Yol Polisi yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi

Yol Polisi yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi

Bu gündən yeni tədris ili başlayır.

Bununla əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görülür, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır. Lakin, yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən "Cebheinfo.az"a bildirilib ki, təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır.

"Cebheinfo.az"