İran-ASALA işbirliyi - “Qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər”

Xəbər verildiyi kimi, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Bu barədə XİN-in yaydığı rəsmi məlumatda deyilir ki, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib: “Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir". Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Qeyd edək ki, ictimaiyyətin nümayəndələri, ziyalılar, politoloqlar baş verən hadisənin iki ölkə arasında münasibətlərə necə təsir edəcəyini dəyərləndirir.
Politoloq Elxan Şahinoğlu Cebhe.info-ya bildirib ki, səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın “lider” dövlətlərindəndir:
“İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər. Ancaq İranın “dost və tərəfdaş” adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq. Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var. İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq.
ASALA terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar. Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir. İrandan Azərbaycan əleyhinə daim səslənən “Sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb.
Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu”.
Nigar Abdullayeva
Cebhe.info