İrəvan seçim qarşısında: 200 illik "ağa"sını dəyişir
Ermənistan Konstitusiyasında təhlükəsizlik ilə bağlı müddəaların dəyişdirilməsi, eləcə də tərəfsizlik müddəasının əlavə edilməsi Ermənistan-Rusiya müttəfiqliyinə son qoya bilər.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və yüksək rütbəli hakimiyyət rəsmiləri Ermənistanın yeni konstitusiyaya və Müstəqillik Bəyannaməsinə ehtiyacı olduğunu bəyan ediblər.
Ölkənin yüksək rütbəli bəzi məmurları yerli mətbuata açıqlamalarında hazırkı Konstitusiyada bəzi müddəaların və Müstəqillik Bəyannaməsinin Azərbaycanla sülhün bərqərar olunmasına və Türkiyə ilə münasibətlərin normallaşmasına ciddi əngəl yaratdığını bildiriblər.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar var. Rəsmi Bakı və Ankara İrəvan hakimiyyətinə sülh sazişinin imzalanmasından və münasibətlərin normallaşmasından əvvəl konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların ləvğini, yeni müstəqillik bəyannaməsinin qəbul olunmasını tələb edirlər.
Ermənistanın öz ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində tanıması Azərbaycan və Türkiyə üçün prinsipal məsələ hesab olunur. Ermənistanın regionda hazırkı siyasi reallıqları və müharibədə ağır məğlubiyyətini nəzərə alıb bu istiqamətdə düzgün addımlar atdığı təqdirdə Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün olacaq. Nəticədə Türkiyə ilə münasibətlərin normallaşması üçün imkanlar yaranacaq.
Ermənistan mətbuatının məlumatına görə, tezlikə Ermənistanda yeni konstitusiyanın və müstəqillik bəyannaməsinin qəbul olunması üçün ümumxalq referendumun keçirilməsi gözlənilir.
Eyni zamanda, bu məsələdə çox vacib bir məqamı da diqqətdən qaçırmamalıyıq.
Ermənistanda dərc edilən “Hraparak” qəzetinin yazdığına görə, Paşinyan hakimiyyəti Konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir.
Bu müddəaya görə, Ermənistan ərəzisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir.
Erməni ekspertlər hesab edirlər ki, sözügedən müddəa Rusiyanın Ermənistanın Gümrü şəhərində mənzillənən 102 saylı hərbi bazasına və ölkənin sərhəd ərazilərini mühafizə edən rus qoşunlarına yönəlib. Onlar iddia edirlər ki, konstitusiyaya tərəfsizliklə bağlı müddəanın əlavə olunacağı təqdirdə Nikol Paşinyan ölkənin hərbi doktrinasından hərbi müttəfiqlik barədə müddəaların çıxarılması ilə bağlı məsələ qaldıracaq.
Bu da Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını (KTMT) tərk etməsinə gətirib çıxaracaq. Heç şübhəsiz ki, konstitusiya məsələsində təkcə Azərbaycan və Türkiyə deyil, həmçinin Qərb də Ermənistan hakimiyyətinin qarşısına tələb qoyub. Konstitusiyaya tərəfsizliklə bağlı müddəanın əlavə olunması birbaşa ABŞ, Fransa və Avropa İttifaqından gələn təlimatdır.
Ona görə ki, Ermənistan-Rusiya müttəfiqliyinə son qoyulması və Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması Qərbin Cənubi Qafqaz üzrə geostrategiyasında prioritet hədəf hesab olunur. Qərbin bu regionla bağlı hazırkı xarici siyasəti onu göstərir ki, həm Vaşinqton, həm Brüssel, həm də Paris Rusiya ordusunun Ermənistandan çıxarılması, Ermənistanın KTMT və Avrasiya İttifaqını tərk etməsi, bundan sonra isə İrəvanın Avropa İttifaqına və NATO-ya inteqrasiyasını təmin etmək niyyətindədirlər. Əlbəttə ki, Qərbin bu niyyətinin arxasında Ermənistanda siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənmək məqsədi dayanır.
Nikol Paşinyan və onun komandası hakimiyyətə gələndən sonra Qərbin Ermənistana diqqət göstərməsi onu deməyə əsas verir ki, Ermənistan heç bir resursa malik olmasa da, onlar üçün önəmli ölkə hesab olunur. Belə qənaətə gəlmək olar ki, Azərbaycanı çıxmaq şərti ilə yaxın gələcəkdə ABŞ Ermənistan və Gürcüstan vasitəsilə Cənubi Qafqazda geostrateji və geosiyasi mövqeyini gücləndirməyə, regiondakı proseslərə müdaxilə etməyə çalışacaq.
Amma reallığa baxanda, Qərbin nə istəməsinə baxmayaraq, istər hazırkı dövrdə, istərsə də yeni konstitusiyanın qəbul olunmasından sonrakı dövrdə Ermənistanın KTMT-ni tərk etməsi və İrəvanın rus ordusunun öz ərazisindən çıxarması qeyri-mümkündür. Hətta Azərbaycanla sülh müqaviləsi imzalansa belə, İrəvanın qısa müddət ərzində bu kimi məsələləri qaldırması o qədər də asan olmayacaq.
Konstitusiyaya tərəfsizliklə bağlı müddəanın əlavə edilməsi də bu istiqamətdə addımların atılması üçün yetərli deyil.
Məhz indiki şəraitdə, Ermənistanın KTMT ilə bağlı sərbəst qərar qəbul etməsi Rusiya tərəfindən Ermənistanı cəzalandırmasına yol aça bilər. Bu da, ölkədə acınacaqlı sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq. Ermənistan Rusiyanın təsir dairəsindən xilas olması üçün bir sıra proseslərdən keçməlidir.
Birincisi, Ermənistan öz Konstitusiyasını və Müstəqillik Bəyannaməsini referendum yolu ilə dəyişdikdən sonra Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bu sazişin imzalanması baş tutduqdan sonra Türkiyə Ermənistanla sərhədlərini açacaq, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına əngəl yaradacaq heç bir maneə qalmayacaq. Həmçinin rəsmi Bakı da İrəvanla ikitərəfli münasibətlərin qurulmasında maraqlı olacaq.
İkincisi, Paşinyan hakimiyyəti ölkə daxilində istər müxalifət, istərsə də hərbi-siyasi elitada Rusiyayönümlü ünsürləri aradan qaldırmalıdır. Xüsusilə, radikal erməni millətçiliyini təbliğ edən və bölgədə sabitliyi məqsədyönlü şəkildə pozmağa çalışan “VOMA”, “Yerkrapah” və digər qanunsuz silahlı qurplaşmaları ləvğ etməlidir. Çünki Moskva, hətta Fransa belə istənilən zaman həmin qruplaşmalardan istifadə etməklə Paşinyan hakimiyyətinə, o cümlədən bölgədə sülh və sabitliyə ciddi təhlükə yarada bilər.
Üçüncüsü, İrəvan Avrasiyada geostrateji əhəmiyyət kəsb edən, yəni Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin öz ərazisindən keçməsinə imkan verməlidir. Çünki bu dəhlizdən təkcə Azərbaycan və Türkiyə deyil, həmçinin Ermənistanın özü də xeyr götürəcək. Bu dəhliz Ermənistanı beynəlxalq layihələrə qoşulmasına şərait yaradacaq.
Bütün bunlara yanaşı, sülh sazişinin imzalanmasından bir müddət keçəndən sonra Ermənistan Rusiyadan iqtisadi və enerji asıllığını azaltmaq üçün Azərbaycan və Türkiyə ilə qarşılıqlı iqtisadi, eləcə də enerji sahəsində əməkdaşlıq barədə ilkin sazişlərin imzalanmasına ehtiyac duyacaq. Hətta Azərbaycandan təbii qaz almaq Ermənistan üçün zəruri olacaq.
Belə ki, Moskva Paşinyan hakimiyyətini cəzalandırmaq üçün təbii qazı kəsəcəyi və ya qiymətini dünya bazar qiymətinə qaldıracağı təqdirdə Ermənistan Azərbaycanın təbii qazını almaq məcburiyyətində olacaq.
Azərbaycan da ilkin sazişə əsasən, köhnə boru kəmərləri vasitəsilə Ermənistanı müvəqqəti olaraq qazla təmin edə bilər.
Türkiyəyə gəlincə, Ankara Ermənistanda iqtisadi-sosial böhranın ağırlaşmaması üçün İrəvana müəyyən iqtisadi yardımlar etməkdən boyun qaçırmaz.
Qərb də Ermənistana öz köməyini əsirgəməməlidir. Əslinə baxanda, Qərb Ermənistanda Rusiya təhlükəsinin qarşısını almaq üçün İrəvana siyasi, iqtisadi və təhlükəsizlik zəmanətləri verməlidir. ABŞ və Avropa İttifaqı Ermənistana iqtisadi yardımlar etməklə yanaşı bu ölkədə sosial-iqtisadi vəziyyətin normallaşması üçün investisiya yönümlü layihələr həyata keçirməlidir.
Bununla bərabər, ABŞ Ermənistanın enerji təhlükəsizliyinin təminatına diqqət yetirməlidir. Bu yöndə Azərbaycan və Mərkəzi Asiya ölkələrə ABŞ-a dəstək göstərə bilər.
Bütün bu məsələlər öz həllini tapdıqdan sonra Ermənistanın tam şəkildə əl-qol açması mümkün olacaq. Rəsmi İrəvan münasib vəziyyətə qovuşduqdan sonra Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması və KTMT-ni tərk etmək barədə qərar qəbul edəcək. Amma bu proses çox uzun zaman aparacaq. Bunun üçün 10-15 il lazım olacaq.
“Qarabağ klanı” Ermənistanın “ipini” Rusiyaya elə bağlayıb ki, onun açmaq hələ müşkül görünür.
Yunis Abdullayev
Cebhe.info