Gürcüstanı qarışdıran "Rusiya əli"

Gürcüstanı qarışdıran "Rusiya əli"

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti hakimiyyəti ələ keçirmək üçün xaricdə təşkil edilmiş sui-qəsdin aşkar edildiyini bildirir.

İğtişaşların təşəbbüskarı kimi Milli Hərəkatın liderləri, Ukraynada fəaliyyət göstərən “Gürcüstan legionu”nun üzvləri və vətəndaş sektorunun nümayəndələrinin adı çəkilib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti planın hazırlanmasında iştirak edənlər arasında Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzenin, eks-prtezident Mixail Saakaşvilinin sabiq mühafizəçisi Mixail Baturin və Ukraynada döyüşən gürcü legionunun komandiri Mamuka Mamulaşvilinin də adını çəkib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, planın icrası xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə nəzərdə tutulub.

“Təşkilatçılar 2014-cü ildə Ukrayna “Avromaydan”ına bənzər ssenarinin mümkünlüyünü nəzərdən keçirirlər”, - deyə məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, planın müəllifləri etiraz aksiyaları zamanı insan tələfatına və qarşıdurmanın alovlanmasına səbəb olan partlayıcı qurğunu işə salmağa hazırlaşır.

Dövlət Təhlükəsizliyi Xidməti iddia edir ki, etirazlar oktyabr-dekabr aylarında Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almaq üçün tövsiyələri yerinə yetirməsinin nəticələrinə dair hesabatının dərcindən sonra başlayacaq.

Terrorla Mübarizə Mərkəzinin direktor müavini Baçana Mqeladzenin sözlərinə görə, sui-qəsdçilərin planına əsasən, Ukraynada döyüşən, Polşa-Ukrayna dövlət sərhədi yaxınlığında bu məqsədlə xüsusi təlim keçmiş gürcü hərbçiləri cəlb olunacaq:

“Dövlət hakimiyyətinin devrilməsinə hazırlaşan sui-qəsdçilərin hesablamaları ona əsaslanır ki, dərc olunmuş nəticə mənfi olacaq və onların sərəncamında olan informasiya resursları və hökumətə vurulmuş “rusiyapərəst” etiketi nəzərə alınmaqla, ictimai qəzəb və sonrakı iğtişaşlar üçün münbit zəmin yaranacaq”.

Mqeladzenin sözlərinə görə, sui-qəsdçilər mərkəzi prospektlər, strateji obyektlər və hökumət binaları yaxınlığında barrikadalar qurmağı planlaşdırır.

“Xüsusulə də təşkilatçılar Gürcüstanda Ukraynanın “Avromaydan”ına bənzər ssenarinin həyata keçirilməsi imkanını nəzərdən keçirirlər”, - deyə Mqeladze bildirib.

Kəşfiyyat xidmətləri hələlik heç bir sübut təqdim etməsə də, parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, gürcüəsilli ukraynalı fiqurların Gürcüstanın daxili işlərinə qarışması göz qabağındadır.

“Millətcə gürcü olan, lakin ürəyi və ruhu qeyri-gürcü olan Gia Lortkipanidze Gürcüstandakı vəziyyəti dəyişməyə çalışır” - deyən Papuaşvili, bəyan edib ki, Ukrayna yüksək vəzifə tutan gürcü cinayətkarlar üçün sığınacaq halına gəlib.

“Dövlət Təhlükəsizliyi Xidmətinin bu məlumatı olmasa belə, biz görürük. Birincisi, onlar ölkənin Avropa gələcəyinə mane olur, ikincisi, müxalifətin bir hissəsi və bəzi QHT-lər xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir. Belə olan halda, yerli hakimiyyət seçkiləri ərəfəsində ölkəmizdə baş verən iğtişaşları bilavasitə təşkil edən Ukrayna kəşfiyyatının rəhbərinin müavinidir.

Ukrayna kəşfiyyatının rəis müavini ikinci dəfə ifşa edilib və hansısa gürcü qeyri-hökumət təşkilatı nə vaxtsa Ukrayna kəşfiyyatının deyil, öz ölkələrinin tərəfini tutmağa cəsarət edəcəkmi?”

Müxalifət hesab edir ki, Dövlət Təhlükəsizliyi Xidməti diqqəti dövlət məmurlarının, xüsusilə də dövlət təyyarəsindən şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunan Baş nazir İrakli Qaribaşvili ilə bağlı qalmaqallardan, yaxud ABŞ-ın keçmiş baş prokuror Otar Partsxaladzeyə qarşı tətbiq etdiyi sanksiyalardan yayındırmaq üçün hakimiyyətin tapşırığını yerinə yetirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ittiham etdiyi şəxslərdən biri olan Georgi Meladze “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib ki, onun rəhbərlik etdiyi Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi 2005-ci ildə yaradılıb və onlar qeyri-zorakı vətəndaş kampaniyaları haqqında məlumatların yayılması ilə məşğul olurlar.

Georgi Meladze özü bu məsələlərlə bağlı təlimlər keçir.

“Təhlükəsizlik Xidməti tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına qarşı belə bir bəyanatın verildikdə biz avtoritarizmin pis forması ilə qarşılaşırıq. Hökumət vətəndaş cəmiyyətinin adi işini təhlükə kimi qəbul edirsə, zorakılıq etməmək təqib obyektinə çevrilirsə, bu cəmiyyət üçün çox böyük problemdir və adekvat reaksiya tələb edir”, - deyə Meladze əlavə edib.

Ukraynada döyüşən gürcü legionunun komandiri Mamuka Mamulaşvili hesab edir ki, “Gürcü Arzusu” Kremldən göstəriş alıb. Çünki Rusiya hüquq-mühafizə orqanları onun həbsi üçün bir çox order verib.

Onun fikrincə, hakimiyyətin başlatdığı dezinformasiya kampaniyasının heç bir sübutu yoxdur. Lakin onun məqsədi legionun döyüşçülərini Gürcüstandan ayırmaqdır. Evlərinə gəldikdən sonra onları uydurma bəhanələrlə həbslə hədələyirlər.

Georgi Lortkipanidzenin vəkili Şota Kaxidze deyir ki, Gürcüstan daxili işlər nazirinin keçmiş müavini, indi isə Ukrayna Hərbi Kəşfiyyatı rəhbərinin müavininin Gürcüstan siyasəti ilə heç bir əlaqəsi yoxdur. O, Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasını tam cəfəngiyyat hesab edir.

“Georgi Lortkipanidze bəyanatda göstərilən şəxslərlə hər hansı əlaqəsini istisna edir. O, səkkiz ildir ki, ölkədə olmayıb. Çünki Gürcüstan hakimiyyəti onu siyasi motivlərlə təqib edir. Bütün bu müddət ərzində o, Rusiya-Ukrayna müharibəsində fəal iştirak edir və Rusiyaya qarşı döyüşür.

Onun nə Gürcüstan siyasəti ilə hər hansı əlaqəsi, nə də Gürcüstanda hər hansı bir siyasi məqsədi və maraqları var. Bir neçə gün əvvəl məhz Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə ABŞ sanksiyalarına məruz qalan keçmiş baş prokurora qarşı hansı istintaq hərəkətlərinin aparıldığını demək əvəzinə, Dövlət Təhlükəsizlik Xidmətindən absurd və saxta ittihamlar eşidirik”, - vəkil Kaxidze belə deyib.

Mixail Baturin isə “İnterpressNews”a müsahibəsində Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatı cəfəngiyyat adlandırıb.

O bildirib ki, Gürcüstan DTX keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin üslullarından istifadə edir:

“Rusiya administrasiyasının Gürcüstandakı bu davranışı məni təəccübləndirmir. Bu nə cəfəngiyyatdır? Hansı inqilab, hansı partlayış? Bu, sadəcə olaraq, kimin xəstə başında törəmiş cəfəngiyyatdır, bilmirəm. Bu tam cəfəngiyatdır. Yəqin ki, təxribat törətməyə və əhalini günahlandırmağa hazırlaşırlar.

Hakimiyyətin davranışından görünür ki, Gürcüstan anti-Qərb ritorikası və anti-Qərb hərəkətləri ilə yanlış istiqamətə yönəldilir. Bütün azad dünya Rusiyadan, Rusiyanın təcavüzündən uzaqlaşır. Təəssüf ki, Gürcüstandakı Rusiya administrasiyası Rusiyanın Gürcüstanda siyasətini həyata keçirmək üçün əlindən gələni edir”, - Baturin belə deyib.

O, nə Lortkipanidze, nə də Mamulaşvili ilə heç bir əlasinin olmadığını bildirib.

Politoloq Vaxtanq Dzabiradzenin fikrincə, hakimiyyət Gürcüstana namizəd statusu verilməsə, qaçılmaz olan ictimai etirazları minimuma endirmək üçün qabaqcadan cəhdlər edir:

“Bu cür bəyanatlarla kiminsə etiraz aksiyasının qarşısını alacağına və ya əhalini qorxutacağına ümid etmək aldadıcıdır”.

“Hökumətin güclü dəyişikliyinə hazırlandığı barədə daima məlumatlar yayılır. Amma o zaman dövlət təhlükəsizlik xidməti ölkədə etiraz aksiyalarına qadağa qoymasın, daha yaxşı işləsin, təhlükə varsa, onun qarşısını alsın.

İvanişvili və onun tərəfdaşları 2011 və 2012-ci illəri xatırlaya bilərlər. O vaxtkı Saakaşvili hökuməti də eyni şeyi təkrarlamışdı. Oxşar hal 2003-cü ildə Şevardnadzenin dövründə də olmuşdu. Bu, həmişə bir ölkənin rəhbərliyi faktiki olaraq təsirini itirəndə və hakimiyyəti itirməkdən qorxduqda baş verir.

Belə bəyanatlarla kiminsə nəyinsə qarşısını alacağına və ya əhalini qorxutacağına ümid aldadıcıdır. Bu, 30 ildə heç vaxt işləməyib, indi də işləməyəcək”, - ekspert belə deyib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham etməsi birinci dəfə deyil.

2014-cü və 2016-cı illərdə də “Gürcü Arzusu” hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin liderlik etdiyi Milli Hərəkat Partiyasının dövlət çevrilişi təşkil etdiyini bildirib. Lakin bu ittihamların heç biri öz təsdiqini tapmayıb.

Gürcüstan hakimiyyətinin və müxalifətinin bir-birini Rusiya-Qərb münasibətləri kontekstində ittiham etdiyini nəzərə alsaq, dövlət çevrilişinin hazırlanmasına dair iddiaların daha çox geosiyasi qarşıdurma fonunda müşahidə olunur.

İvanişvili iqtidarı müxalifəti Gürcüstanın Avropa Birliyinə üzvlük statusunu qazana bilməyəcəyi halda, ölkədə Ukraynada olduğu kimi “Maydan” inqilabına bənzər dövlət çevrilişi hazırlamaqda, müxalifət isə hakimiyyəti Rusiyanın siyasi sifarişini yerinə yetirməkdə ittiham edir.

Əslində, 2014-cü ildə Kiyevdə baş vermiş “Maydan” hərəkatına Qərb siyasi dəstək verdiyini xatırlasaq, “Gürcü Arzusu” Partiyasının dolayısı ilə ABŞ-ı və Avropanı hədəf aldığı aydın görünür.

Xüsusilə də Ukraynaya hərbi təcavüzün qınanmasında Gürcüstan hakimiyyətinin Qərb koalisiyasını dəstəkləməkdən imtina etməsi rəsmi Tiflislə gərginliyin artmasına mühüm rol oynayıb.

Prezident Salome Zurabişvilinin namizədlik statusunun qazanılması üçün Avropa İttifaqı ölkələrinə səfərə çıxması isə ölkə konstitusiyasının pozulmasına səbəb olsa da, əslində Gürcüstan hökumətinin Avrointeqrasiyada maraqlı olmadığına işarə idi.

Prezident Zurabişviliyə qarşı impiçment elan edilməsi Avropa İtifaqına namizədlik məsələsində artıq Gürcüstan hakimiyyətinin iki hissəyə bölündüyünü göstərir.

Salome Zurabişvili Qərbyönümlü kursun tərəfdarı, hakimiyyətin əsl sahibi Bidzina İvanişvilinin komandası isə Rusiya ilə isti münasibətlərin saxlanılmasına üstünlük verir.

ABŞ-ın Gürcüstanın keçmiş baş prokurora Rusiya ilə əlaqələrinə görə sanksiya tətbiq etməsindən sonra Avropa İttifaqına namizədlik statusunun veriləcəyi inandırıcı görünmür. Hakimiyyət də bundan sonra ölkədə kütləvi etirazların baş qaldıracağından narahatdır.

Ona görə də Qərbyönlü müxalifətin dövlət çevrilişi hazırladığını bəyan edir. Bütün bunlar Rusiyaya yaxın siyasi mövqeyə malik İvanişvilinin artıq açıq “oyna”dığını deməyə əsas verir. Ona görə də Qərb və Rusiya arasında Gürcüstandakı geosiyasi qarşıdurmanın yeni mərhələyə daxil olduğunu görmək olar.

Yəni Ermənistanda Qərb və Rusiya münasibətləri kontekstində müşahidə olunan maraqlar toqquşması indi Gürcüstana keçir. İlin sonuna doğru bu gərginliyin daha da artacağı gözlənilir.

Müşfiq Abdulla
Cebhe.info