Vətəndaşlar lombard, BOKT qapılarında qalıb

Son vaxtlar paytaxtda lombardlar, Bank Olmayan Kredit Təşkilatlarının sayı getdikcə artır.
Belə ki, bu gün şəhərin əksər küçələrində bu təşkilatların ofisinə rast gəlmək mümkündür.
Elə küçələr var ki, 4-5 belə kredit təşkilatı var. Həmin lombardlar və BOKT-lardan istifadə edən vətəndaşların da sayı kifayət qədərdir. Vətəndaşlar sürətli şəkildə maliyyə vəsaiti əldə etmək üçün həmin təşkilatlara müraciət etmək məcburiyyətindədirlər.
Məsələn, bir lombardda çalışan işçi ilə söhbətimizdə bildirdi ki, bəzi vətəndaşlar 50-60 manat əldə etmək üçün 500-600 manat dəyərində olan zinət əşyalarını girov qoymağa razı olurlar. Bu isə vətəndaşın belə kiçik vəsaitə belə, ehtiyacı olduğunu göstərir.
Ölkədə niyə son vaxtlar bu qədər lombard, BOKT açılır?
İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, lombard, Bank Olmayan Kredit Təşkilatları sayının artması sektora olan tələbatdan irəli gəlir:
“Bankdan hər hansı kredit götürəndə rəsmi şərtlər qoyulur. İş yerindən arayış, zamin tələb olunur, yaxud digər bankda açıq kreditiniz varsa, sistem onu dərhal göstərir.
Ancaq lombard tipli yerlərdə konkret olaraq girov qoymaqla rahatlıqla pul götürmək olur. Faizin yüksək olmasına baxmayaraq, ancaq vətəndaşlar buna gedir. Bunun ilk səbəbi odur ki, vətəndaşların bu kapitala ehtiyacı var. Ehtiyac olmasa, heç bir insan borclanmaya getməz. Bu proses də getdikcə artır.
Baxmayaraq ki, rəsmi olaraq vətəndaşların gəlirlərinin artdığı qeyd edilir, ancaq reallıqda bu belə deyil. Hardasa kiçik bir kütlənin ola bilsin ki, gəliri artır. Ancaq bu, kütləvi formada görünmədiyi üçün vətəndaşlar belə borclanmaya gedirlər”.
Ekspertin fikrincə, vəziyyət lombardlara ehtiyac olduğunu göstərir:
“Müştərisi olmasa, heç kim lombard açmaz, çünki ona da xərc lazımdır. Bu nöqteyi-nəzərdən vətəndaşların bu xidmətlərə ehtiyacı var və gördüyümüz də odur ki, getdikcə artır. Əgər vətəndaş gedib telefonunu, qızıl üzüyünü qoyub 60 manat götürürsə, deməli, ehtiyacı var.
O lombarddan aldığı pulla bazarlıq etməli, hansısa bir əşya almalı, yaxud müalicə ilə bağlı harasa müraciət etməlidir. Belə faktlar da çoxdur. Hətta 50, 40, 30 manat götürənlər də var.
Bununla bağlı faktlar var və bu da ehtiyacdan irəli gəlir.
Vətəndaşın nominal gəlirinin olmaması buna səbəbdir”.
Həmsöhbətimiz deyib ki, bu, həm də işsizlik faizinin rəsmi rəqəmlərdən artıq olmasına işarədir:
“Lombardlar, BOKT-lar yenə də açılacaq. Vətəndaş evində dəyərli nə varsa gətirib onu girov qoyub pul götürəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”