Erməni separatçıları növbəti təxribata əl atırlar?

Erməni separatçıları növbəti təxribata əl atırlar?

Rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə mövcud qondarma rejim Azərbaycana qarşı yeni mübarizə metoduna keçirlər.

Qeyd edək ki, Qarabağda erməni separatçıları müxtəlif bəhanələr gətirməklə Sərsəng su anbarında suyun səviyyəsini aşağı salmaq istəyirlər. Məqsəd də Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktını başlatmaqdır.

Qarabağda separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında "yaranmış vəziyyətlə əlaqədar olaraq" Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq.

Hamımız yaxşı bilirik ki, 30 illik işğal dövründə erməni separatçıları məqsədyönlü şəkildə dəfələrlə Sərsəng su anbarında suyun səviyyəsini azaldıblar. Bu da Azərbaycanın Qarabağ ətrafı rayonlarında geniş susuzluğa səbəb olub və hektarla əkin sahələrinin məhv olmasına gətirib çıxarıb.

Arutyunyan bu açıqlamasında sözün əsl mənasında Azərbaycanı təhdid etməyə çalışır.

ümumiyyətlə, separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini azaltmaqla hansı məqsədi güdür? Separatçılar bununla nəyə nail olmaq istəyirlər?

Xatırladaq ki, martın 26-da Ermənistandan Qarabağa rus sülhməramlılarının müşahidəsi altında hərbi ləvazimatların, silah-sursatın, habelə canlı qüvvənin qeyri-qanuni daşınmasına imkan yaradan Laçın dəhlizinin şimalındakı Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi nəticəsində erməni separatçıların məkrli planları alt-üst olub.

Azərbaycanın hərbi-siyasi rəhbərliyi Laçın istiqamətində növbəti uğurlu addımı erməni separatçılarına, eləcə də rus sülhməramlılarına ağır zərbə vurub.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu üzərində nəzarət bərpa edilməklə Qarabağ və Ermənistan arasında bütün məxfi kommunikasiyalar sıradan çıxdı. Çox çətin ki, erməni separatçıları bundan sonra Ermənistanla Qarabağı birləşdirən digər gizli yollar tapsınlar.

Azərbaycan Ordusuna qarşı silahlı təxribata əl atmağın ağır nəticələrini yaxşı başa düşən Arutyunyan və digər separatçı ünsürlər indi çıxış yolunu Sərsəng su anbarında suyun azadılmasında görürlər.

Düşünürlər ki, Azərbaycanın bir çox rayonlarında quraqlıq yaratmaqla öz tələblərini Azərbaycan rəhbərliyinə qəbul etdirə biləcəklər. Bu cür yola baş vurmaqla öz amalına, daha doğrusu, Azərbaycan hərbçilərinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan geri çəkilməsinə nail olacaqlarını hesab edirlər.

Hətta Rusiya sülhməramlı kontigenti rəhbərliyinin də erməni separatçılarının növbəti təxribatına dəstək göstərəcəkləri istisna edilmir.

Amma Azərbaycana atılan istənilən ox öz hədəfinə çatmayacaq. Nə erməni separatçıları, nə də rus sülhməramlıları öz istəklərinə və məramlarına nail ola bilməyəcəklər. Qarabağda təxribat xarakterli hərəkətlərə və davranışlara əl atılsa da, onların hamısı boşa çıxacaq. Azərbaycan rəhbərliyi Sərsəng su anbarında məsələnin həll edilməsinin yolunu da yaxşı bilir.

Onsuzda Qarabağda son proseslər, qeyri-qanuni erməni silahlılarının mövcudluğu, erməni separatçılarının təxribatları, o cümlədən rus sülhməramlılarının fəaliyyətsizliyi Azərbaycanın səbr kasasını daşdırıb. Yaxın zamanda ölkəmizin qanuni ərazilərində ciddi tədbirlərin görüləcəyinə şahidi olacağıq.

Yunis Abdullayev
Cebhe.info