İran şantaja başladı: Azərbaycanla sülhdən imtina etdi 

İran şantaja başladı: Azərbaycanla sülhdən imtina etdi 

İran İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqları qəbullanmayacağını bir daha bəyan edib.

Bu isə İran, Azərbaycan və Türkiyə parlament spikerlərinin Ankarada keçirilən danışıqlarında hər hansı razılaşmanın əldə olunacağına dair ümidləri fiaskoya uğrayıb. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf rəsmi Tehranın Qafqaz regionunda geosiyasi sərhədlərdə hər hansı dəyişikliyi qəbul etməyəcəyini deyib. Məhəmməd Bağır Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Türkiyə parlamentinin sədri Mustafa Şentop ilə görüşündə qeyd edilən açıqlama ilə çıxış edib. Bununla da üçtərəfli görüşün Azərbaycan-İran münasibətlərində yumşalmaya səbəb olacağına dair ehtimallara son qoyulub.

İranlı spiker qeyd edilən fikri söyləməklə molla rejiminin 44 günlük müharibədən sonra Azərbaycanın tarixi sərhədlərinin bərpasını qəbul etmədiyini, eyni zamanda Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu diqqətə çatdırıb. Əslində, Qalibafın Ankarada səsləndirdiyi bu mesajı yalnız Azərbaycana deyil, həm də Türkiyəyə ünvanlayıb. Yəni İran tərəfi Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməkdə davam edəcəyinə işarə vurub. Məhəmməd Bağır Qalibafın açıqlaması İranın münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Türkiyə qarşısında şərti kimi başa düşülə bilər.

“Qonşu ölkə Azərbaycan İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir və bu münasibətlərdə ikitərəfli əlaqələrlə yanaşı, parlamentlərarası əlaqələr də böyük rol oynaya bilər. Bu gün iki ölkə münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir. Əminəm ki, iki ölkənin rəsmiləri əlaqələri dərindən inkişaf etdirmək istəyirlər”, - deyən iranlı spiker sonra əlavə edib. “Biz regional və qlobal arenada bir-birimizlə yaxşı münasibətlərə malik ola bilərik və region ölkələri nə qədər yaxın olsa, bölgə üçün bir o qədər yaxşıdır. Regiondan xaric ölkələrin bu sahəyə qarışmasına imkan vermək olmaz”, - Qalibaf vurğulayıb.

O, daha sonra qeyd edib: “Biz sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyik”.

Bununla Qalibaf Azərbaycanla münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün İranı regional oyunçu kimi qəbul etməyi və onun maraqlarını nəzərə almağı təklif edir. Bu şərtin əsasını isə “regiondan xaric ölkələrin bu sahəyə”, yəni bölgədəki proseslərə qarışmaması təşkil edir. Qalibaf regiondan xaric ölkələr dedikdə ilk növbədə Türkiyənin bölgədə artan geosiyasi fəallığına eyham vurur. Çünki 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın dərinləşməsi, Türkiyənin moderatorluğu ilə Türk Dövlətləri Təşkilatının güclənməsi və Cənubi Qafqazdan keçən nəqliyyat-kommunikasiya dəhlizlərinə Ankaranın nəzarət imkanlarının artması İranı ciddi narahat edir. Ona görə də İran Azərbaycana təzyiqləri dayandırmaq üçün sərhədlərində, yəni Cənubi Qafqazda Türkiyənin fəallığına son qoyulmasını tələb edir.

İran regiondan xaricdəki ölkələr deyərkən Azərbaycanın İsraillə hərbi-siyasi əməkdaşlığını da özü üçün təhlükə hesab edir. Ancaq bu gün Zəngəzur dəhlizinin qarşısının alınması İranın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Hətta İran rejiminin bütün siyasi, informasiya və hərbi resursları bu prosesə cəlb olunub. Yəni İranın əsas hədəfi Cənubi Qafqazda güclənən Azərbaycan-Türkiyə müttəfiqliyidir. Rəsmi Tehran Azərbaycan-Türkiyə tandeminə qarşı İran-Ermənistan cütlüyünü qoyur. 44 ildir İran rejiminin Qərbdəki himayəçisi kimi çıxış edən Fransa isə Ermənistan üzərindən bu blokun üçüncü həlqəsini təşkil edir.

Məhəmməd Bağır Qalibaf əslində, sərhədlər məsələsini dilə gətirməklə Azərbaycandan və Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı iddiasından əl çəkməyə, bölgədə yeni geosiyasi konfiqurasiyanın formalaşmasında İranla yanaşı, Ermənistanın da maraqlarının nəzərə alınmasının vacibliyinə işarə edir. İranın ötən il Qafanda Baş konsulluq açması da məhz bu məqsədə xidmət edir. Yəni Tehran hakimiyyəti Azərbaycanı və Türkiyəni Ermənistanın əli ilə bölgədə sülhə mane olacağı ilə şantaj edir.

Müşfiq Abdulla
Cebhe.info