Rəşid Mahmudovdan qızılca açıqlaması: “Süni şəkildə yayılması...”

Rəşid Mahmudovdan qızılca açıqlaması: “Süni şəkildə yayılması...”

“Qızılca çox təhlükəli xəstəlikdir, pnevmoniya (ağciyər iltihabı) və hətta ölümə səbəb ola bilər”.

Bu sözləri Azərbaycan Tibb Universitetinin dosenti, professor, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Cebhe.info-ya açıqlamasında deyib. O bildirib ki, qızılcaya qarşı peyvənd vurdurmaq lazımdır:

“Xüsusilə uşaqlar peyvənd olunmalıdır. Uşaqlara 3 aylığında və 6 yaşında peyvənd vurulmalıdır. Ümumiyyətlə, iki dəfə peyvənd olan insan ömrü boyu qızılcaya yoluxa bilməz. Nəzərə almaq lazımdır ki, qızılca tez yayılan xəstəlikdir və adətən uşaqlarda olur. Hətta uşaqlarda ölümə də səbəb ola bilir. Ona görə də uşaqlara peyvənd vurulması mütləqdir.

Hər kəs qızılcaya yoluxur, amma vaksin vurulanda bədəndə ona qarşı antitel yaranır. Çünki o virusun ifraz etdiyi zülallar həddindən artıq yüksək molekulludur. Amma həmin molekullar sidiklə xaric olur. Yəni pnevmokokun ifraz etdiyi molekul çəkisi 70 mindən aşağıdır, habelə ona qarşı yaranan antitoksinin də molekul çəkisi aşağıdır. Ona görə də onlar sidiklə bədəndən xaric olunur”. 

Rəşid Mahmudov vurğulayıb ki, insan ömründə sadəcə bir dəfə qızılcaya yoluxa bilər:

“Bu gün hər hansısa səbəbə görə xəstələnən adam 10 və ya 20 gündən sonra yenə xəstələnə bilər. Amma insan həyatı boyu cəmi 1 dəfə qızılcaya yoluxur. Yəni bir insan ikinci dəfə qızılcaya yoluxa bilməz. Onun antitelləri insan bədənində ömrünün sonuna qədər yaşayır. Çünki çox yüksək çəkilli molekula sahibdir”. 

Professor qızılcanın süni şəkildə yaradılması barədə bəzi iddialara da cavab verib:

“Qızılca süni şəkildə yaradılmayıb. Bu, koronavirusdan fərqlənir. Qızılcanı süni şəkildə yaratmaq da mümkün deyil. Bu xəstəlik dünyanın hər yerindən gələn insanla ölkəmizə gətirilə bilər. Yəqin ki, qızılcaya yoluxan kimsə Azərbaycana gəldiyi üçün bu xəstəlik yayılıb. Yəni bir uşaq qızılcaya yoluxursa, virus yayılmağa başlayır. Amma bunun vaksini var. Onun mikrobunun zəifləmiş formasını bədənə vaksin kimi vuranda, bu virusa yoluxmaqdan qorunmaq olar”. 

Elmir Mustafa 
Cebhe.info