Yazda qış hərarəti: “Sulu qar...”

Yazda qış hərarəti: “Sulu qar...”

Ölkə ərazisində mayın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-15, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə arabir intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

Maraqlıdır ki, Azərbaycanda havaların qeyri-sabit keçməsi, sulu qarın yağması may ayı üçün xarakterikdir?

Məsələ ilə bağlı “Cebhe.info”-ya açıqlamasında meteoroloq Cavidan Əliyev bildirib ki, sulu qar may ayı üçün xarakterik deyil:

"Lakin yüksək dağlıq ərazilərdə may ayında sulu qar yağması ola bilər. Nadir hallarda dağətəyi, Aran bölgələrində may ayında sulu qar, hətta qar olub, bu da anormal hal olaraq qiymətləndirilir".

Ləman İsmayıl
"Cebhe.info"