İranı kim və niyə vurdu?-“Güzəşt edilməyəcək”

İranı kim və niyə vurdu?-“Güzəşt edilməyəcək”

“ABŞ hökuməti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir”.

ABŞ-ın dövlət katibi Entoni Blinken belə deyib. Dövlət katibi Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Hərb variantının olub-olmadığını soruşduqda, Blinken bunu istisna etməyib. “Bütün variantlar masanın üstündədir”, - o əlavə edib. Bununla belə, Blinken üstünlük verilən yolun diplomatiyadan keçdiyini də bildirib. Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin bundan imtina etdi.

Qeyd edək ki, hələ 2022-ci ilin yayında ABŞ Prezidenti Cozef Bayden də ən son halda İrana hücum variantını istisna etməyib. İsrail hərbi hava qüvvələrinin yanvarın 29-u və 30-da İrana endirdiyi dron zərbələri fonunda ABŞ Dövlət katibinin açıqlaması rəsmi Tehrana edilən xəbərdarlıq mesajının kifayət qədər ciddi olduğunu göstərir. İrana endirilən hava zərbələrini İsrail həyata keçirsə də, əməliyyatın nəticələri ABŞ-ın maraqlarına uyğundur. Yəni İrana mövcud hərbi siyasətini dəyişmək üçün təzyiqlər daha sərt müstəviyə keçib. Əgər rəsmi Tehran nüvə və raket proqramının dayandırılması ilə bağlı Qərbin tələblərini yerinə yetirməsə, o zaman İrana qarşı hərbi əməliyyatlar həyata keçirilə bilər. Çünki İranın nüvə proqramı ilə bağlı danışıqların baş tutacağı real görünmür.

Güc tətbiqi variantının gündəmə gəlməsi danışıqların iflasa uğraması ilə bağlıdır. Son günlər baş verən hadisələr göstərir ki, söhbət irimiqyaslı müharibədən deyil, İranın hərbi bazalarının və nüvə istehsalı obyektlərinin nöqtəvi raket zərbələri ilə vurulmasından gedir. Digər rəylərə görə, dron zərbələri yalnız nüvə proqramı ilə ilə bağlı deyil. Ukraynada gedən müharibədə İranın Rusiyaya hərbi dəstək verməsi Qərbi təzyiq alətlərini işə salmağa vadar edib. Əgər İran bu mövqeyindən çəkilməsə, daha genişmiqyaslı hərbi əməliyyatlar baş verə bilər.

Politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, rəsmi Tehranın militarist siyasəti böyük təhlükə mənbəyinə çevrilib. Ona görə də İrana qarşı hibrid müharibə başlanılıb. İran rejiminin bu siyasi kursdan imtina edəcəyi gözlənilmədiyinə görə, bu ölkəyə qarşı hava-raket zərbələrinin endirilməsi qaçılmaz görünür:

“Hələ ötən ilin iyun ayında İranın nüvə proqramının həyata keçirilməsinə yol verməmək üçün hərbi əməliyyatlar da daxil olmaqla bütün vasitələri gözdən keçirirlər. Bundan sonra İsrailin Baş nazirini Vaşinqtonda qəbul edərkən Co Bayden bir daha bəyan etdi ki, ABŞ İranın nüvə silahına yol verəməmək öhdəliyinə sadiqdir. İndi isə İranın cinayətləri artıb. Əgər İran əvvəllər Yaxın Şərqdə terrorçuluğu maliyyələşdirməkdə və idarə etməkdə ittiham olunurdusa, indi İranın Rusiyanın Ukraynaya qarşı müharibəsində dolayısı ilə iştirakçıya çevrilməsi, Rusiyanı silahlandırması, Ukraynanın enerji strukturlarında yer alması rəsmi Tehranın cinayətlərini artırıb. Artıq İran həm Azərbaycan, həm də bölgə ölkələri üçün təhdid mənbəyinə çevrilib. İran yalnız Yaxın Şərqi deyil, bütövlükdə Şərqi Avropanı və Cənubi Qafqazı təhdid etməkdədir. Ona görə də İrana verilən mesaj onu bu hərəkətlərindən çəkindirmək məqsədi daşıyır. Məlumatlara görə, Qətərin xarici işlər naziri “Altılıq” formatına daxil olan ölkələrin nüvə proqramı ilə bağlı ismarıclarını İran tərəfinə çatdırıb. Hesab edirəm ki, bu təkliflər İranın nüvə proqramından, Rusiyaya hərbi dəstəkdən və terrorçu qrupları maliyyələşdirməkdən imtina etməsindən ibarətdir. Ona görə də İrana verilən mesajın məğzində bu cinayət fəaliyyətlərinə son qoyması dayanır. Bir neçə gün ABŞ və İsrail genişmiqyaslı hərbi təlimlər keçirib. İrana qarşı əməliyyatlar da həmin təlimlər tam yekunlaşmamış baş verib. Yəni bu prosesdə ABŞ-ın da marağı var. Bir çox hərbi ekspertlər həmin dronların İran ərazisinə gəlib çatmasında ABŞ-ın peyk sisteminin yardım etdiyini bildirir. Yəni İranın hava hücumundan müdafiə sisteminin dronları görməsinə mane olub. Ən başlıcası, İsrailin İrana zərbələr endirməsi ABŞ-ın razılığı ilə həyata keçirilib. İndiyə qədər İrana bağlı qüvvələrə qarşı daha çox başqa ölkələrin ərazisində əməliyyatlar keçirilirdi. İranın özünə zərbə endirilməsi məqsəduyğun hesab edilmirdi. İndi isə görünür ki, bu əməliyyatlara icazə verilib”.

Ekspert bildirib ki, ABŞ bununla bir neçə məqsədə nail olmaq istəyir:

“Birincisi, İran nüvə proqramı ilə danışıqlar masasına qayıtmağa məcbur olur. Digər tərəfdən, bu zərbələr İranı Rusiyaya dronlar və ballistik raketlər verməkdən çəkindirməyə yönəlib. ABŞ Prezidenti də demişdi ki, biz İranın Rusiyaya ballistik raketlər verməsinin qarşısını bütün vasitələrlə alacağıq. Ona görə də hesab edirəm ki, bu hibrid müharibəni işə salmaqla İrana ciddi mesajlar verilir. Əgər İran mövqeyindən geri çəkilməsə, bu hibrid müharibə genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər. Nəticədə, İran ərazisinə raket zərbələri endirilə bilər. Maraqlıdır ki, İranın dron hücumuna məruz qalması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsin İsraildə səfərdə olduğu vaxt baş verib. Ona görə də bu əməliyyatın ABŞ və İsrailin birgə həyata keçirdiyini deyə bilərik. Bunun texniki tərəflərini İsrail həyata keçirib. Bu əməliyyatın siyasi-diplomatik demarşlarının qarşısını alınması işi ilə ABŞ məşğul olur. Anti-İran koalisiyasında yer ala biləcək dövlətlərin mediası bu prosesi dəstəkləyir və əməliyyatalara bəraət qazandırır. Müasir dövrdə informasiya dəstəyi olmadan nə hibrid müharibə, nə də geniş miyaslı əməliyyat aparmaq mümkündür. Biz artıq əsas iştirakçıları ABŞ və İsrail olmaqla anti-İran koalisiyasının formalaşdığını deyə bilərik”.

Politoloq qeyd etdi ki, İran Qərbin tələblərinin birini yetirməklə təzyiqlərdən yayına bilməyəcək. Ona görə də bütün tələblərə əməl edilməlidir:


“İranın nüvə proqramı qeyd-şərtsiz Qərbin nəzarətində olmalıdır. Bu məsələdə İrana güzəşt edilməyəcək. İrana qarşı güzəştlər bu ölkənin dondurulmuş valyuta ehtiyatının bir qisminin qaytarılması, yaxud sanksiyaların yumşaldılmasından ibarət ola bilər. Məsələn, bu gün İran 60 milyon neft ehtiyatını satmaq üçün bazar tapa bilmir. Yəni İran üçün həyati əhəmiyyətli məsələlər var. İqtisadi və enerji məsələlərində bəlkə İrana güzəştə gedə bilərlər. Amma hərbi sahədə bu mümkün deyil. İranın hərbi gücü artdıqca, ABŞ-ın və azad dünyanın regiondakı maraqlarını daha çox təhdid edir. Ona görə də İrana güzəşt edilməyəcək”.

Qeyd edək ki, İran hakimiyyətinin Qərbin tələbləri qarşısında geri çəkiləcəyi də real görünmür. Bu da İranda mühafizəkarların hakimiyyətdə olması ilə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu zabitlərinin dövlət idarəetmə sisteminə gətirilməsi ilə bağlıdır.

Xaqani Cəfərli hesab edir ki, İran hakimiyyətinin mövcud kursdan imtina etməsi onun siyasi-ideoloji təməl prinsiplərinə ziddir:

“Bu təməl müsəlman ölkələrində hakimiyyətləri devirmək və İrana yaxın olan rejimləri geniş bir İslam ittifaqının yaradılmasını nəzərdə tutur. İran şəriət qaydalarından imtina edə bilməz. Digər tərəfdən, İranın Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etməsi mümkün deyil. Çünki İranın hərbi aviaparkı çox köhnəlib. İran isə hərbi təyyarələri Rusiyadan ala bilər. Ona görə də İran Rusiya ilə hərbi əməkdaşlığa məcburdur. Bu gün Rusiya əməkdaşlıq da, ondan imtina etmək də İranın ziyanınadır. Əgər Rusiya Ukrayna ilə müharibədə məğlub olsa, İranın zərərsizləşdirilməsi daha asan olacaq. Çünki BMT Təhlükəsizlik Şurasında İranı dəstəkləyən ölkələrdən biri Rusiyadır. Eyni zamanda, Rusiya dünya siyasətində böyük rola malik idi və İrana qarşı kəskin addımların qarşısını alırdı. İndi Rusiyanın dünya siyasətinə təsirinin azaldığı bir vaxtda İrana təzyiqlər də artır. Ona görə də İran Rusiyanı qorumağa məcbur olub. Faktiki olaraq, İranın və Rusiyanın siyasi taleyi bir-birindən asılı vəziyyətdədir. İran rejimi Rusiyasız mövcud ola bilməyəcəyi üçün onu qorumağa çalışır”.

Müşfiq Abdulla

Cebhe.info