Ermənilər sərhəddəki missiyadan da narazıdır: Azərbaycana görə

Ermənilər sərhəddəki missiyadan da narazıdır: Azərbaycana görə

Ermənistan mətbuatı Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqının mülki missiyasının fəaliyyətini tənqid edib.

"Hraparak" qəzeti avropalı müşahidəçilərin sərhəddəki insidentlərlə bağlı susmaqda və Azərbaycana qarşı Ermənistanla eyni mövqedən çıxış etmədiyinə görə ittiham edib. Qeyd edək ki, Ermənistandan olan ekspertlər və media da 2022-ci ilin ilin oktyabr-dekabr aylarında Azərbaycanla sərhəddə montorinq aparmış birinci mülki missiyanın da fəaliyyətindən narazılığını bildirmişdi. Bu dəfə də oxşar vəziyyət müşahidə olunur.

"Hraparak" iddia edir ki, azərbaycanlılar Şərqi Zəngəzurda yerləşən Qaragöl gölünün ərazisində Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu, 37 yaşlı Xndzoresk kəndinin (əsl adı Xinzirəkdir-red.) sakini, üç uşaq atası Martin Gülnacaryanı oğurlayıblar. “Bundan başqa, müqaviləli hərbçi Ermənistan Respublikasının suveren ərazisində mövqelərdə döyüş növbətçiliyi çəkən hərbi qulluqçulara yemək apararkən əsir götürülüb. Maraqlıdır ki, Avropa İttifaqının Ermənistandakı müşahidəçiləri insidentlə bağlı susur. Nikol Paşinyan isə Aİ müşahidəçilərinin Ermənistanın bütün sərhədi boyunca yerləşdiriləcəyi və sərhəd hadisələrini izləyəcəkləri, təxribat xarakterli hərəkətlər edənlərin qeydə alınacağı barədə iddialı bəyanatlar səsləndirib”-deyə qəzet yazır.

Bu məqalə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət və avropalı müşahidəçilərin fəaliyyəti ilə bağlı bir neçə qənaətə gəlməyə əsas verir. İlk növbədə, erməni hərbi qulluqçuların oğurlanması və ya əsir götürülməsi barədə məlumatı nə Azərbaycan, nə də Ermənistan tərəfi rəsmən təsdiq edib. Əgər belə fakt olsaydı, Ermənistan Müdafiə Nazirliyi açıqlama yayardı və hətta Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət edilərdi. Lakin mətbuatda yazılanlar sübutunu tapmayıb.

İkincisi, Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmiş mülki missiya ermənilərin gözləntilərinin əksinə olaraq, konkret tərəf tutmaq və siyasi mövqe ortaya qoymaq niyyətində deyil. Yəni vəziyyətə qiymət vermək missiyanın deyil, montorinq qrupunu göndərən Avropa İttifaqının rəhbər strukturlarının və dövlətlərin səlahiyyətinə daxildir. Mülki missiyanın mandatı sərhəddəki eskalasiya hallarını, atəşkəsin pozulmasının vaxtı, səbəb və nəticələrini qeydə almaqdan ibarətdir. Ermənistan tərəfi missiyanın Azərbaycanla həmsərhəd ərazilərin ermənilərə məxsus olduğunu iddia edən bəyanatlar verəcəyini gözləyir. Ermənilərin düşüncəsinə görə, Avropa İttifaqının monitorinq qrupu beynəlxalq platformalarda Azərbaycana qarşı istifadə etmək üçün siyasi bəyanatlar verməklə məşğul olmalıdır. Lakin avropalı müşahidəçilərin neytral mövqe tutması görünür, erməniləri məyus edib. Ona görə də sərhəddə hərbçilərin oğurlanması barədə dezinformasiyaları dövriyyəyə buraxmaqla missiya üzvlərini Azərbaycana əleyhinə siyasi kampaniyaya qoşmağa çalışırlar.

Müşfiq Abdulla
Cebhe.info