Müharibədə kəskin dönüş: İki ölkə də “qollarını çırmaladı”

Müharibədə kəskin dönüş: İki ölkə də “qollarını çırmaladı”

Rusiya-Ukrayna müharibəsinin yekun mərhələsinə yaxınlaşdığı ehtimal olunur.

Belə ki, Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin yayında əks-hücum əməliyyatına başlaya biləcəyini və ABŞ tərəfindən yeni silah tədarüklərinin göndəriləcəyini açıqlayıb. Bu arada, mayın 31-də Rusiya hərbçiləri tərəfindən Kiyevin mülki və kritik infrastruktura “İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atılıb.

Ötən həftələrdə isə Rusiyanın paytaxtı Moskvaya dron hücumları olub. Həmçinin NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanın Rusiya ərazisinə hücum edə biləcəyini bəyan edib. Bütün bunların fonunda Rusiya-Ukrayna müharibəsinin son mərhələyə qədəm qoyduğu proqnozlaşdırılır.

Bu ehtimal nə dərəcədə doğrudur?

Ehtiyatda olan polkovnik, hərbi ekspert üzeyir Cəfərov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, bu il Rusiya-Ukrayna müharibəsində konkret dönüş olacaq:

“Hətta kəskin dönüş olacağını düşünürəm. Ona görə ki, Ukraynaya ən müasir silahlar, uzaqmənzilli raketlər verilib. Bu səbəbdən də Ukrayna müharibənin gedişatında özünün xeyrinə olan xeyli dəyişikliklər edib. Qarşıdakı günlərdə də biz bu dəyişikliklərin şahidi olacağıq.

Bu gün Rusiyanın Moskva, Krasnodar, Belqorod kimi fəqli şəhərlərində PUA-ların peyda olmasının şahidi oluruq. Demək olar ki, müharibə artıq Rusiyanın ərazisinə keçib. Kreml bunu hər vəclə inkar etsə də, reallıq ondan ibarətdir ki, müharibə Rusiyanın ərazisində keçir”.

Ekspert hesab edir ki, Ukrayna Ordusu müharibənin gedişatında çox böyük dəyişikliklər edəcək:

“Yaxın vaxtlarda xeyli maraqlı proseslərin şahidi olacağıq. Ukrayna Ordusu Rusiyanın paytaxtı Moskvadakı mövqelərini və hətta Müdafiə Nazirliyinin binasını çox rahat şəkildə hədəf ala bilər. Artıq bununla bağlı bəzi nüansları da görürük. Ona görə də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisinə hücum edəcəyini açıqlayır.

Hansı ki, o da bir müddət bundan əvvəl tamam başqa fikirlər səsləndirirdi. Amma bu gün görürük ki, onlar da rahat bir şəkildə Ukraynanın haqq işini dəstəkləyirlər. Bu da normal və təbiidir. üstəlik, belə də olmalıdır. Rusiya kimdir ki? Ruslar bu gün Kiyev, Odessa, Xarkov kimi şəhərləri vurur və günahsız insanlar ölür. Dünən də ölənlər arasında 8 yaşlı körpə var idi.

Axı onun nə günahı var idi ki, Rusiya belə vəhşilik edir? Ona görə də Rusiyanın ərazisini vurmaq Ukryananın da təbii haqqıdır. ümid edirəm ki, tez bir zamanda Ukraynanın daha ciddi və daha sərrast hücumlarının şahidi olacağıq”.

Elmir Mustafa
Cebhe.info