Qurumaqda olan Urmiya gölü ilə bağlı çəkilmiş sənədli film təqdim olundu

Qurumaqda olan Urmiya gölü ilə bağlı çəkilmiş sənədli film təqdim olundu

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublİkasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda" adlı layihənin icrası davam edir.

Layihə çərçivəsində “Dar ağacında buxarlanan Urmu gölü” adlı sənədli film hazırlanıb. Sentyabrın 28-də Akademik Zərifə Əliyeva adına liseydə sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində layihənin rəhbəri Elman Cəfərli, sənədli filmin rejissoru Teymur Zahidoğlu, filmin yaradıcı heyəti iştirak edib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə canından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Pərviz Ağalarov layihənin olduqca aktual olduğunu bildirib. O, deyib ki, bölgənin ən duzlu göllərindən olan Urmiya gölündə və çevrədə yaranmış ekoloji böhran ətraf ölkələrin hamısına təsir edəcək:

“Son məlumata görə, Urmiya gölü artıq qurumaq üzrədir. Bir zamanlar göldə suyun həcmi 31 milyard kubmetr idi. İndi bu, hazırda 2.9-3 milyard kubmetr səviyyəsinədir. Bu da bölgədə ciddi problem yaradır. Göl ətrafında şoranlaşma, duzlar sahələri yaranır. Bu da Güney Azərbaycana, onun iqtisadiyyatına, insanlarına, canlı aləminə, əkinçilik və maldarlığa çox ciddi mənfi təsir göstərir. Gölün ətrafından əhalinin köçü davam edəcəksə, bu, təqribən 6 milyon insanı əhatə edəcək. Bu da ciddi demorafik proses deməkdir. Həmin blgədə baş verən ekoloji fəlakət Türkiyə, İraq və Azərbaycana da təsir edəcək”.

"Yaşıl Dünya" EMİB səbri, layihənin rəhbəri Elman Cəfərli bildirib ki, laqeydlik üzündən qurumaqda olan Urmiya gölü bölgəsi ekoloji fəlakətin astanasındadır:

“Güney Azərbaycanın incisi sayılan Urmiya gölü fəlakətli günlərini yaşayır. Bir zamanlar 100-dən çox adaya, zəngin flora və faunaya malik gölün yerində indi nəhəng duz yığını qalıb. 1967-ci ildə YUNESKO tərəfindən biosfer qoruğu elan edilən və Ramsar konvensiyasına daxil edilən Urmiya gölünün 94 faizi quruyub. Gölün canlandırılması üçün Bərpa Qərargahı yaradılıb. Lakin ayrılan pullar doğu istiqamətə xərclənmir və gölün bərpası istiqamətində ciddi addım atılmır. Gölün canlandırılması üçün milyard kubmetrlərlə su lazımdır, ancaq ora cəmi 300 milyon kubmetr su axıdılır”.

Onun sözlərinə görə, Urmiya gölünün quruması və bu prosesə laqeydlik, habelə gölün bərpası layihələrinin yubadılması böyük bir qlobal fəlakətə yol açır. “Göl belə quruyarsa çevrədə bütün canlı məhv olacaq. Torpaq şoranlaşacaq, əkin sahələri sıradan çıxacaq. Ona görə də bu proses dayandırılmalıdır. Urmiya gölü ilə bağlı ətraflı araşdırılma aparılmalı, sənədli filmlər çəkilməli, maarifləndirici televiziya verilişləri hazırlanmalı, medianın diqqəti yaranacaq ekoloji fəlakətə yönəldilməlidir”-deyə, layihə rəhbəri bildirib.

Sənədli filmim rejissoru Teymur Zahidoğlu layihə çərçivəsində çəkilən “Dar ağacında buxarlanan Urmu gölü” sənədli filmi haqqında məlumat verib. O, bildirib ki, Güney və ekologiya mövzusuna ilk dəfə müraciət etsə də sənədli filmin uğurlu alındığı qənaətindədir. Tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva bildirib ki, olduqca əhəmiyyətli olan bu cür layihələr diqqəti bütün bəşəriyyəti narahat edən ekoloji problemlərə çəkir, gözlənilən ekoloji fəlakətlə bağlı həyəcan təbili çalır.
Liseyin coğrafiya müəllimi Mehman Daşdəmirov bildirib ki, Urmu gölünün qurudulması ekoloji cinayətdir:

“Urmiya gölü ətrafında baş verən ekoloji terror məqsədli şəkildə həyata keçirilən siyasi layihədir. Çünki Urmiya gölü regionda ekosistemə təsir edəcək bir səviyyədədir. Göl ətrafında baş verənləri bəzən iqlimlə, corğafi ərazi ilə və ya relyeflə əlaqələndirirlər. Amma belə deyil, gölün qurumasında insan amilinin böyük rolu var”.

Sonra “Dar ağacında buxarlanan Urmu gölü” sənədli filmi nümayiş etdirilib. Film qonaqların, şagirdlərin, media nümayəndələrinin marağına səbəb olub.

Çıxış edənlər sənədli filmin olduqca peşəkar hazırlandığını, diqqəti Urmu bölgəsində ekoloji problemə çəkə bildiyini bildiriblər.

Elman

Cebhe.info