Araikdən artıq erməni olmağa çalışan Avropa Parlamenti

Araikdən artıq erməni olmağa çalışan Avropa Parlamenti

Avropa Parlamenti (AP) Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun işi ilə bağlı Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Müzakirələr Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunsa da, yekun sənədin məzmunu hüquqi deyil, daha çox siyasi məzmun daşıyır.

Parlamentarilər Avropa İttifaqını Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb. Onlar bunu Azərbaycanda insan haqlarının durumunun guya ağır olması ilə əsaslandırıb.

Halbuki, qətnamə hüquqi mahiyyətinə görə, tövsiyə xarakterli sənəddir və məcburi qüvvəyə malik deyil. Ona görə də Avropa Parlamenti bitərəflik prinsipini pozaraq Azərbaycana qarşı siyasi qərəz nümayiş etdirib.

Yəni bu münasibətin siyasi səbəbləri var. “Qubad İbadoğlu işi” isə sadəcə bəhanədir. Bu səbəbi tapmaq üçün alim olmaq lazım deyil. Sadəcə, erməni və ya ermənipərəst olmaq kifayət edir.

Avropa Parlamentinin keçirdiyi müzakirələrin vaxtı da bu baxımdan, təsadüfi seçilməyib. Bütün bəyanatlar və tənqidlər Azərbaycanın Laçın yolunu “blokada”dan açmaqla bağlı Qərbdən edilən çağırışlarla üst-üstə düşür.

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri komissiyasının sədri Jozef Borrel Azərbaycanın gətirdiyi bütün sübutlara baxmayaraq Qarabağda "humanitar böhran və aclığın” olduğu qənaətindən dönmür.

Məhşur el məsələsində deyildiyi kimi, cənab Borrel “Siz nə çalırsınız, çalın, mən “Heyvagülü” oynayacam” deyir. Eyni zamanda, ABŞ Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsində keçirilən dinləmələrdə Azərbaycanın "Laçın dəhlizi"ni bağlı saxlamaqla guya Qarabağdakı ermənilərə qarşı "soyqırım" həyata keçirdiyinə dair iddialar səslənir.

Həmişə olduğu kimi, qondarma bu ittihamların səsləndiyi masanın başında xanımı erməni olan Bob Menderes dayanıb. Deməli, bütün proses Qərbdən sistemli şəkildə edilən hücumun tərkib hissəsidir.

Siyasi terminologiyada buna “siyasi vendetta” da deyilir. “Vendetta” ingilis sözü olub, “qan intiqamı”, “qan davası” deməkdir. Ermənilər Azərbaycan ərazisinə köçürüldükdən sonra daima Azərbaycana qarşı qan davası aparıb. Bu gün Avropa Parlamenitinin deputatları Azərbaycan əleyhinə qətnamə qəbul etməklə siyasi vendettaya qoşulub.

Erməni lobbisi bu məqsədə çatmaq üçün Azərbaycanı Qubad İbadoğlu məsələsindən yapışaraq vurmağa çalışır. Çünki Azərbaycanın Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə 40 ton un yardımı göndərməsindən sonra Avropa Parlamentindəki erməni lobbisinin bütün arqumentləri tükənib.

üstəlik, Azərbaycan tibbi xidmətə ehtiyacı olan bütün erməni sakinlərin Laçın yolu ilə Ermənistana keçməsinə şərait yaradır. Rəsmi Bakının bu addımlarını sülh danışıqlarında vasitəçilik edən bütün tərəflər dəstəkləyərək separatçıları Ağdam-Xankəndi yolunu açmağa çağırıb.

Ona görə də Araikdən artıq erməni olmaq istəyən Avropa parlamentariləri Qubad İbadoğlunu bəhanə edərək Azərbaycana qarşı siyasi hücum üçün əsas formalaşdırmağa çalışır.

Avqustun 17-də BMT Təhlükəsizlik Şurasında Qarabağdakı humanitar vəziyyəti müzakirəyə çıxaran ermənilər Azərbaycanın əleyhinə qətnamənin qəbuluna nail ola bilmədilər. Əksinə, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqeyini dəstəkləməsi erməniləri pərt edib. Yəni BMT səviyyəsində istəklərinə çata bilməyən ermənilər indi həmin qətnaməni Avropa Parlamentində qəbul etdirməyə nail olub. Azərbaycana qarşı sanksiyaların tətbiqi çağırışı da məhz sözügedən planın tərkib hissəsidir.

Ermənilərin uzağa hesablanmış planları isə bu yolla Azərbaycanı Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsini ləğv etməyə məcbur etməkdir. Bütün bunlar isə tanış ssenarilərdir. Birinci Qarabağ müharibəsində olduğu kimi, ermənilər bu dəfə də Laçın vasitəsilə Qarabağla Ermənistan arasında quru əlaqəsini bərpa etməyə, Azərbaycana qarşı ərazi iddiası və status məsələsini gündəmə gətirməyə çalışır. Lakin hazırkı Azərbaycanın dəfələrlə güclü dövlət olduğunu da anladıqları üçün istəklərinə çata bilməyəcəklərini bilirlər.

Ona görə də beynəlxalq dairələrin siyasi təzyiqinə ümid edirlər. Azərbaycanda insan hüquqlarının pozulmasına dair Avropa Parlamentində səslənən bəyanatlar da əslində, Qarabağdakı erməni əhalisi ilə bağlı edilən siyasi spekulyasiyadır. Çünki Azərbaycan Qarabağ İqtisadi Rayonunda yaşayan erməni vətəndaşlara digər milli azlıqlarla bərabər hüquqlar verməyə, onların reinteqrasiyası üçün dialoqa başlamağa hazır olduğunu dəfələrlə bildirib.

Görünür, Ermənistan və erməni diasporu lobbi dairələri vasitəsilə bu prosesi pozmağa çalışır. Yəni Azərbaycandakı ermənilərin “hüquqları pozulur. Bu səbəbdən onlar Azərbaycana reinteqrasiya oluna bilməz”. Yenə də əsas niyyət Qarabağdakı ermənilərin “xilası”nın Ermənistanda olduğunu sübut etməkdir.

Amma Azərbaycan dövləti reinteqrasiya prosesində məcburiyyəti deyil, könüllülük prinsipini təklif edir. Reinteqrasiya olmaq istəməyən, yaxud “xilas”ını və hüquqlarının təminatını Ermənistanda görən istənilən erməni sakin köçüb gedə bilər. Laçın yolu açıqdır...

Müşfiq
Cebhe.info