Araik Xankəndidən qaçmaq istəsə: “Helikopter dərhal vurulacaq”

Araik Xankəndidən qaçmaq istəsə: “Helikopter dərhal vurulacaq”

Xankəndidə terrorçu qruplar arasında qarşıdurma getdikcə artır.

Hazırda üç qruplaşma qondarma rejimin rəhbəri Araik Arutyunyanın istefası tələbi ilə çıxış edir. Onlardan biri cinayətkar rejimin keçmiş “Təhlükəsilik Şurasının katibi” Samvel Babayan, ikincisi “parlament”in spikeri Artuq Tovmasyan, üçüncü tərəf isə Rusiyanın Azərbaycana qarşı təxribat məqsədilə Qarabağa göndərdiyi milyarder Ruben Vardayandır.

Onların üçü də Araik Arutyunyanın yerinə iddialıdır. Eyni zamanda, bu qrupların özləri də bir-biri ilə mübarizə aparır. Əslində, Samvel Babayanı son zamanlar Rusiya tərəfindən yenidən fəallaşdırılan Vardanyana qarşı Ermənistanın Baş naziri meydana atıb. Babayan Arutyunyanın istefasını əsas tələb kimi deyil, dolayısı ilə irəli sürür. Samvel Babayan Araik ArutYunyandan “Müdafiə Komitəsi”nin yaradılmasını, əks təqdirdə “post”unu tərk etməyi tələb edir. Mühafizəkar mövqeyi ilə tanınan Tovmasyan isə Araik istefaya gedəcəyi təqdirdə uydurma konstitusiyaya edilmiş yeni dəyişikliklərə uyğun olaraq, növbədənkənar “seçki”yə getmədən cinayətkar rejimə rəhbərliyi ələ keçirmək imkanı qazana bilər.

Vardanyan özünə əsas rəqib kimi gördüyü Araikin istefasına nail olduqdan sonra Rusiyanın dəstəyi ilə onun yerinə keçəcəyinə ümid edir. Ona görə də A.Arutyunyanın könüllü “vəzifə”dən gedəcəyi təqdirdə, rejimə rəhbərlik uğrunda qruplararası ədavət silahlı toqquşmaya qədər dərinləşə bilər.

Arutyunyan isə artıq hər üç tərəflə görüşlərə başlayıb. Baş terrorçu yekun qərarını müzakirələrdən sonra açıqlayacağını bildirib. Bəzi məlumatlarda Araikin istefa verərək Qarabağı tərk etmək niyyətində olduğu bildirilir. Onun bundan sonra ya ABŞ-da, ya da Fransada yaşamağa üstünlük verəcəyi deyilir.

Amma A.Arutyunyan Qarabağı iki yolla tərk edə bilər. O, ya Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən keçməli, ya da helikopterlə Ermənistana, oradan da başqa dövlətə getməlidir. Ancaq sərhəd-buraxılış məntəqəsində sənədlər yoxlanan zaman Araik Arutyunyanın həbs olunacağı gözlənilir. Hava məkanı isə Azərbaycanın nəzarətindədir. Yəni rəsmi Bakı bu uçuşa icazə verməz. Ona görə də Araik üçün yeganə qaçış imkanı quru yolu ilə mümkün ola bilər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun qərarı ilə A.Arutyunyan barəsində cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. Bu səbəbdən, o, Laçındakı sərhəd-buraxılış məntəqəsində dərhal saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilə bilər.

Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər Araik Arutyunyan gizli yollarla qaçmasa və Azərbaycanı hüquqi prosedurlardan keçməklə sərbəst şəkildə tərk etmək istəsə dərhal saxlanılacaq:

“Bu məsələdə iki məqam var. Onlardan biri məsələnin hüquqi tərəfidir, digəri isə şəraitə görə hərəkət etməkdir. Hüquqi məsələ bəzən bizim coğrafiyada işləmir. Təcrübə də göstərir ki, əgər bölgəmizdə beynəlxalq hüquq işləmirsə, o zaman yerli reallıq nəzərə alınmalıdır. Biz həm də bir suala cavab tapmalıyıq. Araik Arutunyanın həbsi bizə lazımdırmı? Bu terrorçu bizim hansı marağımıza qulluq edəcək? Ona görə də məsələ onun çıxmasında və ya qalmasında deyil.

Əgər o, Qarabağda qalsa, aqibəti bəllidir. Çıxmaq istəsə, Azərbaycan ona getmək üçün şərait də yarad bilər. Belə hallarda erməni separatçıları ölkədən çıxmaq üçün ənənəvi üsullarından istifadə edirlər. Yəni sülhməramlıların avtobillərinin yük yerində, hər hansı bir əşyanın içərisində və s. Bəlkə də bundan istifadə etməyə çalışacaq. O, Azərbaycan sərhəd xidmətinin texniki radarlarına düşməklə sərbəst keçməyə çalışmayacaq”.

"Həmsöhbətimiz bildirib ki, əgər Araik Arutyunyan Azərbaycanın texniki radarlarına düşərsə, dərhal saxlanılacaq və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində ittiham elan olunacaq. Sonra isə yaxın bölgə kimi ya Gəncəyə, ya da Lənkərana aparılacaq. Onun aqibəti ancaq belə ola bilər. Lakin Araik separatçıların başçısı kimi həmin bölgəni Azərbaycanı təhvil verib ölkə ərazisini tərk etmək istəsə, onun bu “xidmət”ini də nəzərə almaq olar. Təbii ki, bu, onun məsuliyyətdən azad olunması anlamına gəlmir”.

Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan hava məkanını Qarabağdakı terrorçu qrupların hərəkəti üçün bağlı saxlayır. Ona görə də A.Arutyunyan ərazini hava yolu ilə tərk etmək istəsə, helikopter dərhal vurulacaq.

Müşfiq Abdulla
Cebhe.info