Dünya düzənini dəyişəcək layihə: Azərbaycan və Türkiyə mövqeyini möhkəmləndirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan, Səudiyyə Ərəbistanı və Avropa Birliyi liderlərinin Türkiyədən yan keçərək Cənubi Asiyanı Avropa ilə birləşdirəcək ticarət dəhlizi yaratmaq planlarına etiraz edib.
Cebhe.info-nun məlumatına görə, bu barədə “Middle East Eye” nəşri yazıb.
“Biz Türkiyəsiz dəhlizin olmadığını deyirik. Türkiyə vacib istehsal və ticarət bazası hesab olunur. Şərqdən Qərbə ən əlverişli xətt Türkiyədən keçməlidir”, - Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Nəşr yazır ki, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (İMEC) adlanan nəqliyyat xətti yüklərin Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının limanlarına, oradan dəmir yolu ilə İordaniya və İsraildən keçərək Aralıq dənizi sahilinə daşınmasını nəzərdə tutur. Layihə üzrə yüklərin Yunanıstana və Avropaya çatdırılması üçün dəniz marşrutlarının yaradılmasına dair razılaşma əldə olunub. Bu dəhliz üzrə anlaşmanı memorandumu Avropa Birliyi, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və digər G20 tərəfdaşları imzalayıb.
Layihənin əsas məqsədlərindən biri yüklərin çatdırılma müddətinin 40 faiz azaldılması və digər xərclərə, o cümlədən yanacağa qənaət etməkdir. Lakin indiki vəziyyətdə layihə Türkiyədən yan keçir.
Qeyd edək ki, Çinlə Avropa arasında yük daşımalarını nəzərdə tutan “Bir kəmər-Bir yol” layihəsi və onun tərkib hissəsi olan “Orta dəhliz”in Avropa-Türkiyə-Azərbaycan-Mərkəzi keçməsi nəzərdə tutulur. Bu isə Türkiyənin həm beynəlxalq strateji əhəmiyyətini, həm də Cənubi Qafqazda və Mərkəzi Asiyada regional rolunu artırır. Bu baxımdan, daşımaların Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilməsini istəyən Türkiyə bu marşrutun reallaşmasına ciddi dəstək verir.
Zəngəzur dəhlizi həm də Türkiyənin Azərbaycanla və türk dünyası ilə birbaşa quru yolu əlaqəsini təmin edir. Son zamanlar İranın Azərbaycana təzyiqlərinin artması və Zəngəzur dəhlizinə mane olmaq cəhdləri də məhz Türkiyənin regionda artan təsirinin qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda, Hindistanın Cənubi Qafqaza marağının artması və Ermənistanı Azərbaycana qarşı fəal silahlandırması da “Orta dəhliz”də münaqişə yaratmaqla Çinə mənfəət gətirəcək bu layihənin reallaşmasına mane olmağa xidmət edir. ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra kommunikasiyaların açılması üçün imkan yaranıb ki, bu da Azərbaycanı və Türkiyəni “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin keçdiyi geostrateji əhəmiyyətə malik qovşağa çevirib.
Ukraynada müharibə başladıqdan sonra Rusiyanın Qərb bazarlarına çıxışının bloklanması Cənubi Qafqaz regionunun və Türkiyənin əsas nəqliyyat dəhlizi kimi rolunu artırıb. Lakin G20 sammiti vəziyyəti qəfil dəyişdi. “IMEC” sazişi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinə Qərbin marağını aradan qaldıra bilər.
Yeni dəhliz Türkiyə, Rusiya və İrandan yan keçməyə hesablanıb. Prezident Ərdoğanın etirazı da bununla bağlıdır. Bu layihədən kənarda qalan dövlətlər - Çin, Rusiya və İranın Fars körfəzi regionunda münaqişə yaratmağa çalışacağı ehtimalı var. Nəticədə, İran çox güman ki, diqqətini şimal sərhədlərindən, yəni Cənubi Qafqazdan cənub sərhədlərinə-Fars körfəzinə və Yaxın Şərqə yönəldəcək. Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə körfəz uğrunda mübarizə ilə əvəz ediləcək.
Çinin və Rusiyanın da bu prosesdə İrana aktiv dəstək verəcəyi gözlənilir. Bu da Azərbaycan-İran münasibətlərindəki gərginliyin azalmasına və hətta əməkdaşlıq müstəvisinə qayıtmasına gətirib çıxara bilər. “IMEC” layihəsi Hİndistanın Cənubi Qafqaza marağını və “Orta dəhliz”ə mane olmaq istəyini azalda bilər. Bu isə Hindistanın Ermənistana aktiv dəstəyinin strateji tərəfdaşlıq səviyyəsindən sadəcə dostluq və əməkdaşlıq müstəvisinə enməsi deməkdir.
Çox güman ki, yeni nəqliyyat dəhlizi bu layihədən kənarda qalan Türkiyə, Çin, Rusiya, İran, Azərbaycan, Pakistan, Gürcüstan və Mərkəzi Asiya ölkələrini “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin etmək üçün yaxınlaşdıra bilər. Bu isə adıçəkilən dövlətlərin Çin ətrafında iqtisadi konsolidasiyasına gətirib çıxara bilər. Nəticədə, istehsalat, ixracat və istehlak potensialı Hindistandan dəfələrlə böyük olan Çin yalnız Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda və Rusiya üzərində təsirini artıra bilər.
"IMEC" layihəsinin reallaşması Rusiya-Ukrayna müharibəsinin nəticəsindən də çox asılıdır. Əgər Rusiya bu müharibədə Qərb-Ukrayna koalisiyası qalib gələrsə, qarşıdurma mühiti sülh və əməkdaşlıq müstəvisinə keçəcək. Sülhün imzalanmasından sonra sanksiyaların ləğvi və Rusiyanın Qərb bazarlarına çıxışı bərpa oluna bilər. Bu da öz növbəsində Rusiya üzərindən keçən və Avropa bazarlarına çıxan kommunikasiyaların blokdan açılması deməkdir. Bu halda “IMEC” yeganə nəqliyyat dəhlizinə deyil, əsas marşrutlardan birinə çevrilə bilər.
Müşfiq Abdulla
Cebhe.info