Pezeşkiana qurulan tələ

Pezeşkiana qurulan tələ

SEPAH yeni seçilən Prezident Məsud Pezeşkiana ölkənin xarici siyasətini dəyişməyə imkan verməyə bilər.

Son olaylar bunu deməyə əsas verir. 

İranın ali rəhbəri Seyyid Əli Xameneyi də yeni prezidentin yumşalma siyasətini dəstəkləyəcəyini qeyd edib. O bildirib ki, Pezeşkian Qərblə normallaşma siyasətini dəstəkləyir. Ancaq Məsud Pazeşkiana yaxın dairələr qeyd edir ki, SEPAH bu mövqe ilə razılaşmır. 

“Telegraph” agentliyinin məlumatına görə, İran hərbi elitasında bəzi dairələr İsraillə daha sərt mövqe tərəfdarıdırlar. Agentlik qeyd edin ki, HƏMAS lideri İsmayıl Həniyənin ölümündən əsas qazanclı tərəf SEPAH və Netanyahu höküməti oldu. Agentliyin məlumatında qeyd olunur ki, Haniyənin sığındığı binaya zərbə endirən xüsusi dronları SEPAH izləyirdi və onlara qarşı heç bir müdaxilə olmayıb. Agentlik bunu onunla əsaslandırır ki, İran daxilində müəyyən bir qrup İsraillə birlikdə hərəkət edərkən qrup maraqlarını dövlət maraqlarından üstün tutacaq addım atıb və yeni prezidentin imicinə ciddi zərbə endirib. 

İran KİV-ləri də SEPAH-ın islahatçı qanadın nümayindəsi Məsud Pezeşkianın xarici siyasət xəttini, xüsusilə Qərblə münasibətlərin normallaşması mövqeyini birmənalı qarşılamadığını iddia edir. Bu, SPEAH-ın yüksək rütbəli zabit heyətində ciddi narahatlıq yaradıb. Hətta iddia olunur ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail kəşfiyyatı tərəfindən öldürülməsinə SEPAH bilərəkdən şərait yaradıb. 

Məqsəd də yeni prezident Məsud Pezeşkianın imicinə zərbə vurmaq mahiyyəti daşıyır. Görünən budur ki, indiki vəziyyətdə, hətta mövcud durumun daha da ağırlaşacağı təqdirdə Məsud Pezeşkian SEPAH-ın təzyiqləri altında İranın ənənəvi xarici siyasət xəttini davam etdirmək məcburiyyətində olacaq. 

Ola bilər ki, Pezeşkian İranın Qərblə münasibətlərini normallaşdırmaqdan ötrü SEPAH-a dirəniş göstərsin. SEPAH-ın Pezeşkianın xarici siyasətinə imkan verib-verməyəcəyi isə hələ sual altındadır. 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Məsud Pezeşkian xarici siyasətdə addımlarını ali rəhbərlə müəyyənləşdirmək məcburiyyətində olacaq:

“Təbii ki, İranın yeni dövlət rəhbəri çox çətin bir dövrdə hakimiyyətə gəldi. Onun andiçmə mərasimindən bir az sonra HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürüldü. Ən maraqlısı budur ki, Haniyənin sığındığı və yaşadığı bina yüksək səviyyədə mühafizə olunan ərazi idi. Bu da müəyyən fərziyyələrin yayılmasına yol açır. Pezeşkianın xarici siyasətinə əngəl yaradacaq ölkədaxili qüvvələrə gəlincə, İranda elə dairələr var ki, onlar Qərblə münasibətlərdə güzəştlərdə maraqlı deyillər. Xüsusilə SEPAH bu məsələdə qəti mövqe nümayiş etdirir. Düzdür, SEPAH-da müəyyən zabit heyəti Pezeşkianı dəstəkləyir və Qərblə qarşıdurmanın İrana fayda verməyəcəyini anlayırlar. Ancaq SEPAH bütövlükdə İranın daha sərt siyasət yürütməsinin tərəfdarıdır”. 

O bildirib ki, İsmayıl Haniyənin öldürülməsi İranın xarici siyasətində kifayyət qədər mürəkkəb vəziyyət yaradıb:

“Onu da vurğulayım ki, İranda prezident postunu tutan şəxs ölkənin xarici siyasətini köklü dəyişmək iqtidarında deyil. Prezident bu istiqamətdə səlahiyyətlərini müəyyən çərçivədə icra edir. Reallıqda İranda xarici siyasətin müəyyən olunmasında əsas söz sahibi ali rəhbər Seyid Əli Xameneyi və Dini Ekspertlər Şurasıdır. Onların qərarı olmadan ölkənin xarici siyasətində heç bir addım atıla bilməz. Məsud Pezeşkian sadəcə olaraq Qərblə dialoqun qurulması üçün səy göstərə bilər. İranın yeni dövlət rəhbəri öz mövqeyini qarşı tərəfə qəbul etdirməyə çalışacaq.

 Onun əsas məqsədi İranı düşdüyü ağır və acınacaqlı vəziyyətdən az itkilərlə çıxarmaqdır. Amma Pezeşkian öz mübarizəsində nə dərəcədə qalib çıxacaq, bunu yalnız zaman göstərəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”