Azərbaycanın marağına uyğun sülh: “Oyunu” pozmağa cəhdlər var

Azərbaycanın marağına uyğun sülh: “Oyunu” pozmağa cəhdlər var

Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Siyasi Şurasının iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək növbəti sammiti çərçivəsində görüşəcək.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında aparılan müzakirələrin qrafikinin kifayət qədər intensiv və sıx olması, həmçinin rəsmi İrəvanın son açıqlamaları sülh sazişi ilə bağlı tərəflərin mövqelərin xeyli yaxınlaşdığını göstərir. Bu isə liderlərin Kişinyovda və ya iyul ayında Brüsseldə keçiriləcək görüşündə yekun sülh sənədin imzalanacağına dair ehtimalları artırır. Kişinyov görüşünə bir neçə gün qaldığını nəzərə alsaq, bu müddətdə müqavilənin hazır olacağını demək çətindir.

Ancaq tərəflərin Kişinyov sammitinə qədər sülh təkliflərinə daxil olan mübahisəli bəndlərin bir neçəsi üzrə razılıq əldə etməsi daha realdır. Ancaq sülh prosesində əlçatanlığın artmasını pozacaq risklər hələ qalmaqdadır. Xüsusilə də Kişinyov görüşünə Fransanın vasitəçi kimi qatılmaq səyləri Azərbaycan-Ermənistan danışıqlarında növbəti qırılma nöqtəsinə çevrilə bilər.

Əgər müzakirələr Brüsseldə olduğu kimi Avropa İttifaqı Siyasi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutsaydı, o halda müsbət nəticələrin əldə olunacağını proqnozlaşdırmaq daha asan olardı. Çünki Brüssel formatı çərçivəsində keçirilən görüşlərdə əldə olunan razılaşmalar və Şarl Mişelin səmimi şəkildə tərəflər arasında konsensusun tapılmasına çalışması qarşılıqlı etimad mühitinin formaslaşmasına gətirib çıxarıb. Lakin ötən il oktyabrın 6-7-də adıçəkilən Şuranın Çexiyanın paytaxtı Praqada keçirilmiş toplantısı çərçivəsində Mişel, Əliyev və Paşinyan arasında aparılan müzakirələrə Fransa Prezidentinin müdaxiləsi üçtərəfli formatı pozmaqla yanaşı, faktiki olaraq sülh prosesinin dağılmasına səbəb oldu.

Bu baxımdan, Emmanuel Makronun yenidən görüşə qatılmaq istəyinin həqiqətən sülhə töhfə vermək niyyətindən irəli gəldiyi şübhə doğurur. Fransa Prezidentinin müzakirələrdə iştirakının Ermənistanı güzəşt mövqeyindən çəkindirmək üçün növbəti təxribat məqsədi daşıması istisna olunmur ki, bu da danışıqların pozulması və bölgədə gərginliyin artması ilə nəticələnə bilər. Ona görə də Azərbaycan əvvəldən E.Makronun görüşə müdaxiləsinin əleyhinə olduğunu bildirib. Lakin sonradan Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda baş tutacaq danışıqlarında Almaniya Kansleri Olaf Şoltsun da iştirakına dair razılaşmanın əldə olunması Fransanın görüşə qatılmasına şərait yaradıb.

Artıq görüşün beştərəfli formatda baş tutacağı gözlənilir. Ancaq Almaniyanın vasitəçi statusunda prosesə qoşulması ilə sülh prosesinə münasibətdə balansın təmin olunacağını və bunun ciddi razılaşmaya gətirib çıxaracağını demək çətindir. İlk növbədə, Almaniyanın beynəlxalq münaqişələrin həlli ilə bağlı ciddi vasitəçilik təcrübəsi yoxdur. Almaniya 2014-cü ildə Rusiya-Ukrayna münaqişəsinin həllinə dair Minsk və ya “Normand” formatına cəlb olunsa da, bu missiya ölü qurum kimi fəaliyyət göstərib. İkincisi, Almaniya dövləti Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gündəliyi barədə dəqiq məlumata malik deyil. üçüncüsü, Almaniya hakimiyyətinə erməni diasporunun və erməni lobbisinin təsiri böyükdür.

2016-cı ildə Almaniya Bundestaqı 1915-ci ildə Türkiyədə baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilin mart ayında Almaniyaya rəsmi səfəri zamanı Kansler Şolts münaqişənin “Dağlıq Qarabağ xalqı”nın maraqlarına uyğun həllinin vacibliyinə dair fikir söyləyib. Azərbaycanın etirazından sonra bunun qanunsuz olduğunu anlayan Almaniya hökuməti sonradan həmin ifadəni kanslerin rəsmi saytından silib.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də Almaniyaya rəsmi səfəri zamanı Olaf Şolts “Biz “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq” kimi ikibaşlı ifadə işlədib. Ona görə Almaniyanın danışıqlarda obyektiv mövqe tutacağı və ya onu irəliyə aparacağını iddia etmək olmaz.

Qeyd edək ki, Fransa və Almaniyanın daxil olduğu Rusiya-Ukrayna münaqişəsinin həllinə dair birgə vasitəçilik institutu, nəinki problemi həll etməyib, əksinə daha ağır, 100 minlərlə insanın həyatına son qoyan qanlı müharibəyə gətirib çıxarıb. Xüsusilə də hər iki ölkə rəhbərliyinin korporativ maraqları üstün tutaraq Rusiya ilə münasibətlərə xələl gətirməmək siyasəti münaqişənin aradan qalxmasına mane olan əsas səbəblərdən birini təşkil edir.

“Normand” (Rusiya, Ukrayna, Almaniya, Fransa) formatının bitərəflik prinsipini pozması, Ukraynanın ərazi bütövlüyünü müdafiə etməməsi, işğal faktını tanımaqdan yayınması problemin daha ağır şəkil alması ilə nəticələndi. Bu baxımdan, hazırda Ukraynadakı müharibəyə görə Rusiyaya sanksiyalar tətbiq edən Fransa və Almaniyanın da bu işğalçı müharibənin baş verməsində məsuliyyəti heç də az deyil. Ukraynanın qlobal güclərin müharibə meydanına çevrilməsi həm də Fransanın və Almaniyanın “Normand” formatında yarıtmaz fəaliyyətinin nəticəsidir.

Eləcə də Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyi 24 il ərzində keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində, nəinki cüzi irəliləyişə nail olmaması, əksinə işğalçı tərəfin mövqeyini dəstəkləməsi sülh danışıqlarına daima zərbə vurub. Maraqlıdır ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə və regionda status-kvonun dəyişməsinə rəğmən, Fransa yenə də sülh prosesini baltalamaqda davam edir.

Ona görə də Makronun və Şoltsun Kişinyov görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə sadəcə, mane olmaması prosesin davam etməsi üçün kifayətdir. Azərbaycan və Ermənistan arasında aparılan son müzakirələrin təhlili sülh sazişinə aparan yolun Vaşinqtondan keçdiyini deməyə əsas verir.

Yəni Vaşinqton formatı Brüssel və Moskva platformalarından daha məqbul görünür. Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirinin azalmasında və sülhməramlı qüvvələrin Qarabağdan çıxmasında maraqlı olan ABŞ prosesin irəliyə daşınmasına çalışır. Bu baxımdan, ABŞ sülh müqaviləsinin tezliklə reallaşması üçün Paşinyan hakimiyyətinə təzyiq edərək Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində rəsmi Bakının suverenliyini tanımağı tələb edir.

Bu da Azərbaycanın maraqlarına tam uyğundur. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, eləcə də Qarabağı Azərbaycan ərazisi kimi tanıması barədə son açıqlamalarının birbaşa Vaşinqtondan göndərilmiş tezislər əsasında səsləndiyi şübhə doğurmur. Qeyd edək ki, Brüssel formatı da yarandığı vaxtdan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm razılaşmalar əldə olunub.

Ancaq Fransanın istədiyi vaxt Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərə müdaxilə edərək “oyunu” pozmaq səyləri Brüssel formatının təminatlı olmasına və etibarlılığına şübhə yaradır. Vaşinqton platformasında isə Fransanın bu imkanı yoxdur.

Müşfiq Abdulla
Cebhe.info