Moldovadan sonra Gürcüstan: "Qalalar" bir-bir yıxılır
Moldovadan sonra Gürcüstanda keçirilən seçkilər hər iki ölkədə Qərb və Rusiya arasında geosiyasi nüfuz mübarizəsinin yeni, daha dərin mərhələyə daxil olmasına səbəb olub.
Əslində, hər iki ölkədə baş verənlər gözlənilən idi. Moldovada müşahidə edilən siyasi antoqonizm yalnız indiki dövlət başçısı, qərbyönümlü Maya Sandunun oktyabrın 20-də keçirilmiş prezident seçkilərində səsvermənin birinci turunda üstünlük qazanması və Moldovada Rusiyaya yaxın sosialistlərin ənənəvi siyasi mövqeyinin güclü olması ilə bağlı deyil. Bu seçkilər həm də Moldovanın Avropa Birliyinə daxil olmasını nəzərdə tutan referendumun keçirilməsi ilə yadda qaldı.
Konstitusiyaya dəyişikliklə bağlı Moldova seçicilərinin 51 faizinin Avropa İttifaqının lehinə, 49 faizinin isə əleyhinnə səs verməsi ölkədə ictimai rəyi iki siyasi qütbə bölüb. Ona görə də prezident seçkilərinin noyabrın 3-də keçiriləcək ikinci turundan sonra siyasi qarşıdurma daha da arta bilər. Moldova Rusiya ilə həmsərhəd olmadığından Kremlin bu ölkəyə birbaşa təzyiq imkanları azdı.
Lakin Moskva Qərbin Qara dəniz regionunda təsirinin artması və Ukrayna istiqamətində geosiyasi mövqelərinin güclənməsini sakit qarşılamayacaq. Ona görə də Kreml Dnestryanı bölgədə və Qaqauziya Muxtar Bölgəsində separatizmi alovlandırmağa cəhd edə bilər. Avropa İttifaqına inteqrasiya Moldovanın Rumıniya ilə birləşməsi məsələsinin yenidən gündəmə gəlməsi üçün konyukturun yaranması deməkdir.
Doğrudur, Prezident Sandu hələ aprel ayında verdiyi açıqlamada Avropaya inteqrasiya ilə bağlı bu referendumun Rumıniyaya birləşmə məsələsini nəzərdə tutmadığını demişdi. Lakin Avropa İttifaqına üzvlük Rumıniya ilə Moldova arasında sərhədlərin ləğvi, vahid siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik məkanına daxil olunması deməkdir. Eyni zamanda, Ukraynada baş verən müharibə fonunda Moldovanın Avropa İttifaqına daxil olması, o cümlədən Rumıniya ilə birləşməsi NATO-nun təhlükəsizlik sisteminə üzv olmasıdır.
Yəni, mövcud situsiyada Moldovanın Avropa İttifaqına daxil olması və ya Rumıniya ilə birləşməsi onu Rusiyanın artan hücumlarından qorumaq üçün ən əlverişli vasitə sayıla bilər.
Avropa İttifaqı daha cəlbedici olmaq üçün öz bazarlarını Moldova məhsullarına daha asan və güzəştli şərtlərlə açmalıdır. Əks təqdirdə, moldovanlar yenə iş və ixracat bazarları üçün Rusiyaya üstünlük verəcəklər. Ancaq Avropa İttifaqının və ya Rumıniyanın ərazisində münaqişə olan bir dövləti öz sərhədləri daxilinə qəbul etməyə nə qədər hazır olduğunu demək çətindir.
Buna baxmayaraq, Qərb Moldovada və Gürcüstanda keçirilən seçkilərin nəticələrinin doğura biləcəyi geosiyasi proseslərə böyük əhəmiyyət verir. Avropa Birliyi Gürcüstanda da iqtidarla müxalifət arasında bölücü xəttə çevrilib. Müxalifət "Gürcü arzusu" Partiyasını Avropaya gedən yolu bağlamaqda ittiham edir.
Müxalifət hakimiyyəti Rusiya Prezidenti Putinin siyasi əmrlərini yerinə yetirməkdə, hakimiyyət isə müxalifəti ölkəni müharibəyə sürükləməkdə ittiham edir. Moldovadan fərqli olaraq, Gürcüstanda vəziyyət daha gərgindir. Çünki Gürcüstanda hakimiyyət seçkilərin nəticələrinə münasibətdə iki hissəyə bölünüb. Prezident Salome Zurabişvilinin seçkinin nəticələrini tanımaması və müxalifətin tərəfə keçməsi hakim düşərgənin də Qərbyönlü və Rusiyayönlü qütblərə parçalanması ilə nəticələnib.
Təbii ki, hökumət Rusiyanın mövqeyini ifadə etdiyini dilə gətirmir. Hətta Baş nazir Kobaxidze Rusiya ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olmadıqlarını bəyan edib. Lakin onun bu açıqlaması çox güman ki, daha çox Qərbin gözlənilən sanksiyalarından yayınmağa və müxalifətin “məxməri” inqilab planlarına xarici dəstəyin qarşısını almağa hesablanıb. Gürcüstanda isə Prezidentin müxalifətlə birləşməsi hakimyyət daxilində ona qarşı impiçment məsələsini gündəmə gətirir. Lakin müxalifət seçkilərin nəticələrini tanılmadığına və yeni parlamenti qeyri-legitim hesab etdiyinə görə Gürcüstan Milli Məclisi toplaşa bilmir.
Bu da öz növbəsində hakimiyyət böhranına səbəb ola bilər. Çünki müxalifətin parlamentə getməkdən imtina etməsi “Gürcü arzusu” frkasiyasına təkbaşına hökumət formalaşdırmağa çətinlik yaradır.
Bu il seçkilər yalnız proporsional sistem əsasında keçirildiyi üçün lazım olan kvorumu təkmandatlı dairələr hesabına təmin etmək mümkün deyil.
“Gürcü arzusu” hakimiyyəti saxlamaq üçün müxalifətə koalisiyalı hökumət formalaşdırmağı təklif edə bilər. Ancaq Rusiya amilinə görə Qərbin təmsilçilərinin bununla razılaşacağı inandırıcı görünmür. Həm Rusiya, həm də Qərb Gürcüstandakı seçkilərin yekunlarına geostrateji təhlükəsilik məsələsi kimi baxır. Bu, yalnız Cənubi Qafqaz uğrunda rəqabətlə yekunlaşmır. Moldovada keçirilən seçkilərin və referedumun ardınca Gürcüstanda baş verən proseslər geosiyasi maraqlar toqquşmasının ilk növbədə Qara dəniz regionu uğrunda getdiyini deməyə əsas verir.
Gürcüstan Qara dəniz dövləti olaraq, Ukraynada gedən müharibə fonunda həm Qərb, həm Rusiya üçün strateji əhəmiyyətə malikdir.
Gürcüstanın Qərbin nəzarətinə keçməsi Rusiyanın Qara dənizə çıxışı istiqamətində ciddi ptoblemlər yarada bilər. Abxaziyada münaqişənin olması Krım yarımadasının cənub və şərq istiqamətlərindən Rusiyanın mövqelərini bağlamaq imkanı yaradır. Krım körpüsü vurularsa, Rusiyanın Krıma çıxışını bloklamaq daha asan ola bilər.
Rusiya rəsmilərinin və İvanişvili hakimiyyətinin Qərbin Gürcüstandan ikinci cəbhə açmaq planları barədə bəyanatları da bununla bağlıdır. Amma Rusiya yalnız Krım yarımadasındakı mövqelərindən narahat deyil. Kreml müharibənin Ukrayna tərəfindən vurulan cənub-qərb ərazilərinə keçəcəyindən ehtiyat edir.
Gürcüstanda müxalifət hakimiyyətə gələrsə, Abxaziyada və ya Cənubi Osetiyafa mütləq müharibənin başlayacağını iddia etmək olmaz. İndiki halda, Qərbə Gürcüstanın sürətlə NATO-ya və Avropa İttifaqına inteqrasiyası daha vacibdir. Bu, Qara dəniz regionunda NATO-nun hərbi təsirinin və kəşfiyyat fəaliyyətinin artması deməkdir. Prosesin belə gedişi isə Ukraynanın regionda strateji üstünlüyünü təmin etmək üçün mühüm önəm daşıyır.
Rusiyanın Gürcüstan hakimiyyətinə Abxaziyanı və Cənubi Osetiyanı qaytarmaq vədləri də Qərbin bu təhlükəyə qarşı preventiv tədbiri kimi nəzərdən keçirilə bilər. Lakin Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana təslim edəcəyi inandırıcı səslənmir.
Çünki Gürcüstanın ərazi bütövlüyünün təmin olunması rəsmi Tiflisin NATO-ya gedən yolunu aça bilər. Gürcüstanın indiyə qədər Şimali Atlantika Alyansına qəbul edilməməsinin əsas səbəbi ərazisində münaqişənin mövcud olmasıdır.
Əks təqdirdə, Rusiyanı cənubdan NATO ilə həmsərhəd olmaq təhlükəsi gözləyir. Bu, həm də Qara dənizdə daha bir NATO dövlətinin yaranması deməkdir. ABŞ Gürcüstanın Poti limanında hərbi dəniz donanması və Vazianidə hərbi hava bazası yerləşdirmək planlarını reallaşdırmaq üçün bu ölkənin NATO-ya qəbul olunmasını gözləyir. Abxaziya və Cənubi Osetiya münaqişələri bu prosesin qarşısını almaqla yanaşı, Rusiya ilə Gürcüstan arasında bufer zona rolunu oynayır.
Müşfiq Abdulla
“Cebheinfo.az”