Uşaqlar arasında yayılan qızdırma ölümcüldür? - "Xəstəxanalarda körpələr…” - HƏKİM

Uşaqlar arasında yayılan qızdırma ölümcüldür? - "Xəstəxanalarda körpələr…” - HƏKİM

Son günlər ölkəmizdə xüsusilə uşaqlar arasında qızdırmadan ölüm hallarının olduğu bildirilir.

Bu günlərdə dünyasını dəyişən 5 yaşlı körpənin qızdırmadan ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bakının Sulutəpə qəsəbəsində də 18 yaşlı gənc qızdırmanın qəfil yüksəlməsindən sonra vəfat edib. Uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və ya bakterial infeksiyalar, iltihabi proseslərdir. Həddindən artıq qızdırma ölümə, komaya düşməyə də səbəb ola bilir. Kiçikyaşlı körpələrin daim yüksək qızdırmalı olması onlarda qalıcı qüsurlara da səbəb ola bilər.

Cebhe.info-ya açıqlamasında pediatr Vaqif Qarayev bildirib ki, qızdırmanın altında ciddi xəstəlik olmalıdır ki, ölüm versin:

"Hər qızdırma ölüm versə, daha sağ adam qalmaz. Son günlər qrip hesab elədiyimiz infeksiya qızdırma verir, vaxtında da həkimə müraciət etmədikdə, ölüm qaçılmaz olur. Qeyd edim ki, ölkəmizdə körpə uşaqlarda "bronxiolit" kimi ağırlaşmalar var. Vaxtında üstünə düşülməsə, ölümlə də nəticələnə bilər. Bu, uşaqlarda nəfəs problemi yaradır, nəfəs ala bilmirlər. Ona görə xəstəxanalarda kifayət qədər kiçik yaşlı körpələr ağırlaşma ilə yatır”.

Həkim bildirib ki, amma bu, hər uşaqda ciddi ağırlaşma vermir:

“Zamanında qızdırma ilə mübarizəyə başlasaq, ağırlaşma olmaz. Günlərlə davam edən qızdırma müalicə olunmalıdır. Xüsusilə, son günlərdə yayılan xəstəliklərdə qulaq ağrısı müşahidə olunur. Müalicə edilmədikdə, bəzən eşitmə problemi də yaranır. Bu isə daha çox böyük yaşlı uşaqlarda görülür".

Naibə
Cebhe.info