Qarabağdakı ermənilərə Kremldən QADAĞA

Qarabağdakı ermənilərə Kremldən QADAĞA

Xankəndidəki qondarma rejim Azərbaycan dövlətinin Qarabağdakı erməni sakinlərlə Bakıda təmas keçirməsini əngəlləyib.

Görüşün Bakıda keçirilməsinə dair təklifdən imtina edilib. Halbuki kommunikasiyalarla bağlı müraciət təklifi uydurma rejimin rəhbərliyindəki terrorçulara deyil, erməni ictimaiyyətinin nümayəndələrinə ünvanlanıb. Ona görə də Xankəndidəki cinayətkar qrupun bu çağırışa cavab vermək hüququ yoxdur. Qondarma rejimin yaydığı məlumatda görüşün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə və martın 1-də təmasın keçirildiyi yerdə ola biləcəyi bildirilir.

Bu açıqlamadan bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı söhbətin məzmununa diqqət yetirsək, təmasların pozulmasının səbəbi aydın olar. Belə ki, V.Putin bütün yaranan məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətdə həllinin vacibliyini vurğulayıb. Yəni Azərbaycanla Qarabağda yaşayan ermənilər arasında təmasın qurulmasından Rusiyanın narahatlığı açıq hiss olunur. Çünki Bakıda hər hansı kommunikasiya Xocalıdakı söhbətdən fərqli olaraq, Rusiyanın iştirakı olmadan baş tuta bilər. Bu isə Rusiyanın maraqlarına cavab vermir.

İkincisi, Qarabağda barış və sabitliyin yaranacağı təqdirdə Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq. Ona görə də erməni nümayəndələrin Bakıya gəlməmək qadağasının Kremldən gəldiyi şübhə doğurmur.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, harada keçirilməsindən asılı olmayaraq təmaslar lazımdır. Ancaq ermənilərin bu prosesdə sülhməramlıların iştirakına ümid bağlaması əsassızdır:

“Mühüm olan təmasların davam etməsi və məntiqə əsaslanan nəticələr verməsidir. Çünki təmasların əsas predmeti Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasıdır. Harada aparılmasından asılı olmayaraq, bu prosesin dönməzliyi vacibdir. Amma bu təmaslar Bakıda da keçirilə bilər. Sülhməramlılara gəlincə, ermənilər nəzərə almalıdır ki, Rusiya hərbi kontingenti bölgədə daimi olmayacaq. Sülhməramlılar regionu tərk etdikdən sonra nə olacaq? Ermənilər bu barədə düşünməlidir. Ona görə də təmaslar Azərbaycanın digər bölgələrində də keçirilə bilər.

Putin sülhməramlı qüvvələrin Azərbaycan ərazisində daimi yerləşəcəyinə ümid edir. Lakin 2020-ci il 10 noyabr tarixli Bəyanatda da qeyd edilib ki, tərəflərdən biri sülhməramlı qüvvələrin bölgədə qalmasına imza atmasa, onlar regionu tərk etməlidir. Yəqin ki, Azərbaycan bu məsələni qaldıracaq və Rusiya hərbçiləri bölgəni tərk etməli olacaq. Yəni ermənilərlə təmaslar davam etdirilməli və birbaşa qurulmalıdır. Belə görüşlərdə vasitəçiyə ehtiyac yoxdur. Çünki başqa müstəqil dövlətlə müzakirələr aparılmır. Ona görə də belə format yolverilməzdir. Rusiya sülhməramlıları vasitəçilik etmir. Sadəcə, təması təşkil edib dinləyir, təhlükəsizliyi təmin edir. Ona görə də separatçılar yanlış məlumatlar yayır”.

Ekspert bildirib ki, bu təmaslar qondarma rejimlə aparılması anlamına gəlməməlidir:

“Erməni silahlı birləşmələri tərksilah edilməli, azərbaycanlılar bölgəyə qayıtmalı, dinc erməni sakinlərin reinteqrasiya prosesi aparılmalıdır”.

Müşfiq Abdulla
Cebhe.info