Sertifikasiyadan keçməyən 743 müəllimə müavinət verilməyəcək
2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub.
İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı deyib ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq. O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq:
“Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar”.
Qeyd edək ki, fəaliyyətinə xitam verilən müəllimlərlə bağlı maraqı məqamlardan biri də həmin müəllimlərin işdən azad edilərkən onlara veriləcək son əmək haqqı ilə bağlıdır.
Sertifikasiyadan keçmədiyinə görə işinə xitam verilən müəllimlərə ödəniş veriləcəkmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, işçi işdən çıxanda onunla hər bir halda son haqq-hesab edilir:
“Buraya istifadə edilməmiş məzuniyyət haqqı daxildir. Həmin attestasiyadan keçməyən müəllimlərin də əgər məzuniyyət haqqı qalıbsa, veriləcək. Ancaq başqa hər hansı ödəniş edilmir. İşdən çıxma iki əsasla ola bilər. Birinci hal işçinin təşəbbüsü ilə olur. Bu halda işçi gəlib ərizə yazır ki, mən işdən çıxıram və ona heç bir müavinət verilmir. Yalnız əmək haqqı, verilməyibsə, məzuniyyət haqqı ödənilir.
İkinci halda işə götürən işçini çıxarır, bu zaman bir neçə əsas ola bilər. Ya işində kobud pozuntuya yol verib, ya da attestasiyadan keçməyib. Bu halda heç bir ödəniş verilmir.
Bundan başqa ştatın ixtisarı var. Yəni həmin vəzifə ləğv olur. Bu halda onun iş stajından asılı olaraq, bir neçə həftəlik onun əmək haqqı verilir. Attestasiya buraya aid deyil. Əgər bu zaman işçi bununla razı deyilsə məhkəməyə də verə bilər”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən müqaviləsinə xitam verilən şəxslərə müavinət ödənilməsi nəzərdə tutulmayıb.
"Həmin işçilərin yalnız son haqq-hesabları (istifadə edilməyən məzuniyyət günləri və faktiki işlədiyi günə qədər hesablanmış əmək haqqı) ödənilir”.
Nigar Abdullayeva
Cebhe.info