Gürcüstanda son mərhələ: İki ay sonra inqilab ola bilər

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkə Prezidenti Salome Zurabişvilinin veto qoyduğu “Xarici təsirin şəffaflığı haqqında” Qanunu imzalayıb.
Bu barədə spiker keçirdiyi brifinqdə açıqlama verib:
“Mən “Xarici təsirin şəffaflığı haqqında” Qanunu imzaladım. Bu qanun həm daxildə, həm də xaricdə etiraz doğurub. Bütün bunlar ona görə idi ki, gürcü xalqı qeyri-hökumət təşkilatlarının işinin şəffaflığı haqqında daha çox bilmək istəyini ifadə etdi”.
Qeyd edək ki, Gürcüstan Konstitusiyasına görə, veto ləğv edildikdən sonra prezident onu yenidən imzalamaqdan imtina edərsə, qanun 5 gün ərzində parlamentin sədri tərəfindən imzalanır və dərc edilir. Yeni qanuna əsasən, müvafiq orqanlar, eləcə də vəzifəli şəxslər iki ay müddətində, yəni avqust ayının əvvəlinə qədər xaricdən maliyyələşən qurumların əsasnamələrini qəbul etməli və dərc etməlidirlər.
Gürcüstanın Ədliyyə Nazirliyi və Milli Dövlət Reyestr Agentliyi isə bu qanunun icrası üçün ilkin maddi-texniki və digər tədbirləri həyata keçirməlidir. Avqust ayından etibarən, 2023-cü ilin məlumatlarına görə, gəlirlərinin 20 faizdən çoxunu xaricdən alan media və QHT-lər bir ay ərzində Ədliyyə Palatası vasitəsilə xarici dövlətin maraqlarını təbliğ edən təşkilat kimi qeydiyyatdan keçmək üçün ərizə verməlidirlər.
Bunlar əsasən Gürcüstanda Qərb fondları ilə işləyən onlayn mediasının və QHT-lərin böyük əksəriyyətinə aiddir. “Xarici dövlətin maraqlarını güdən təşkilatları” müəyyən etmək və qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq üçün Ədliyyə Nazirliyi istənilən vaxt monitorinq keçirə, səlahiyyətli vəzifəli şəxs isə lazımi məlumatları, o cümlədən şəxsi məlumatları əldə edə bilər. Qanunun əleyhdarları hesab edirlər ki, bu sənəd Gürcüstanda fikir müxtəlifliyinə qarşı təzyiq və repressiya aləti kimi istifadə olunacaq. Əksər QHT və media qurumları bunu həyata keçirməyəcəklərini bildiriblər.
Spiker Papuaşvilinin sözügedən qanunu imzalamasına cavab olaraq, Gürcüstan müxalifəti Prezident Salome Zurabişvilinin təklifi ətrafında birləşib. Müxalifət Prezident Zurabişvilinin irəli sürdüyü “Gürcüstan Xartiyası” adlı fəaliyyət planını imzalayıb.
Demək olar ki, bütün əsas Qərbyönlü müxalifət partiyaları Xartiyanı dəstəklədiklərini bəyan ediblər. Lakin nizamnaməyə qoşulmaq siyasi partiyaları vahid siyahı ilə seçkiyə getməyə məcbur etmir.
Bu məsələ onların öz ixtiyarına buraxılır. Xartiyaya qoşulan bütün partiyalar oktyabrda keçiriləcək parlament seçkilərinin aralıq seçkilər olacağı ilə razılaşır.
Avropayönlü koalisiya seçkilərdə qalib gələrsə, növbəti yaz sessiyasının sonuna qədər demokratik islahatlar aparmağı, o cümlədən, Gürcüstanı Avropa İttifaqı ilə danışıqlar prosesinə qaytarmağı öhdəsinə götürür. Bundan sonra azad və rəqabət şəraitində keçiriləcək növbədənkənar seçkilər təyin olunmalıdır.
Hakim “Gürcü Arzusu” Partiyası sənədi “Lokal Müharibə Xartiyası” adlandırıb.
Xartiyanın açıqlanmasından bir neçə saat əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıq şəkildə Zurabişvili barəsində “satqın” ifadəsini işlədib. Eyni zamanda, hökumət Aİ-yə inteqrasiya və ABŞ ilə əməkdaşlığı davam etdirdiyini, lakin münasibətlərin “yaxşılaşdırılması”na ehtiyac olduğunu deyir. Gürcüstanda kütləvi etirazlara və beynəlxalq tərəfdaşların Aİ ilə danışıqların növbəti mərhələsinə keçidi pozacağına dair xəbərdarlıqlarına baxmayaraq, “xarici agentlər haqqında” qanunun qəbul edilməsi Qərblə münasibətləri daha da gərginləşdirə bilər.
“Gürcü Arzusu” hakimiyyəti ABŞ-nin və Aİ-nın payızda parlamentə keçiriləcək seçkilərdə Gürcüstanda “məxməri” inqilab etmək planlarının olduğunu iddia edir. Papuaşvili adıçəkilən qanunun əsas məqsədinin Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlığını artırmaq olduğunu deməsi İvanişvili hakimiyyətinin inqilab təhlükəsinin qarşısını almaq üçün atılan preventiv addımı kimi qiymətləndirilə bilər. Ancaq sözügedən qanunun qəbulu hələ ki, əks siyasi effekt verir. Spikerin bu sənədi imzalamasından sonra Gürcüstanda iqtidar-müxalifət qarşıdurmasının daha gərgin mərhələyə keçəcəyi gözlənilir. Oktyabr ayında parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, müxalifət bu prosesə hakimiyyəti dəyişmək üçün zaman baxımından, siyasi şans kimi baxır.
Eyni zamanda, “Xarici Təsirin Şəffalığı haqqında” Qanunun ABŞ-dən və Avropa İttifaqından maliyyə yardımı alan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdırması Qərbin müxalifətə siyasi dəstək verməsi ilə müşahidə olunur. Bu da seçkilərdə müxalifətə 12 ildən sonra daxili və xarici dəstəyi tam təmin etmək hesabına qələbə imkanı yaradır.
Hazırda əsas suallardan biri Gürcüstanda hakimiyyətin seçkilər, yoxsa “məxməri” inqilab yolu ilə dəyişməsi ehtimalı ilə bağlıdır. Avqustdan etibarən xaricdən maliyyələşən QHT-lərin və KİV-lərin dövlət reyestrində qeydiyyatına başlanacağını nəzərə alsaq, iki aydan sonra ölkədə etirazlar yenidən baş qaldıra bilər. Bu hadisələrin üzü payıza doğru, yəni sentyabr-oktyabr aylarında pik həddə çatacağı istisna olunmur. Seçkilərdə hansı qüvvənin qalib gələcəyi isə səsvermənin nəticələrinin nə qədər şəffaf və demokratik keçirilməsindən asılı olacaq. Yəni seçkilərdə “Gürcü Arzusu” və Demokratik Gürcüstan Partiyası azad və ədalətli seçkilər yolu ilə qalib gələrsə, hakimiyyətini davam etdirəcək. Lakin “xarici agentlər haqqında” qanunun qəbulu “Gürcü Arzusu”na Qərbə bağlı vətəndaş cəmiyyəti qurumlarının seçki prosesində müşahidəçi kimi fəaliyyətini məhdudlaşdırmaq imkanı verir. Bu isə QHT-lərin seçki pozuntuları ilə bağlı rəylərinin və hesabatlarının İvanişvili hakimiyyəti tərəfindən nəzərə alınmaması üçün hüquqi əsas yaradır. Bütün bunlar Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd kimi götürdüyü öhdəliklərə ziddir.
Deməli, müxalifət demokratik yolla seçkilərdə qalib gəlsə belə, həmin uğur gizlədiləcək və ya nəticələr saxtalaşdırıla bilər. Çünki hakimiyyət mövcud qanunu əsas gətirərək xarici qüvvələrin öz agentləri vasitəsilə Gürcüstanın daxili işlərinə qarışdığını və sabitliyini pozmaq istədiyini deyəcək. Yəni “Xarici təsirin şəffaflığı haqqında” Qanun ilk növbədə, Qərbin Gürcüstandakı seçkilərə nəzarət imkanlarından uzaqlaşdırılmasına hesablanıb. Ona görə də Gürcüstan müxalifəti daha çox “məxməri” inqilab haqqında düşünür. “Gürcüstan Xaritiyası”na da “aralıq seçkilər” ifadəsinin daxil edilməsi çox güman ki, inqilabi yolla hakimiyyətin dəyişilməsini, keçid hökumətinin formalaşdırılmasını, qanunvericiliyə düzəlişlər edilməsini və növbəti mərhələdə yeni rəqabət şəraitində növbədənkənar seçkilərin keçirilməsini nəzərdə tutur. Müxalifətin Prezident Zurabişvilinin təklif etdiyi siyasi platformanın ətrafında birləşməsi səlahiyyət müddəti 2024-cü ilin dekabr ayında başa çatan dövlət başçısını Qərbyönümlü qüvvələrin lideri kimi qəbul etməyə hazır olduğunu göstərir.
Çünki bu gün Gürcüstanda etiraz aksiyaları daha çox spontan halda baş verir. Meydanda xalq kütlələrini öz arxasınca aparan müxalifət lideri yoxdur. Eks-prezident Mixail Saakaşvili hazırda həbsdədir. Avropa Məhkəməsinin onun şikayətini təmin etməməsi hakimiyyətə Saakaşvilini seçkilərə qədər həbsdə saxlamaq üçün ciddi hüquqi əsas yaradıb. Eyni zamanda, Saakaşvilinin Ukrayna vətəndaşlığının olması ona növbəti maneədir. Ona görə də Salome Zurabişvilinin yaranmış siyasi boşluqdan faydalanmaq niyyəti hiss olunur. Xanım Zurabişvili Qərbin dəstəyini ala bilsə, vaxtından əvvəl istefa verərək seçkilərdə müxalifət sıralarına qoşula bilər. Bununla da Salome Zurabişvili Baş nazir postuna vahid namizəd iddiasını ortaya qoymuş olar. Müxalifət ölkədə inqilab etmək üçün hüquqi əsas kimi Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin pozulmasını əsas gətirməyə çalışır. Belə ki, həmin maddə konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində bütün tədbirləri görməsini nəzərdə tutur. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd kimi analoji öhdəliyə malikdir. Ona görə də “xarici agentlər haqqında” qanun Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiyasından yayınması deməkdir. Çünki hər il ABŞ və Avropa İttifaqı Gürcüstanın Qərb strukturlarına inteqrasiyanı təşviq və monitorinq edən layihələrin icrası üçün vətəndaş cəmiyyətinə milyonlarla vəsait ayırır. Bu məbləğ həmçinin, Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd kimi götürdüyü öhdəliklərin icrasının monitorinqinə sərf olunur. “Xarici təsirin şəffaflığı haqqında” Qanun isə bu təşkilatların həm xaricdən maliyyə dəstəyi almaq imkanlarını, həm də monitorinq fəaliyyətini məhdudlaşdıracaq.
Məsələn, ABŞ-nin 2025-ci ilə dair dövlət büdcəsindən Gürcüstana 126,6 milyon dollar yardım ayırılıb ki, onun da 80 milyon dolları vətəndaş cəmiyyətinə, siyasi plüralizmin inkişafına, Aİ-na və NATO-ya inteqrasiya üzrə layihələr üçün nəzərdə tutulub. Həmin vəsaitin bir qismi Gürcüstanda Rusiyanın təsirinin qarşısının alınması üçün layihələrə xərclənəcək. Bu isə Rusiyanı narahat edir. Ona görə də Rusiya İvanişvili hakimiyyətindən Qərbdən maliyyələşən ictimai qurumların fəaliyyətinin qarşısını almağı tələb edir. İvanişvilinin qeyd edilən addımı ABŞ-nin və Aİ-nın Qara dəniz və Cənubi Qafqaz regionu ilə bağlı geostrateji maraqlarına toxunur. Ona görə də Qərb-Gürcüstan münasibətlərinin daha gərgin mərhələyə daxil olacağı gözlənilir.
Hətta bir qrup konresmeninin ABŞ-nin Dövlət katibi Antoni Blinkenə yazdığı müraciətdə Gürcüstan hakimiyyətinə sanksiyalar tətbiq etməyi, vətəndaş cəmiyyətinə isə 50 milyon dollar əlavə yardım ayırmaq üçün təşəbbüs irəli sürməyi xahiş edir. Konqresmenlər bu məbləğin həm də Kremlin regionda artan mürtəce təsirinin qarşısının alınmasına yönəltməyin vacibliyini vurğulayır. Bu isə o deməkdir ki, Papuaşvilinin “xarici agentlər haqqında” qanunu imzalaması Gürcüstanda Rusiya-Qərb qarşıdurmasının artmasına təkan verəcək.
Müşfiq Abdulla
“Cebhe.info”