Azərbaycan bütün türk dünyası üçün savaşda

“Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir”.
Bunu Prezident İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, növbəti illərdə də bu dəstək göstərilməlidir:
“Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır”.
Prezident İlham Əliyevin bu sözlərinin çox böyük mənası var. Bu, həm də Azərbaycanın türk birliyi üçün verdiyi böyük mübarizə anlamına gəlir. Reallıq odur ki, Azərbaycan türk dünyasının əsas aparıcı ölkələrindən biridir.
Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə yaradılan Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatı 2022-ci ilin sentyabr ayında İstanbulda keçirilən zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatına çevrildi və xüsusi beynəlxalq təşkilatlar sırasında daxil oldu:
“Əlbəttə ki, Azərbaycan coğrafiya etibarilə türk birliyinin ortasındadır. Buna görə də ölkəmiz türk dünyasının qarşılıqlı şəkildə inteqrasiya etməsi və əlaqələrin gücləndirilməsində mühüm coğrafi rol oynayır. Eyni zamanda, Azərbaycan türk xalqlarının birliyi üçün həm də mühüm ideyalar və təkliflərlə çıxış edir. Hazırkı mərhələdə beynəlxalq münasibətlər sistemində türk xalqlarının hamısının maraqlarına uyğun olan yeni birlik yaranıb”.
Millət vəkili vurğulayıb ki, ötən gün Azərbaycanda başqa bir mühüm tədbir baş tutdu:
“Bu, fövqəladə hallarda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bir-birinə qarşılıqlı yardım etməsi ilə bağlı imzalanan sənədlə başa çatdı. Bu görüşdə Azərbaycan Prezidenti 21-ci əsrdə türk dünyasının fəaliyyət istiqamətlərini təyin edəcək bir çağırışla çıxış etdi. Prezident “Türk dünyası böyük bir ailədir” fikrini səsləndirdi. Yəni 2009-cu ildə başlanan türk dövlətlərinin təşkilatlanması prosesi 2022-ci ildə yeni bir mərhələyə daşındı. İndi isə artıq Prezident İlham Əliyevin bu fikri 21-ci əsrdə türk xalqlarının fəaliyyətinin əsasını təşkil edəcək bir çağırışa çevrildi.
Əlbəttə ki, hazırda dünyada baş verən qlobal, geosiyasi proseslər konteksində tək bir dövlət öz təhlükəsizliyi və maraqlarını qoruya bilməz. Ona görə də türk xalqları əcdadlarımızdan bizə miras qalan böyük Turan coğrafiyasında olan potensialı birləşdirərək, yeni dünya nizamında özünün missiyasını, rolunu, nüfuzunu müəyyən edə bilər. Düşünürəm ki, bu yolda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikir bir ana tezisdir”.
Elmir Mustafa
Cebhe.info