Ermənistan Qarabağdan rəsmən imtina edir

Ermənistan Qarabağdan rəsmən imtina edir

Ermənistanda bu ilin yaz aylarında konstitusiya referendumu keçiriləcəyi barədə məlumatlar öz təsdiqini tapdı.

Baş nazir Nikol Paşinyan bildirib ki, konstitusiya referendumu mütləq yazda keçiriləcək və Mərkəzi Seçki Komissiyası artıq onun təşkili ilə bağlı hazırlıq işləri aparır.

““Dağlıq Qarabağ” ətrafında vəziyyət mürəkkəbləşsə də, Ermənistan hakimiyyəti ardıcıl olaraq konstitusiya dəyişiklikləri üzərində işləyir. Gələn həftə konstitusiya dəyişiklikləri komissiyası layihənin yekun variantının müzakirəsini aparacaq. Hakimiyyətə xidmət edən bir sıra hüquqşünasların da iştirak etdiyi tam versiya ilə bağlı artıq peşəkar müzakirələr aparılıb. Bir sıra aparıcı hüquqşünaslar prosesə dəvət alsalar da, müzakirəyə getməyiblər, bəziləri isə əvvəlcə imtina ediblər”, - deyə Ermənistan mətbuatı qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Ermənistanda ümumxalq səsverməsinin aprel ayında keçiriləcəyinə dair məlumatlar yayılmışdı. Bu baxımdan, konstitusiyaya əlavə və dəyişikliklərin təxminən aprel-may ayrlarında həyata keçiriləcəyi gözlənilir. Ermənistanda sonuncu dəfə konstitusiya referendumu Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla 2016-cı ildə keçirilib. Bu səsvermədən sonra Ermənistan parlament respublikası idarəetmə sisteminə keçib. Ötən il Nikol Paşinyanın konstitusiyanı dəyişməkdə məqsədinin yenidən prezident üsul-idarəsinə qayıtmaq olması barədə məlumat yayılmışdı. Lakin bu, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində qələbə çalan Baş nazir bunun ardınca Prezident Armen Sarkisyanı öz adamı Vahan Xaçaturyanla əvəz etməyə nail oldu.

Hakimiyyətini kifayət qədər möhkəmləndirən Paşinyan bu yaxınlarda verdiyi açıqlamada Ermənistanda parlamentar sistemin saxlanılacağını bəyan etdi. Əldə olunan məlumatlar və siyasi proseslərin təhlili referendumun daha çox Ermənistanın xarici siyasət strategiyasına dəyişiklik məqsədi daşıyacağını göstərir. Söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın Qarabağa ərazi iddiasından imtina etməsi və Türkiyə ilə münasibətlərin normallaşmasına səbəb olacaq maddələrin konstitusiyaya daxil edilməsindən gedir. Qeyd edək ki, Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin Azəırbaycanla imzalanacaq sülh müqaviləsinə hazırlıq məqsədi daşıdığına dair məlumatlar dolaşır. Paşinyan hakimiyyətinin bununla da Qarabağdan imtina edəcəyi bildirilir.

Yəni 1991-ci il Alma-Atı Bəyannaməsi imzalananda və MDB-nin bir hissəsi olanda Qarabağ keçmiş hakimiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Söhbət Azərbaycanın ərazi bütövlüyünün bu şəkildə tanınmasından gedir. Ötən il oktyabrın 7-də Praqa şəhərində Prezident İlham Əliyevlə Baş nazir Paşinyan Azərbaycanın və Ermənistanın Alma-Atı Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıdığına dair sənəd imzalayıb. Rəsmi Bakı ərazi bütövlüyünün əsas prinsipi kimi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının Ermənistan tərəfindən tanınmasını vacib hesab edir. Ermənistan hakimiyyətinin mövqeyinə görə, Qarabağ üzərində Azərbaycanın yuridiksiysının tanınması haqqında hər hansı sənədin imzalanması birbaşa Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə ziddir.

Belə ki, Ermənistan Ali Soveti tərəfindən 1990-cı ildə ratifikasiya olunmuş ““Dağlıq Qarabağ”ın öz müqəddəratını təyinetmə hüququ” qanunsuz olaraq tanınıb. Rəsmi İrəvan iddia edir ki, Müstəqillik Bəyannaməsi dövlətin təsis sənədidir və Ermənistan Konstitusiyasının əsasını təşkil edir. Ermənistanın konstitusiyası Müstəqillik Bəyannaməsinə istinadla başladığından Alma-Atı Bəyannməsinə və digər razılaşmalara əsasən Qarabağın Azərbaycan ərazisi kimi tanınması yalnız Ermənistan Konstitusiyasına dəyişiklikdən sonra mümkün ola bilər. Bu baxımdan, Ermənistan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər sülh sazişinə hazırlıq kimi şərh oluna bilər. Lakin Ermənistan müxalifətinin Paşinyanı ölkə konstitusiyanı pozmaqda ittiham edəcəyi gözlənilir.

Bundan başqa, Ermənistan Konstitusiyasında əksini tapmış və Türkiyə ilə münasibətlərinin normallaşmasına mane olan maddələrin də ümumxalq səsverməsinə çıxarılacağı gözlənilir. Rəsmi Ankara Ermənistan Konstitusiyasından və Müstəqillik Bəyannaməsindən “erməni soyqırımı” ifadəsinin, Türkiyəyə qarşı ərazi iddiasını nəzərdə tutan bəndin və Ermənistanın dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılmasını tələb edir. Hələ 1992-ci ildə Türkiyə Ermənistanın Müstəqillik Bəyannaməsindən “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır” ifadəsini çıxarmaq üçün ilkin şərt irəli sürüb.

Həmin maddədə "Qərbi Ermənistan" adı altında Türkiyənin altı şərq vilayəti nəzərdə tutulur. Halbuki, həm SSRİ dövründə, həm də müstəqillik qazandıqdan sonra Ermənistanın gerbində Ağrı dağı təsvir olunub. Bununla da Ermənistan Türkiyənin şərq vilayətlərinə və Ağrı dağına ərazi iddiası irəli sürür. Ermənistan bu iddialarından əl çəkməsə, Türkiyə ilə münasibətlərin normallaşması və əlaqələrin bərpası mümkün deyil. Çünki hər iki ölkə arasında diplomatik münasibətlərin qurulması üçün Ermənistan Türkiyənin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını təsbit edən sənədi imzalamalıdır. Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmədən Ermənistanla hər hansı diplomatik əlaqə qurula bilməz. Paşinyan hökumətinin bu şərtləri yerinə yetirməsi üçün konstitusiyaya əlavə və dəyişikliklər edilməlidir. Ancaq mühafizəkar erməni cəmiyyətinin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından imtina təklifinin lehinə səs verəcəyi şübhə doğurur.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirib ki, 1995-ci ildə qəbul olunmuş Ermənistan Konstitusiyasına dəyişikliklər zərurətə çevrilib. Ermənistanın xarici siyasətinə maneə yaradan həmin maddələrin aradan qaldırılması Azərbaycanın və Türkiyənin də maraqlarına uyğundur:

“Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Bu, açıq şəkildə ifadə olunmasa da, 1991-ci ildə qəbul edilmiş Müstəqillik Haqqında Konstitusiya Aktında Türkiyənin şərq əyalətləri Qərbi Ermənistan adlandırılıb. Bu da 1995-ci il konstitusiyasında öz əksini tapıb. Hətta Ermənistan konstitusiyasında “Dağlıq Qarabağ” və Naxçıvan Muxtar Respublikası tarixi Ermənistan əraziləri kimi qələmə verilib. Ona görə də Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün konstitusiyasına dəyişiklik etməlidir. Yəni həmin maddələr əsas qanundan çıxarılmalıdır. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, sərhədlərin açılması məsələləri konstitusiyaya ediləcək dəyişikliklərdən çox asılıdır. Hesab edirəm ki, Ermənistanın Konstitusiyası Azərbaycanla sülhün əldə edilməsinı mane olan əsas səbəblərdən biridir”.

O bildirib ki, Qarabağın Azərbaycan ərazisi kimi tanınması Ermənistan Konstitusiyasında öz əksini tapmalıdır:

“Əks təqdirdə, Ermənistanla heç bir sülh müqaviləsi imzalana bilməz. Çünki Azərbaycanla sülh sazişi təsdiqlənmək üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər orada hüquqi ziddiyyət olsa, Konstitusiya Məhkəməsi bunu təsdiqləməyəcək. Xatırladım ki, 2009-cu ildə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına dair “Sürix protokolları” adalanan iki sənəd imzalanmışdı. O zaman Ermənistan Konstitutiya Məhkəməsi bu protokolları təsdiqləmədi. Əsas səbəb həmin sənədlərin konstitusiyanın maddələrinə uyğunluq dərəcəsinin olmaması idi. Referenduma hansı maddələrin çıxarılacağına dair hazırda qəti fikir söyləmək çətindir. Ermənistanın daxili siyasətinə siyasi və hüquqi maneələr yaradan bəzi məsələlər var. Onları da dəyişdirə bilərlər. Amma Ermənistan Konstitusiyasının yenilənməsi vacibdir. Çünki orada bizim üçün vacib olan maddələr var ki, onlar Ermənistan Konstitusiyasından çıxarılmalıdır”.

Qafar Çaxmaqlının sözlərinə görə, Ağrı dağının təsvinin Ermənistanın gerbindən çıxarılması ilə bağlı Türkiyənin tələbləri var. Hazırda iki ölkə arasında münasibətlərin normallaşmasına dair danışıqların şərtsiz aparılmasının vacibliyi razılaşdırılsa da, Türkiyə bu tələbindən imtina etməyib. Lakin ekspert hesab edir ki, bu dəyişikliyi Ermənistan cəmiyyətinə qəbul etdirmək asan olmayacaq:

“Fikrimcə, Ermənistan əhalisi buna hazır deyil və Ağrı dağının təsvirinin çıxarılmasını nəzərdə tutan təklifə səs verməyəcək. Digər məsələlərdə də Ermənistan cəmiyyətinin hazırlıq səviyyəsi aşağıdır. Amma son zamanlar Ermənistan hakimiyyətində belə bir rəy üstünlük təşkil edir ki, Qarabağ artıq Ermənistanın məsələsi deyil. Onlar hesab edir ki, Ermənistan kənardan Qarabağdakı ermənilərə yardım edə, beynəlxalq təşkilatlarda bu məsələni qaldıra bilər. Amma bu, Ermənistanla əlaqəsi olmayan mövzudur.

Ermənistan cəmiyyəti Qarabağ məsələsini Azərbaycanın məsələsi kimi qəbul edə bilər. Əgər ermənilər Qarabağ mövzusunu Ermənistanın üzərində olan yük kimi qəbul etsələr, Ermənistanın dövlətçiliyi təhlükəyə düşəcək. Çünki Ermənistanda Azərbaycanla yenidən müharibəyə başlamaqdan çox qorxurlar. Onlar müharibədə Azərbaycanla yanaşı, Türkiyənin də iştirak edəcəyindən və nəticədə Ermənistanın dövlətçiliyini itirəcəyindən narahatdırlar. Ona görə də Ermənistan siyasətçiləri ya Qarabağ, ya Ermənistan dövlətçiliyi məsələsini qoyurlar. Yəni Qarabağa görə Ermənistanın dövlət kimi məhv olunmasına qarşıdırlar”.

Həmsöhbətimiz bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti il bağlı Ermənistan SSR Ali Sovetinin 1991-ci il 30 dekabr tarixli qərarına gəlincə, bu məsələdə ziddiyyətlər var:

“Əvvəla, Ermənistanın bu qərarının özü qanunsuzdur. İkincisi, Dağlıq Qarabağ Muxtar Vilayətini qondarma Dağlıq Qarabağ Respublikasına döndərdilər və orada saxta referendum keçirdilər. Bu ziddiyyətlərə aydınlıq gətirmək üçün Ermənistan referenduma gedəcək. 1991-ci ildə Azərbaycan və Ermənistan bir- birinin ərazi bütövlüyünü Alma-Atı Bəyannaməsi ilə formal olaraq tanıyıb. Amma bu, iki dövlət arasında saziş deyildi.

Ona görə də Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınmasına dair beynəlxalq hüququn prinsiplərinə uyğun saziş imzalanmalıdır. Ermənistan Konstitusiyası dəyişmədən bu müqavilənin imzalanması mümkün deyil”.

Müşfiq Abdulla
Cebhe.info