Fransa Ermənistanı yeni müharibəyə təhrik edir 

Fransa Ermənistanı yeni müharibəyə təhrik edir 

Fransa Ermənistanı Azərbaycana qarşı məqsədyönlü şəkildə silahlandırır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Ermənistan və Fransanın informasiya mənbələrində qeyd olunur ki, yeni hərbi attaşe Fransanın istehsal etdiyi öldürücü silahların Ermənistana tədarükünə nəzarət edəcək.

Qeyd edək ki, Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərar birbaşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib.

Halbuki, Avropa İttifaqının aparıcı ölkələrdən birinin münaqişə tərəflərinə, xüsusilə təcavüzkar bir ölkəyə öldürücü silahlar tədarük etməsi ümumavropa sülh siyasətinin kobud şəkildə pozulmasıdır. Fransanın bu addımı yaxın gələcəkdə regionda sülhün və sabitliyin bərqərar olunmasına ciddi əngəl yaradacaq, Ermənistanı daha çox təxribatlar törətməyə sövq edəcək.

Amma ümumilikdə Makronun Ermənistanı silahla təmin etməsi heç bir halda təəccüb doğura bilməz. İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Fransa rəhbərliyi, bu ölkənin siyasi elitasının təcavüzkar, işğalçı Ermənistana açıq dəstək verdiyinə şahidi olduq. Makronun ermənipərəst mövqeyinin arxasında duran mahiyyəti başa düşmək asandır.

Çünki Rusiya və İrandan sonra Ermənistanı daha çox himayə edən, təcavüzkarı bağrına basan ölkə Fransadır. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra Rusiya və İran kimi Fransa da Cənubi Qafqazda daimi sülh, əmin-amanlıq və sabitliyin bərqərar olunmasında maraqlı deyil. Regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi, bir sözlə, vaxtaşırı durumun qanlı məcraya yönəldilməsi və toqquşmaların davamı Fransanın da geostrateji maraqlarına xidmət edir.

Moskva və Tehranla bərabər Paris də regionda siyasi oyunlar oynamaq və siyasi proseslərə təsir imkanlarını artırmaq üçün Ermənistandan alət kimi istifadə etmək niyyətindədir. Tarix göstərir ki, əsrlər boyu Yaxın Şərq və Afrikada müstəmləkə siyasət yürüdən, öz imperialist maraqları üçün bu iki regionda yerli xalqları qanına qəltan edən və onları əsarət altında saxlayan Fransanın Cənubi Qafqazda sülhyönlü siyasət yürütməsi qeyri-mümkündür.

Düzdür, Fransanın Cənubi Qafqaz strategiyasında Azərbaycan əhəmiyyətli ölkə hesab olunur, lakin Paris regionda öz çirkin və riyakar niyyətlərini həyata keçirməsi üçün Ermənistana üstünlük verir. Bununla yanaşı, Fransa Ermənistanda geosiyasi və geoiqtisadi cəhətdən möhkəmlənməyə çalışır. Ermənistanın xeyrinə atılan son siyasi, iqtisadi və hərbi addımlar, xüsusilə Fransa hərbiçilərinin Aİ-nın müşahidə missiyası çəçivəsində Ermənistanın Azərbaycanla sərhəd ərazilərində yerləşməsi, habelə bu ölkəyə silah tədarükünü planlaşdırması ona işarə verir ki, Paris Ermənistanda Rusiyadan sonra ikinci hərbi-siyasi güc mərkəzinə çevrilmək istəyir. Əsas hədəf də Cənubi Qafqaza daxil olmaq və regionda Türkiyənin möhkəmlənməsinin qarşısını almaqdır.

Fransa ABŞ və Avropa İttifaqının anti-Rusiya və anti-İran cəbhəsində aparıcı rol oynasa da, rəsmi Paris Cənubi Qafqazda Azərbaycan və Türkiyəyə qarşı vahid cəbhə yaratmaq üçün Moskva, eləcə də Tehranla əməkdaşlıq etməyə hazırdır. Hətta Fransanın əlinə sərfəli imkan düşərsə, o, Azərbaycanın Qarabağ bölgəsində erməniləri qorumaq bəhanəsi ilə öz sülhməramlı qüvvələrinin yerləşməsini də tələb edə bilər. Bütün bunlara baxmayaraq, Fransa Cənubi Qafqazda öz istəklərinə və niyyətlərinə nail ola bilməyəcək. Parisin Ermənistanın təcavüzkar siyasətinin lehinə addımları, eləcə də Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək. Fransanın Ermənistan vasitəsilə həmlə xarakterli bu addımlarının qarşısı Azərbaycan və Türkiyə tərəfindən qətiyyətlə alınacaq.

Yunis Abdullayev
Cebhe.info