikləri soyqırımlardan bəhs edir. Eləcə də Zəfər qələbəmizi gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır.

"Cebheinfo.az"