İrəvanın 31 kənd şantajı: 8 kəndi işğalda saxlamaq üçün köhnə oyun

Baş nazir Nikol Paşinyan Azərbaycanın guya Ermənistanın 31 kəndini işğal altında saxladığını iddia edir. Paşinyanın hökumətin iclasında səsləndirdiyi bu fikrə Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı ilə cavab verib.
“Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan Baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən Baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur”,- deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Ermənistan hakimiyyətinin 31 kənd məsələsini gündəmə gətirməsi birinci dəfə deyil. Hələ ötən ilin dekabr ayında Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Azərbaycanın guya 31 kəndi “işğal” altında saxladığını bəyan etmişdi:
“Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”.
Lakin Paşinyan hakimiyyəti bu iddianı ortaya atsa da, əsaslandıra bilmir. Yəni rəsmi İrəvan 31 kənddən danışsa da onların adlarını təqdim edə bilmir. Bu isə belə bir faktın olmadığını təsdiq edir. Hətta ötən il Nikol Paşinyan guya Karvansaray (İcevan) rayonunun Qazax rayonu ilə sərhədində yerləşən Bibiş, Lələkənd, Hönüt və Tatlı kəndlərinin də guya Azərbaycan ordusunun nəzarətində olduğuna dair bir neçə dəfə açıqlama vermişdi. Ancaq həmin kəndlər Ermənistanın Tavuş vilayətinin ərazi-inzibati vahidinə daxildir və hazırda orada erməni əhalisi yaşayır.
Bütün bunlar Ermənistanın iddialarının absurd olduğunu göstərir. Sadəcə olaraq, Ermənistan hakimiyyətinin siyasi şantaj xarakteri daşıyan açıqlaması konkret məqsədlərə hesablanıb. Birincisi, Ermənistan rəsmiləri 31 kənd deyərkən, ola bilsin ki, Azərbaycan Ordusunun nəzarətində olan yüksəkliklərlə üzbəüz mövqelərdə, yəni şərti sərhədə yaxın yerləşən yaşayış məntəqələrini nəzərdə tutur. Lakin bu kəndlərin yerləşdiyi ərazilərin Azərbaycan Ordusunun müşahidəsi altında olmasını “işğal” adlandırmaq nə siyasi və nə də hüquqi məntiqə sığır.
İkincisi, Paşinyan hakimiyyəti bu məsələni iddia etməklə Azərbaycan Ordusunun şərti sərhəddə yerləşən yüksəkliklərdən geri çəkilməsinə nail olmağa, yəni sərhədlərin delimitasiya və demarkasiyası prosesinin “güzgü” prinsipi əsasında həyata keçirlməsinə nail olmaq istəyir. Ermənistan “işğal” terminini işlətməklə Azərbaycana beynəlxalq təzyiq vasitələrini işə salmaq niyyəti güdür. Ermənistanın bu məsələ ilə bağlı digər məqsədi sərhədlərin 1991-ci il xəritələri əsasında tanınmasına nail olmaqdır.
Çünki 1991-ci il Almatı Bəyannaməsinin imzalanmasından sonra işğalçılıq müharibəsi həyata keçirən Ermənistan Azərbaycanla Sovet dövründə mövcud olmuş inzibati sərhədlərdən imtina edib. İndi isə Ermənistan haikimiyyəti guya 31 kəndin işğal edildiyinə dair iddialar səsləndirməklə Azərbaycana təzyiq etmək və 1991-ci ilə dair sərhədlərin bərpa olunmasına cəhd edir. Bununla da Ermənistan sərhədlərin 1918-1920-ci illərin xəritələri əsasında delimitasiyası və demarkasiyasından yayınmağa çalışır.
Eyni zamanda, Azərbaycanın 1991-ci il xəritələrinə razılıq verməsi Almatı Bəyannaməsinin imzalanmasından əvvəl işğal edilmiş ərazilərin, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsinə dair qərarın konstitusiyada saxlanılmasına gətirib çıxara bilər.
Ona görə də Ermənistanın bu hiyləgər niyyətini anlayan Azərbaycan Xarici İşlər Nazirliyi 1991-ci il xəritələrində göstərilən sərhədlərdən İrəvanın özünün imtina etdiyini bəyan edib.
“Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı”,-deyə nazirlik bildirib.
Üçüncüsü, Ermənistanın 31 kənd iddiasını irəli sürməsi işğal altında saxladığı 8 kəndi Azərbaycana qaytarmamaq üçün manipulyasiya məqsədi daşıyır. Yəni Paşinyan kəndlərin qaytarılması üçün Azərbaycana ərazi mübadiləsi təklif edir. Halbuki, Azərbaycan Ermənistanın heç bir ərazisini işğal etməyib. Sadəcə olaraq, rəsmi İrəvanın bu məsələni ortaya atması Azərbaycana qarşı ərazi iddiasını reallaşldırmağa xidmət edir.
Belə ki, Azərbaycanın işğalı və ya nəzarəti altında nəinki 31, bir kənd də olmadığına görə Ermənistana qaytarılacaq ərazi də yoxdur. Paşinyan isə bununla blef edərək Azərbaycanın 31 kəndi qaytarmadığını əsas gətirməklə 8 kəndi işğalda saxlamaq istəyir.
Müşfiq Abdulla
“Cebhe.info”