Kreml Paşinyanı “taxtdan salır”  

Kreml Paşinyanı “taxtdan salır”  

Ermənistan hakimiyyəti Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Qərbin siyasi dairələri ilə müzakirələrə üstünlük verir.

Rəsmi İrəvan hər gün Avropa və ABŞ rəsmilərini Qarabağda yaşayan ermənilərin, guya humanitar fəlakət təhlükəsi ilə üzləşdiyinə inandırmağa çalışır. Diqqəti cəlb edən məqam Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatına görə bölgədə təhlükəsizliyə cavabdeh olan Rusiya ilə deyil, Qərblə müzakirələrə üstünlük verməsidir. Yəni mövcud mənzərə Nikol Paşinyan hakimiyyəti üçün əsas məqsədin Laçın yolunun açılmasından daha çox Qərbin regiona aktiv siyasi müdaxiləsinə şərait yaratmaq olduğu görünür. Rəsmi İrəvan Qərbin Azərbaycanın ünvanına sərt bəyanatları və Laçın yolunun açılmasına çağırışları fonunda Rusiyanın sülhməramlı missiyasının ermənilərin təhlükəsizliyini təmin etmədiyini nümayiş etdirməyə çalışır. Əslində, Laçın-Xankəndi yolunun açılması, yəni azərbaycanlı ictimai fəalların aksiyasının dayanması Baş nazir Paşinyan üçün arzuolunan deyil.

Çünki Paşinyan Rusiyanın Qarabağdakı emissarı Ruben Vardanyanı Ermənistandakı revanşist qüvvələrin potensial lideri kimi öz hakimiyyətinə rəqib görür. Ermənistan mətbuatı da Vardanyanın Paşinyan hakimiyyətinə təhlükə yarada biləcək və Xankəndidən İrəvana qəfil köçünün qarşısını almaq üçün ona qarşı bütün vasitələrlə mübarizə aparıldığını yazır. Bu baxımdan, Laçın-Xankəndi yolunun açılması ilə Vardanyanın Azərbaycanla-Rusiya arasında mümkün razılaşmaya əsasında Qarabağı tərk edərək Ermənistanda peyda olacağı istisna edilmir. Çünki Rusiyanın əsas hədəfini Azərbaycan deyil, Paşinyanın hakimiyyətdən devrilməsi təşkil edir. Ermənistandakı Rusiyaya bağlı radikal müxalifətin siyasi resursları isə çox zəifdir.

Bu, ilk növbədə, liderlik problemi ilə bağlıdır. Görünür, Moskva 1998-ci ildə Köçəryanın əli ilə həyata keçirdiyi çevriliş planını bu gün Vardanyanın timsalında yenidən təkrarlamaq istəyir. Yəni öz adamını Qarabağ üzərindən Ermənistana, oradan isə hakimiyyət başına gətirməyi planlaşdırır. Robert Köçəryanın bu günlərdə öz tərəfdarları qarşısında çıxış edərək yeni liderlərin yetişməsi üçün passiv mövqeyə keçməsi də çox güman ki, Kremlin sifarişi ilə atılmış addımdır və perspektivdə Vardanyana yol açmaq məqsədi daşıyır.

Ona görə də Paşinyanın az qala düşmən münasibət bəslədiyi Vardanyanın Ermənistana keçməsi üçün Laçın yolunun açılmasında maraqlı olduğu o qədər də inandırıcı görünmür. Laçın-Xankəndi yolu məsələsi Paşinyan hakimiyyəti üçün taktiki gedişdir. Strateji hədəf isə Rusiyanın təzyiqlərinə, o cümlədən Vardanyan “kartı”na qarşı Qərbin dəstəyini qazanmaqdır. Paşinyan erməniləri inandırmaq istəyir ki, Rusiyanın bölgədəki sülhməramlı fəaliyyəti, həmçinin Vardanyanı Qarabağdakı qondarma rejimin başına gətirmək cəhdi ermənilər üçün problem yaradıb. Bu təhlükəni isə yalnız Qərbin siyasi dəstəyi ilə aradan qaldırmaq mümkündür. Ermənistana mülki missiyanın göndərilməsinə dair Avropa Parlamentinin qərarı regionda Ermənistan uğrunda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Paşinyanın mülki missiyanı Qarabağa göndərmək çağırışı da əslində, Rusiyaya qarşı yönəlib. Ermənistanın Baş naziri yaxşı bilir ki, Azərbaycanın icazəsi olmadan hər hansı xarici missiya Qarabağa gələ bilməz. Paşinyan bu ifadəni işlətməklə Qarabağdakı ermənilərinin təhlükəsizliyini nə Rusiyanın, nə də Vardanyanın deyil, Qərbin təmin edə biləcəyinə diqqət çəkir. Ermənistan parlamentinin deputatı Arman Babacanyanın açıqlaması da Paşinyanla hakimiyyəti üzərindən regionda Qərb-Rusiya qarşıdurmasının artdığını təsdiq edir. Babacanyan bildirib ki, Ermənistan açıq şəkildə Rusiyadan Qərbə doğru dönüş edib. İrəvan nümayiş etdirir ki, Rusiyanın qoruma arxitekturası Ermənistanın təhlükəsizlik çağırışlarına xidmət etmir.

“Ermənistan Qərb tərəfdaşları ilə birlikdə sıfırdan belə bir təhlükəsizlik mühiti yaratmaq yolundadır. Təbii ki, baş verən hadisələr Moskvanı narahat etməyə bilməz. Bu səbəbdən, xüsusilə də Ermənistanın maraqları üçün son dərəcə vacib olan Avropa İttifaqının yeni missiyası fonunda Rusiyanın İrəvana daxildən zərbələri gözlənilir”, - o bildirib.

O qeyd edib ki, əvvəllər də olduğu kimi, ruslar respublika daxilində təzyiq yarada, Ermənistanın müxtəlif ictimai-siyasi dairələrini bu prosesə cəlb edə bilərlər. Qeyd edək ki, Qərbin Laçın yolu məsələsində Ermənistana dəstək verməsi Ermənistanı Rusiyanın təsirindən çıxarmaq məqsədinə xidmət edir. Lakin erməni deputatın açıqlaması göstərir ki, Kreml ABŞ-ın və Avropa İttifaqının Cənubi Qafqazda aparıcı geosiyasi “oyunçu”ya çevrilməsinə yol vermək niyyətində deyil.

Ona görə də yaxın vaxtlarda Rusiya Ermənistanda Paşinyana qarşı etirazların yenidən baş qaldırması üçün aksiyalara start verəcəyi istisna edilmir. Ermənistan parlamentinin sabiq müdafiə naziri və müxalifət fraksiyasının lideri Seyran Ohanyana qarşı cinayət işi açması, eyni zamanda Qarabağdakı qondarma rejimin daxilində Paşinyana yaxın olan dəstələrin Vardanyana qarşı çıxması bu Rusiyanın zərbələrinə qarşı preventiv tədbirlər kimi qiymətləndirilə bilər.

Müşfiq Abdulla
Cebhe.info