Sertifikasiyadan keçməyən müəllimlər: Onlara diplom verənlərin aqibəti bəlli oldu

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunsa da 743 müəllimin dən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü ildən xitam verilməsi prosesinə başlanılıb.
Xatırladaq ki, elm və təhsil nazirinin müavini Həsən Həsənli sertifikasiyadan keçə bilmədiyinə görə əmək müqaviləsinə xitam verilən müəllimlərin ən çox hansı bölgədən olduğuna aydınlıq gətirərək bildirmişdi ki, onlar əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe olan məktəblərin təhsilverənləridir.
Sertifikasiya imtahanının test mərhələsindən keçə bilməyən və fəaliyyətinə xitam veriləm müəllimlərin məzun olduqları təhsil ocaqlarından hansı fəaliyyətini dayandırıb və hansında bu fakültələr ləğv edilib?
Elm və Təhsil Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, təkrar sertifikatlaşdırılması prosesi nəticəsində 743 nəfər təhsilverən sertifikatlaşdırma prosesindən keçməyib:
“Bu təhsilverənlərin 55%-dən çoxu orta ixtisas təhsilinə malik təhsilverənlər olub. ümumilikdə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər müxtəlif illərdə, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrindən məzun olublar. Bu müəssisələrdən bəziləri artıq fəaliyyətini dayandırıb”.
Nigar Abdullayeva
Cebhe.info