Vəfat edən əlilin pensiyası kimə verilə bilər? - RƏSMİ
İllərlə işləyib fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalı toplanan vətəndaşlarımız bir sıra hallarda pensiya yaşına çatmadan dünyasını dəyişirlər.
Bu cür şəxslərin sayı heç də az deyil.
Qeyd edək ki, qanunvericiliyə görə, şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə ailə üzvlərinin sosial təminatına yönəldilir.
Məhz vəfat etmiş şəxsin 18 yaşınadək övladları (əyani oxuyarlarsa 23 yaşınadək) ailə başçısını itirməyə görə pensiya alırlar.
Həmçinin 18 yaşı olmazdan əvvəl əlilliyi müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam etdikdə, onlar da bu pensiyanı almaqda davam edirlər.
Bundan əlavə sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin orqanizimin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və Il dərəcə) əlilliyi olan arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər.
Eyni zamanda, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, sözügedən pensiya həmin şəxsə verilə bilər.
Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.
Maraqlıdır, bu qayda əlliliyə görə pensiya alanlara da aiddir?
Məsələn, ər əlilliyə görə pensiya alır, ailə üzvü (arvad) isə yaşa görə sosial müavinət alır. Bu halda ər vəfat edərsə, ailə üzvü (arvad) ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərmi?
Dövlət Sosial Müdafiə Fondundan "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, vəfat edən şəxsin sosial müavinət alan ailə üzvü əmək pensiyası seçmək hüququna malikdir:
"Həmin şəxs ailə başçısını itirməyə görə pensiya növünə keçid edə bilər. Ümumilikdə, vəfat etmiş ailə başçısının yaşa və ya əlilliyə görə əmək pensiyası almasından asılı olmayaraq yaşa və ya əlilliyə görə sosial müavinət alan ailə üzvünün (arvad) ailə başçısını itirməyə görə əmək pensiyasını seçmək hüququ var".
Ləman İsmayıl
"Cebheinfo.az"