23 saat 43 dəqiqə: Azərbaycanın suverenliyinin bərpa edildiyi şanlı tarix

23 saat 43 dəqiqə: Azərbaycanın suverenliyinin bərpa edildiyi şanlı tarix

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən 1 il ötür. 

Bu tarixi əməliyyat sayəsində Azərbaycan öz suverenliyini bərpa edib. 24 saat belə çəkməyən əməliyyat nəticəsində ölkəmizdəki separatizm ocağı məhv edilib və dədə-baba torpaqlamızda qanunsuz məskunlaşan erməni hərbi birləşmələri tərksilah olunub. Bu uğurlu antiterror tədbirlərinin ardından ərazimizdə olan bütün qeyri-qanuni erməni silahlıları çıxarılıb və qondarma rejim özünü buraxdığını elan edib. 

Nəticədə, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə şanlı Azərbayan bayrağı dalğalanmağa başlayıb. Geridə qalan bir il ərzində bir çox tarixi hadisə də yaşanıb. Belə ki, Azərbaycan tarixində ilk dəfə bütün ərazimizdə prezident və parlament seçkiləri keçirilib. Yəni Azərbaycan Ordusu cəmi 23 saat 43 dəqiqə ərzində ölkəmizdə separatizmin kökünü kəsib və ərazi bütövlüyümüzü bərpa edib. 

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə şanlı Ordumuzun şərəflə həyata keçirdiyi antiterror tədbirləri ölkə tarixində misilsiz yer tutur: 

“Bu, əməliyyat Azərbaycan dövlətinin qüdrətini, əzmini və bacarığını bütün dünyaya göstərdi. 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanatının bəndlərindən biri Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılması idi. 

Lakin uzun müddət keçməsinə baxmayaraq, bu bənd icra olunmurdu. Əksinə, 2023-cü ilin sentyabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin “rəhbər”inə təbrik məktubu da ünvanlamışdı. Bu isə artıq Paşinyan hakimiyyətinin də cızığından çıxdığını və hələ dərsini tam almadığını göstərirdi. Azərbaycan Ordusu lokal antiterror tədbirləri ilə orada yığılan minlərlə qeyri-qanuni erməni silahlılarının, quldurlarn hədəflərini darmadağın etdi. 

Ordumuz dünyada misli görülməmiş əməliyyat həyata keçirdi. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinin burnu qanamadı. Heç bir mülki infrastruktura zərər verilmədi, sadəcə legitim hərbi hədəflər vuruldu. Yəni şanlı Azərbaycanın Ordusu fantastik əməliyyatı icra etdi”. 

Millət vəkili vurğulayıb ki, bu, dünya hərb tarixində də öz yerini alan əməliyyat olub:

“Antiterror tədbirləri ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə böyük quruculuq işləri gedir. Azərbaycan dövlətinin gücünü bu sahədə də görürük. 

Biz bununla qürur duyuruq. Həmçinin, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olan hamıya bir dərs verdik”. 

Vüqar İskəndərov diqqətə çatdırıb ki, Azərbaycan bölgədə əbədi sülhün tərəfdarıdır:

“Sülh müqaviləsinin imzalanması üçün təkliflər vermişik. Ermənistan tərəfindən də adekvat cavab gözləyirik. 

Rəsmi İrəvan da öz növbəsində səmimi olmalıdır. Bundan başqa, Ermənistanı silahlandıran qüvvələr Cənubi Qafqazda sülhün əldə olunmasını istəmirlər. Azərbaycan isə bütün sahələrdə inkişaf edir. Bu gün işğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işləri uğurla həyata keçirilir. Bu da gücümüzü və qüdrətimizi əyani şəkildə dünyaya göstərir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”