Repetitor xərcindən azad olmaq mümkündür: Məktəblərdə bunun  üçün qruplar var, ancaq... 

Repetitor xərcindən azad olmaq mümkündür: Məktəblərdə bunun  üçün qruplar var, ancaq... 

Ölkədə sertifikasiya imtahanının ilkin mərhələsindən keçməyən 743 müəllim təkrar imtahanda minimum keçid balını toplamadığı üçün onların fəaliyyətinə xitam verilib.

Həmin təkrar sertifikatlaşdırmadan keçməyən və sosial müdafiəyə ehtiyacı olan müəllimlərlə işin təşkili məqsədilə onlarla hazırda müraciətlər yerlərdə yaradılmış komissiyalar tərəfindən təhlil edilir.

Qeyd edək ki, işinə xitam verilən müəllimlərdən hazırda məktəbdə günüuzadılmış qrupda işlə təmin edilənlər də var. ümumiyyətlə, məktəblərdə fəaliyyət göstərən günü uzadılmış qruplar şagirdlərin dərslərini hazırlaması üçün vacibdir. Çünki bu gün artıq bir faktdır ki, ibtidai sinif şagirdləri belə, repetitor yanına gedirlər.

Valideynlərin isə çalışması və digər səbəblərdən heç də hamısı övladlarına dərslərini hazırlamaqda yardım edə bilmirlər.

Günü uzadılmış qruplar həm fəaliyyətinə xitam verilən müəllimlərin işlə təminatı, həm də şagirdlərin dərslərini hazırlaması üçün repetitorları “əvəzləyə” bilərmi?

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Cebhe.info-ya verilən məlumata görə, “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası”na əsasən, günüuzadılmış qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunur.

"Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20 nəfərdən ibarət komplektləşdirilir.

Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil edilir və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınır. Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılır, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən edilir”.

Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov isə bildirib ki, məktəblərdə ibtidai siniflər üzrə şagirdlərə gündəlik dərslər üzrə hazırlıq, onların bilik və bacarıqlarının genişləndirilməsi məqsədilə günüuzadılmış qruplar təşkil olunur:

“ümumiyyətlə, günüuzadılmış qruplar əvvəllər də olub. Elm və Təhsil Nazirliyinin 7 may 2021-ci il tarixli kollegiya iclasının 9 nömrəli qərarı ilə dövlət ümumtəhsil məktəblərində günüuzadılmış qrupların təşkili qaydaları təsdiqlənib. Günüuzadılmış qrupların yaradılmasında məqsəd nədir? İbtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəməsi, onların təlim nailiyyətlərinin yaxşılaşdırılması, dünyagörüşünün formalaşmasına, onlarda idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə yaradılır.

Burada ibtidai siniflərdə məsələn, bir IV sinifdə ən azı 20-25 şagird olmaqla valideyni müraciət edir ki, övladı ilə gündəlik məşğul ola bilmirlər. Belə olduğu halda təhsil idarəetmə orqanının əmri ilə həmin məktəbdə günüuzadılmış qrup yaradıla bilər. Bu gün məktəblərdə günüuzadılmış qruplar təşkil edilir və tərbiyəçi ştatı adı altında və onun həftəlik müddəti 30 saatdır. ümumilikdə günüuzadılmış qruplar sovet dövründə də, müstəqillik sövründə də olub. Ancaq bu, kütləvi deyil. İlk növbədə məktəbin maddi-texniki bazası olmalıdır.

Hazırda da ümumtəhsil məktəblərimizdə də var və kifayət qədər də əhatə dairəsi genişdir. İbtidai sinifdə repetitor kimi valideynlər öz sinif müəllimlərinin yanına qoyurlar. Günüuzadılmış qrupda da tərbiyəçinin təhsili olmalıdır, ancaq o ibtidai sinif müəllimi deyil. O ibtidai sinif müəllimi işlədiyi halda tərbiyəçi işləyə bilməz”.

Nigar Abdullayeva
Cebhe.info