Paşinyanın kilsə “başağrısı”: Finala yaxınlaşır

Eçmiədzin kilsəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın “təsir agenti” ittihamlarına cavab verib.
Kilsənin açıqlamasında Paşinyanın çıxışı “siyasi rəhbərliyin təzyiqi və yersiz davranış ritorikası” adlandırılıb. Bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə yepiskopların və yeparxiya başçılarının iclasının yekunu üzrə qəbul edilən kilsə bəyanatında bildirilir ki, siyasi rəhbərlik Azərbaycana birtərəfli güzəştlərə etirazlar fonunda kilsəyə hücum edir.
“Rəsmi statistika Erməni Apostol Kilsəsinə vergidən yayınma ittihamları irəli sürsə də, vergi öhdəliklərini sədaqətlə yerinə yetirilməsinə dair faktlar var. Hökumət başçısının əsassız və bilərəkdən erməni kilsəsini keçmişdə də, indi də təsir agenti olmaqda ittiham etməsi xüsusilə qınaq doğurur. Biz təəssüf edirik ki, hazırki hakimiyyət kilsə-dövlət münasibətlərindəki problemləri belə yersiz şəkildə, təhdid, təzyiq və dezinformasiya vasitələrindən istifadə edərək dilə gətirir”, - deyə bəyanatda qeyd edilir.
Ruhanilər hesab edirlər ki, hakimiyyət öz siyasətində dəyişiklik etməli, kilsənin tarixi missiyasını və onun Konstitusiyada əksini tapmış xalqın həyatındakı əhəmiyyətini xatırlamalıdır. Bundan əvvəl Paşinyan Ermənistan parlamentindəki çıxışında erməni katolikoslarının əvvəllər Bizansdan asılı olduğunu bildirib, bu tarixi ənənənin davam etdiyini və din xadimləri arasında təsir agentlərinin olduğunu deyib.
Paşinyanın sözlərinə görə, erməni kralı Pap bu ipi qırmağa çalışıb. Lakin buna vaxtı olmayıb, o, tezliklə öldürülüb. Amma Baş nazir ümid edib ki, onun başladığı işi yaxın bir-iki ayda tamamlayacaq:
“Başqa sözlə, kilsə artıq təsir agenti olmayacaq və kral paplar artıq öldürülməyəcək”,-deyə Paşinyan əlavə edib.
Qeyd edək ki, aprelin 19-dan etibarən Ermənistanda Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyalarının keçirilməsi Nikol Paşinyan hakimiyyəti ilə Eçmiədzin kilsəsi arasında qaşıdurma açıq müstəviyə keçirib. Artıq hər iki tərəf bir-birinə qarşı ən yüksək səviyyədə ittihamlar yağdırır.
Eçmiədzin kilsəsi bütün siyasi imkanlarını səfərbər edərək Nikol Paşinyanı devirməyə, Baş nazir isə kiləsinin siyasətə müdaxiləsinin qarşısını almaq üçün katalikosu və ona bağlı olan dindarların səlahiyyətini məhdudlaşdırmağa qərar verib. Əslində, Paşinyan hakimiyyəti ilə Eçmiədzin kilsəsi arasında siyasi qarşıdurma 5 ilə yaxındır davam edir. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra iki güc mərkəzini özünə təhlükə kimi gördüyü üçün onunla mübarizəyə başladı.
Bunların biri “Qarabağ klanı”, digəri kilsə idi. “Məxməri inqilab” nəticəsində Serj Sarkisyanın devrilməsi “Qarabağ klanı”nın siyasi mövqelərini xeyli zəiflətdi. İkinci Qarabağ müharibəsi və ardınca separatçı rejimin ləğvi adıçəkilən qruplaşmanın Ermənistan siyasi həyatına təsir imkanlarını aradan qaldırıb. Ona görə də eks-prezident Robert Köçəryanı yenidən hakimiyyətə qaytarmağa çalışan revanşist müxalifət kilsənin imkanlarından yararlanmağa çalışır.
Lakin bu prosesdə yalnız daxili qüvvələr deyil, xarici dövlətlər də iştirak edir. Nikol Paşinyanın Eçmiədzin kilsəsinin başında dayananları “Bizansdan qayıdan təsir agenti” adlandırması da qeyd edilən səbəblə bağlıdır. Paşinyan əslində, Rusiyanın ünvanına eyham vurur. Ancaq Paşinyanın yalnız Kremli deyil, eyni zamanda Rusiya Provaslav kilsəsini də nəzərdə tutduğu şübhə doğurmur.
Ermənistandakı etiraz aksiyalarının adları çəkilən mərkəzlərin təlimatları əsasında təşkil edildiyi məlumdur. Ona görə də Paşinyanı katalikosu, Baqrat Qalstanyanı dolayısı ilə Rusiya agenti olmaqda ittiham edir. Bu baxımdan, bəzi din xadimləri xarici dövlətlərə casusuluq ittihamı ilə həbs edilə bilər.
Perspektivdə rəsmi İrəvanın Eçmiədzin kiləsinin Rusiya Apostol Kiləsinin kanonik tabeliyindən çıxarılması və İstanbul patriarxlığının tabeliyinə keçməsi istiqamətində də addımlar atacağı istisna olunmur. Həmçinin, Paşinyan hakimiyyəti Eçmiədzin kilsəsini gəlirlərini gizlətməkdə və vergidən yayınmaqda ittiham edir. Ona görə də cəza tədbiri kimi Eçmiədzin kilsəsinin maliyyə mənbələrinin nəzarətə götürüləcəyi gözlənilir.
Bu məqsədlə diaspordan edilən yardım və ianələrin, şərab, şam satışından daxil olan vəsaitlərin vergiyə cəlb ediləcəyini Ermənistan rəhbərliyi gizləmir. Çox güman ki, əsas məqsədlərdən biri Rusiyadan göndərilən pulların qarşısını almaqdır. Çünki həmin vəsaitlər etiraz aksiyalarının təşkilinə və radikal müxalifətin və terrorçu qrupların maliyyələşdirilməsinə sərf olunur. Bu da öz növbəsində Paşinyanın yalnız hakimiyyətinə deyil, öz həyatına da təhlükə yaradır. Bu baxımdan, Paşinyanın kral Papı misal çəkməsi təsadüfi deyil.
Baş nazir kilsənin siyasətə müdaxiləsinə son qoymasa, katalosluğun onun həyatına sui-qəsd təşkil edəcəyinə işarə edir. Ermənistan konstitusiyasının 17-ci maddəsinə görə, kilsə hakimiyyətdən ayrıdır. Lakin nə konstitusiya, nə də digər qanunvericilik aktları kilsənin siyasətlə məşğul olmasını qadağan edir. Ona görə də Paşinyanın Ermənistanın yeni konstitusiyasının mətninə kilsənin siyasətə müdaxiləni qadağan edəcək bənd daxil etdirəcəyi ehtimal olunur.
Ruhanilərin adından yayılan bəyanatda da Paşinyanın kilsəyə qarşı ittihamlarının konstitusiyaya zidd adlandırılması qeyd edilən səbəblə izah oluna bilər. Yəqin ki, Paşinyan artıq özü üçün kifayət qədər ciddi “başağrısı”na çevrilmiş kilsəni neytrallaşdırmaq üçün bu il keçiriləcəyi gözlənilən katalikos seçkilərində II Qareginin yerinə özünə yaxın davam adamın gətirilməsinə çalışacaq.
Müşfiq Abdulla
“Cebhe.info”