Güney Azərbaycana qarşı erməni-molla ittifaqı: “Kilsə farsları təlimatlandırır ki...”

Güney Azərbaycana qarşı erməni-molla ittifaqı: “Kilsə farsları təlimatlandırır ki...”

Güney Azərbaycanın milli-azadlığı ilə bağlı çağırışların artması İranda yaşayan erməniləri narahat etməyə başlayıb.

Bu baxımdan, erməni kilsəsinin İranda baş verən kütləvi etiraz aksiyaları fonunda molla rejiminə dəstəyi diqqəti cəlb edir.

Belə ki, Güney Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan İran hökumətinə minnətdarlıq edib. Çiftçiyan İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid klisə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib. Arxiyepiskop İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu qeyd edib.

Xatırladaq ki, Çiftçiyan bir neçə gün öncə də Fransanın "Charlie Hebdo" nəşrinin Xameneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən narahatlığını ifadə edib. “Bu addım ermənilərin də ürəyini yaralayıb”- Çiftçiyan belə deyib. Əslində, bu, fars düşüncə mərkəzli İran dövlətinin saxlanılmasında ermənilərin maraqlı olduğunu göstərir. Çünki 4 aydan artıqdır davam edən inqilabi proseslərin qələbəsi və teokratik rejimin çöküşü İranın parçalanması ilə nəticələnə bilər. Nəticədə, İranda rejiminin müstəmləkəsi altında olan xalqlar, o cümlədən Güney Azərbaycan türkləri müstəqillik əldə edərək öz milli dövlətini qurmaq imkanı əldə edəcək. Proseslərin belə inkişafı Ermənistanın mövcudluğu üçün siyasi “nəfəslik” rolu oynayan İran adlı dövlətin dağılaraq tarixin arxivinə atılması deməkdir.

Əvəzində Ermənistanın cənub sərhədlərini də əhatə edən və ərazisi təxminın 286,6 min kvadrat kilometr əraziyə malik ikinci Azərbaycan dövləti meydana çıxa bilər. Şimali və Cənubi Azərbaycanın birləşməsi regionda təxminın 373,2 min kv.km-ə yaxın ərazisi olan yeni bir dövlətin yaranmasına səbəb olacaq. Şərqdən və cənubdan Azərbaycan dövləti, qərbdən isə Türkiyə ilə əhatə olunan Ermənistan türk coğrafiyasında kiçik bir adaya çevriləcək. Ona görə də ermənilər bu prosesin qarşısını almaq üçün Güney azərbaycanlıların üzərinə farslarla birgə siyasi-ideoloji hücuma başlayıb.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, İrandakı erməni kilsəsi Güney Azərbaycanın milli-azadlığına qarşı fəallıq nümayiş etdirir. Güney Azərbaycanın istiqlaliyyətinə qarşı mübarizədə ermənilərlə İran rejiminin maraqları üst-üstə düşür:

“İranda erməni yeparxiyasının arxiyepiskopu Tehran hakimiyyətinə bağlı şəxsdir. İranda ermənilərin dini mərasimləri sərbəstdir, məktəbləri fəaliyyət göstərir. Onların Azərbaycana qarşı fəaliyyəti də eyni hədəfə yönəlib. Hətta bir müddət bundan əvvəl İran-İraq müharibəsində ölən ermənilərin İsfahandakı qəbirləri İran rəsmiləri tərəfindən ziyarət edildi. Hesab edirəm ki, bu proses konkret olaraq azərbaycanlılara qarşı yönəlib. Arxiyepiskop Çiftçiyanın da İranın ərazi bütövlüyünü dəstəkləməsi Güney Azərbaycanla bağlıdır”.

O bildirib ki, Güney Azərbaycan türklərinin öz milli azadlığı uğrunda mübarizəsi erməniləri narahat edir:

“Onlar Azərbaycan-İran əlaqələrinin normallaşmasında da maraqlı deyillər. Güney Azərbaycanın öz istiqlalına qovuşmasına və iki Azərbaycanın birləşməsinə qarşı ermənilər artıq fəaliyyətə başlayıb. Onlar bu məsələdə farsları təlimatlandırırlar. Hətta İranın digər bölgələri ilə müqayisədə Güney Azərbaycanda edamların daha çox həyata keçirilməsi erməni kilsələrinin fəaliyyətinin nəticəsidir. Erməni din xadimləri bu məsələdə İran hakimiyyətinə həmişə məsləhət verir”.

Müşfiq Abdulla
Cebhe.info