Ərdoğanın rəqibi olaraq göstərilən Mansur Yavaş kimdir? 

Ərdoğanın rəqibi olaraq göstərilən Mansur Yavaş kimdir? 

Türkiyədə gələn il keçiriləcək prezident seçkilərinə 7 ay qalıb, amma müxalifətin namizədinin kim olacağı hələ də öz təsdiqini tapmayıb.

Hazırda prezidentlik mübarizəsində iki koalisiya var. Onlardan biri hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfindən qurulan "Cümhur İttifaqı"dır. Digəri isə Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası (DEVA) ilə Demokrat Partiyasından formalaşan "Millət İttifaqı"dır. Proseslərin başından bəri "Cümhur İttifaqı"nın namizədi bəllidir.

O, indiki Prezident və AKP-nin sədri Rəcəb Tayyib Ərdoğandır. Lakin aylardır müzakirələr getməsinə baxmayaraq, "Millət İttifaqı" hələ də vahid namizəd seçə bilməyib. İndiyə kimi namizədlik üçün adı ən çox ön plana çıxan 3 CHP üzvü var. Onlar partiyanın sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşdır. Ötən yazılarımızda Kamal Kılıçdaroğlu və Əkrəm İmamoğlunun namizədlik ehtimalı ilə bağlı mülahizələrimizi və son vəziyyəti analiz etdik.

Bu dəfə isə adı namizədlikdə hallanan digər namizədin - Mansur Yavaşın namizədliyindən bəhs edəcəyik. 67 yaşlı Mansur Yavaşın siyasi karyerasında olduqca diqqətçəkən məqamlar var. Belə ki, 13 il boyunca vəkil olan Yavaş, 1989-cu ildən siyasətə olan marağı səbəbilə karyerasını dəyişməyə qərar verir. Siyasi karyersında isə üç fərqli partiyada olub.

O, karyerasına 1989-cu ildə Milliyyətçi Çalışma Partiyasında (MÇP) başlayıb. 1993-cü ildə partiyanın bağlanmasından sonra yoluna Milliyətçi Hərəkat Partiyasında (MHP) davam edib. 1994-cü il seçkilərində MHP üzvü olaraq Beypazarı Bələdiyyəsinin sədrliyi üçün namizəd olmasına rəğmən, qalib gələ bilməyib. Buna baxmayaraq, hədəfindən vaz keçməyən Yavaş, 1999-cu ildə yenidən bu vəzifə üçün MHP-nin namizədi olub. Lakin bu dəfə fərqli nəticələr qeydə alınır və o, 51% səslə Beypazarı Bələdiyyəsinin sədri seçilib. 2004-cü il seçkilərində isə reytinqini artıraraq rəqiblərinə 55 faiz səslə qalib gəlib.

2009-cu ilə qədər vəzifəsinə davam edən Yavaş artıq Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri olmağı hədəfləyib. Bu səbəbdən də 2009-cu ildə Ankaranın meri olmaq üçün çalışmalara başlayıb. Amma MHP-nin namizədi olaraq girdiyi seçkilərdə AKP-nin namizədi İbrahim Melih Gökçek və CHP-nin namizədi Murat Karayalçından az səs toplayıb və seçkini 3-cü yerdə başa vurub.

O, 2013-cü ildə 2014-cü il seçkilərə hazırlıqlara başlayıb və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrliyi uğrunda mübarizə aparmaqdan vaz keçmədiyini bəyan edib. Mənsub olduğu MHP-də isə bu istəyə müsbət yanaşmayıblar. Partiyadaxili çəkişmələr yüksələn xətlə inkişaf etdiyi bir vaxtda CHP sədri Kamal Kılıçdaroğludan sürpriz bir təklif gəlib. O, Mansur Yavaşı CHP-yə dəvət edib və onu Ankara Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd göstərmək istədiklərini söyləyib. Bu təklifi qəbul edən Yavaş 2013-cü ildə Milliyyətçi Hərəkat Partiyasından ayrılaraq, Cümhuriyyət Xalq Partiyasına keçib. Bu, onun karyerasının dönüş nöqtələrindən biri sayılır. Bütün bunlara baxmayaraq, Mansur Yavaş növbəti dəfə məqsədinə çata bilmir.

Çünki 30 mart 2014-cü ildə Ankara merliyi uğrunda keçirilən seçkilərdə 43,8% səs toplayaraq məğlub olur. O, yenə də AKP-nin namizədi olan İbrahim Melih Gökçekə ududzur. Yavaş Gökçek ilə girdiyi mübarizədə sadəcə 1 faiz səs fərqi ilə məğlub olur. Əslində AKP-nin namizədi olan və kifayət qədər yüksək reytinqə sahib Gökçek qarşısında bu qədər çox səs toplayan Yavaş yenidən diqqətləri üzərinə çəkir. Bunun ardınca isə CHP və Mansur Yavaş seçkiyə müdaxilə olduğunu iddia edərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edirlər, ancaq tələbləri geri çevrilir.

Bütün bu gərginlik fonunda isə Mansur Yavaş 17 yanvar 2016-cı ildə CHP üzvlüyündən istefa verir. Lakin bu, ayrılıq qısamüddətli olur. CHP sədri Kamal Kılıçdaroğlu 2018-ci ildə növbəti dəfə Mansur Yavaşa Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrliyi uğrunda mübarizəyə qoşulmağı təklif edir. Yavaş bu dəfə də təklifə müsbət cavab verir və hədəfi uğrunda daha bir cəhd edir.

Beləliklə, CHP üzvü Mansur Yavaş 2019-cu il seçkiləri üçün "Millət İttifaqı" tərəfindən Ankara Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd elan olunur. O, 10 il sonra məqsədinə çataraq, 31 mart 2019-cu ildə keçirilən seçkilərdə səslərin 50,93 faizini toplayaq Ankaranın 6-cı meri seçilir. Mansur Yavaş bu seçkidəki əsas rəqibi AKP-nin namizədi Mehmet Özhasekidən təxminən 3,81 faiz çox səs toplamağa nail olur.

O, Ankara meri olduğu dövrdə isə populyarlığını və reytinqini xeyli artırıb. Xüsusilə koronavirus dönəmində apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanıb. Həmçinin, yoxsul ailələr üçün sosial yardım paketləri hazırlaması, bələdiyyənin məclis toplantılarını və tenderləri sosial şəbəkələrdən canlı yayımlamağa başlaması və bütün bayramlarda ictimai nəqliyyatdan istifadəni pulsuz etməsi Yavaşın əsas diqqətçəkən qərarları idi.

Bundan başqa, 914 kəndə pulsuz internet verilməsi və tələbə evləri üçün 50% güzəştli su tarifi tətbiqinə başlanılması da onun dəstəkçilərinin sayını artırıb. Onu da əlavə edək ki, Mansur Yavaş 14 sentyabr 2021-ci ildə "Dünya Bələdiyyə Sədri Paytaxt Mükafatı"nı qazanıb. Bütün bunlar onun nüfuzunun artmasına və prezidentliyə potensial namizəd olaraq ön plana çıxmasına səbəb olub. Məhz bu səbəbdəndir ki, son illərdə CHP və "Millət İttifaqı" daxilində Mansur Yavaşı prezidentliyə namizədi kimi görənlərin sayı xeyli artıb.

Müxalifət düşərgəsində Rəcəb Tayyib Ərdoğanın qarşısına çıxarılacaq ən güclü rəqib olaraq da məhz Mansur Yavaşın adı çəkilir. Təbii ki, bunun da səbəbi var. Yəni potensial namizədlər arasında Yavaş İmamoğlu və Kılıçdaroğludan daha yüksək səs toplayır. Bu keçirilən sorğularda özünü aşkar şəkildə göstərir. Nə qədər dəqiq olması bilinməsə də, hətta bəzi anketlerdə Rəcəb Tayyib Ərdoğanı da qabaqlaya bilir.

Dünyanın bütün ölkələrindəki seçkilərlə bağlı praymeriz keçirən məşhur "MetroPOLL" şirkətinin son sorğusunda Mansur Yavaş Rəcəb Tayyib Ərdoğandan öndə olub. Həmin anketin göstəricilərinə görə, müxalifətin bütün üzvləri arasında Ərdoğandan yüksək səs toplayan yeganə şəxs Yavaşdır. Həmçinin, müxtəlif şirkətlər tərəfindən keçirilən seçkilərdə də buna bənzər nəticələr qeydə alınır. Belə ki, keçirilən sorğularda Prezident Ərdoğan namizədlik ehtimalı olan Kılıçdaroğlu və İmamoğlunu böyük fərqlə qabaqlayır. Yavaşın adı qeyd olunan anketlərdə isə başqa bir mənzərə yaranır. Əlbəttə ki, başqa anketlərdə fərqli nəticələrin olduğunu da unutmaq olmaz.

Belə ki, Ərdoğanın birinci, Yavaşın ikinci sırada olduğu böyük sayda anketlerə və ya rəy sorğularına də rast gəlmək mümkündür. Müxalifətdə olan bəzi siyasi partiyalar da məhz buna görə onun namizədliyini dəstəkləyir. Lakin bu günə qədər bununla bağlı ciddi bir addım atılmayıb. İddialara görə, bunun da əsas səbəbi Kamal Kılıçdaroğlunun qərarsız olmasıdır.

CHP sədri siyasi karyerasının sonunda özü də meydana atılmaq və son şansını yoxlamaq üçün olduqca istəklidir. Əkrəm İmamoğlu və Mansur Yavaşın namizədliyinin qarşısındakı ən böyük əngəl də məhz budur. Bu isə istər CHP, istərsə də "altılı masa" daxilində ciddi narazılıqla qarşılanır. Xüsusilə İYİ Partiya üzvlərinin Mansur Yavaşın namizəd göstərilməsi üçün partiya sədri Meral Akşenerə ciddi təziq göstərdiyi deyilir.

Həmçinin, Akşenerin də onun namizədliyini dəstəklədiyi və "Yavaş namizəd olmazsa, masadan qalxaram" deməsi ilə bağlı siyasi kulislərdə məlumatlar yayılır. Son 2 ayda Meral Akşener və Mansur Yavaş arasında həm ikili, həm də vasitəçilər yolu ilə görüşlər keçirildiyinə dair də məlumatlara rast gəlinir. üstəlik, Akenerin Yavaşa "100 min imza toplayaraq, namizədliyini irəli sürək" dediyi də iddia olunur. Bütün bunlara baxmayaraq, Ankara merinin təkliflərə müsbət yanaşmadığı söylənilir. Yavaşa yaxın mənbələr isə onun "Kılıçdaroğluna vəfa borcum var, onun istəyi olmadan namizəd olmaram" dediyini söyləyir.

Onun vəfa borcu dediyi də məhz Ankara merliyinə gedən yoldur. Yuxarıda da qeyd etdiyimiz kimi, Yavaş 2 dəfə Ankara merliyi uğrunda girdiyi yarışda məğlub olmuş, birinci məğlubiyyətdən sonra MHP onun növbəti dəfə namizəd olmasına qarşı çıxmışdı. Məhz Kamal Kılıçdaroğlunun təklifi ilə CHP-yə qatılıb seçkiyə girən Yavaş ikinci dəfə məğlub olmasından sonra buradan da ayrılsa da, yenidən Kılıçdaroğlu ona inanaraq partiyaya qatılmasına və seçkiyə girməyə razı saldı.

Yəni Kılıçdaroğlu sayəsində 10 il boyunca arzuladığı hədəflərdən birinə çatan, üstəlik bu yolda 2 dəfə məğlub olmasına rəğmən etimad göstərilməsi Yavaşı indi fərqli addım atmağa sövq edir.

O, bütün bunlara görə Kılıçdaroğlunun təsdiqi olmadan nə olursa-olsun namizəd olmağı düşünmür. Məsələyə bir digər aspektdən yanaşsaq, CHP-nin dəstəyini almayan müxalifət namizədinin uğur qazanacağı da inandırıcı olmadığını görərik. Onu da bildirək ki, cəmiyyət arasında da Mansur Yavaşın tərəfdarlarının sayı hər keçən gün artır. Lakin seçkilərin fərqli atmosferdə keçdiyi və sürprizlərin yaşana biləcəyini də əvvəlki illərdə müşahidə etmişik.

Sorğuların hər zaman özünü doğrulda bilmədiyi də reallıqdır. Analtiklər hər ehtimala qarşı bildirirlər ki, Yavaş seçkidə hətta məğlub olsa belə bu, onun üçün son şans deyil. Çünki Mansur Yavaş Beypazarı Bələdiyyəsi sədrliyi üçün yarışdığı ilk mübarizədə və Ankara Böyük Şəhər Bələdiyyəsi sədriliyi üçün mübarizə apardığı iki seçkidə məğlub olmuşdu.

Nəticə etibarilə, o, heç birində hədəfindən geri çəkilmədi və qalib olana qədər mübarizə apardı. Yəni Mansur Yavaş 2023-cü ildə məğlub olsa belə, indidən növbəti seçkilərin əsas favoritləri sırasındadır. Bəzi siyasi ekspertlər isə onun karyerası üçün məğlubiyyəti qələbənin başlanğıcı kimi qiymətləndirirlər. Qarşıdakı seçkidə isə rəqabətin iki güclü namizəd arasında keçəcəyini ehtimal edənlər çoxdur.

Bunlardan biri - Prezident Rəcəb Tayyib Ərdoğandır. Bəs onun alternativi kim olacaq? Maraqlısı budur. Bir reallığı da unutmayaq ki, kimin namizəd olmasından və prezident seçilməsindən asılı olmayaraq, Azərbaycan ilə Türkiyə qardaşlığı əbədidir və sonsuza qədər belə davam edəcək.

Elmir Mustafa
Cebhe.info