Sertifikasiyadan keçə bilməyən müəllimin sinfi boş qaldı - RƏSMİ AÇIQLAMA 

Sertifikasiyadan keçə bilməyən müəllimin sinfi boş qaldı - RƏSMİ AÇIQLAMA 

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub.

İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü ildən xitam verilməsi prosesinə başlanıldı.

Qeyd edək ki, artıq sertifikasiyadan keçməyən müəllimlərin fəaliyyətinə xitam verilib. Həmin müəllimlərdən biri də Bakı şəhəri, Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı məktəbin ibtidai sinif müəllimi Süsən Yusifovadır. Sosial şəbəkələrdə verilən məlumata görə, sentyabrın 15-də üçüncü sinfin uşaqları məktəbə gediblər, amma müəllim olmayıb.

Valideynlər direktora şikayət edən zaman müəllimin sertifikasiya imtahanı verə bilmədiyi üçün işdən çıxarıldığı, başqa müəllimin də olmadığını deyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirlib ki, artıq həmin sinfə yeni müəllim təyin olunub.

Nigar
Cebhe.info