Şəxs cinayəti törətdikdən neçə müddət sonra məsuliyyətə cəlb edilə bilməz?

21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.
Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.
Faktla bağlı Kəngərli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Maraqlıdır, cinayət qanunvericiliyinə görə, hansı cinayətlərin məsuliyyətə cəlb etmə dövrü nə qədərdir? Məsələn, bəzi cinayətlər var ki, onların üzərindən müəyyən müddət keçəndən sonra şəxs məsuliyyətə cəlb edilmir. Ancaq bir sıra cinayətlərin cəlbetmə müddəti yoxdur. Konkret hansı xarakterli əməllərə görə cəlbetmə müddəti yoxdur, hansılara var?
Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bir çox dünya ölkələrinin qanunvericiliyində belə bir müddəa var ki, bir hadisənin üzərindən müəyyən bir müddət keçəndən sonra insan məsuliyyətə cəlb olunmur:
"Ancaq qanunvericiliyə əsasən, sülh və azadlıq əleyhinə, terrorizmi malliyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu müddəa, yəni müddət aid edilmir.
Qalanlarda isə müddət fərqi ola bilər. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə" adlı 75-ci maddə var.
Bu maddədə hansı cinayət kateqoriyaları üzrə nə qədər müddət keçdikdən sonra cinayətkarın cinayət məsulliyətinə cəlb edilməməsi haqqında məlumat əks olunub.
Maddəyə əsasən, cinayəti törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək qanunla müəyyən edilən müddətlər keçdikdə (cinayətlərin təsnifatına uyğun olaraq), şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
- böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 il;
- az ağır cinayətlər üzrə 7 il;
- ağır cinayətlər üzrə 12 il;
- xüsusilə ağır cinayətlər üzrə isə 20 il”.
Hüquqşünas qeyd edib ki, məhkəmə məhz cinayəti törədən şəxs tapılarsa yaradılır və ittiham hökmü çıxarılır:
“Lakin məhkəmə müddət keçdiyi üçün cəza təyin etmir. Burada bir istisna da var ki, cinayəti törədən şəxs istintaqdan və məhkəmədən qaçarsa, o zaman həmin şəxs müddətin keçilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmir. Həmçinin müddət o şəxslərə aid edilir ki, hüquq-mühafizə orqanları onların cinayət törətdiyini bilmir. Yox, adam məlumdursa və gizlənirsə, həmin şəxsə müddət tətbiq olunmur".
Ləman İsmayıl
"Cebhe.info"