Rusiya təşvişdə: Qarabağda növbə sülhməramlılara da çatacaq 

Rusiya təşvişdə: Qarabağda növbə sülhməramlılara da çatacaq 

Azərbaycan Ordusunun Xankəndi şəhəri ilə Laçın rayonunun Ermənistanla sərhədi arasında nəqliyyat əlaqəsini təmin edən bütün yolları nəzarətə götürməsindən sonra Qarabağa qanunsuz silah daşınması imkanlarının qarşısı alınıb.

Gizli silah daşınması üçün istifadə edilən torpaq yolların və ətraf yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi ilə Ermənistan ordusunun Qarabağdakı qalıqları ilə əlaqəsi kəsilib. Eyni zamanda, həm Ermənistan, həm də Rusiya sülhməramlı qüvvələri Qarabağdakı qondarma rejimə bağlı terrorçu dəstələri silahla təmin edə bilməyəcək. Rusiya Müdafiə Nazirliyinin əməliyyat tədbiri həyata keçirməsinə görə Azərbaycanı ittiham etməsi də məhz Moskvanın narahatlığı ilə bağlıdır. Yəni Rusiya regionda strateji mövqelərin Azərbaycanın əlinə keçməsini və münaqişə üçün potensial mənbələrin sıradan çıxarılmasını özünün maraqlarına zidd hesab edir.

Rusiya sülhməramlı kontingentinin Qarabağa qanunsuz yolla silah daşınması üçün erməni terror qrupaşlamlarına yardım göstərdiyini əks etdirən videogörüntülər, eləcə də Müdafiə Nazirliyinin bəyanatı Kremlin bölgədə sülhün yaranmasında maraqlı olmadığını təsdiq edir. Son hadisələr erməni amilinin Rusiyanın Cənubi Qafqazda hərbi iştirakını və geosiyasi üstünlüyünü təmin edən əsas şərt olaraq qaldığını bir daha nümayiş etdirdi. Çünki Rusiyaya sülhməramlı qüvvələrin daha uzun müddətə regionda qalması üçün münaqişə lazımdır.

Politoloq Sergey Markedonov bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, sülhməramlı kontingentin Azərbaycandan çıxması Rusiyanın 102 saylı hərbi bazasının Ermənistandan çıxması ilə nəticələnəcək. Ona görə də Rusiya bölgədə gərginliyin qalmasında maraqlıdır.

İkincisi, bu münaqişə Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda geosiyasi təsiri zəifləyən Rusiyaya mövqelərini qoruyub saxlamaq üçün əlverişli şərait yaradır. Bu baxımdan, indiyə qədər bölgədə özünü qismən neytral göstərməyə çalışan Rusiya artıq erməni silahlı birləşmələrinin xeyrinə açıq “oynayır”. Hətta rəsmi Moskva Azərbaycanı 2020-ci il 10 noyabr Bəyanatını pozmaqda ittiham etməklə Qarabağdakı terrorçu qruplaşmalara dəstəyini hüquqi cəhətdən əsaslandırmağa çalışıb. Halbuki, 10 noyabr Bəyanatında qanunsuz silahların daşındığı Xankəndi-Turşu-Xəlfəli və Xankəndi-Mirzələr-Koslar-Turşsu torpaq yollarından istifadə ilə bağlı hər hansı razılaşma yoxdur.

Yəni həmin yolların Rusiya hərbçilərinin nəzarətində qalmasına dair Azərbaycan hər hansı öhdəlik götürməyib. Adıçəkilən sənəddə Laçın dəhlizi ilə bağlı üçtərəfli razılaşma var ki, bu da Azərbaycana təhlükəsizlik tədbirləri həyata keçirməyə icazə verir. Yəni sənəd qanunsuz silah daşınmasının qarşısını almağı qadağan etmir.

Sözügedən razılaşmanın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Bu zəmanət yalnız hərbi müdaxilə yolu ilə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsinin bağlanmayacağına dair öhdəlikdən ibarət deyil. Azərbaycan mülki şəxslərin, mülki təyinatlı yüklərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək hüququ əldə edir. Ötən 2 il 5 ay müddətində isə yola nəzarət edən Rusiya sülhməramlıları qanunsuz silah və sursatın bu yolla Azərbaycan ərazisinə daşınmasının qarşısını nəinki almadı, əksinə, bu prosesin təşkilində birbaşa iştirak edib. Ona görə də Azərbaycan təhlükəsizliyin təminatı ilə bağlı öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

Yəni hərbi təyinatlı qanunsuz silahların Qarabağa daşınmasının qarşısını almaq məqsədilə Laçın rayonunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırmalıdır. Artıq Azərbaycan 10 noyabr Bəyanatına uyğun olaraq, Laçın-Xankəndi yolunda təhlükəsizliyin təmin edilməsinin birinci mərhələsinə nail olub. Yəni həm əsas, həm də alternativ yollarda nəzarətin ələ alınması ermənilərə və Rusiya hərbi kontingentinə qanunsuz silah daşımağa imkan verməyəcək.

Prosesin növbəti mərhələsi Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması ola bilər. Təbii ki, nə Ermənistan, nə də Xankəndidəki cinayətkar rejim Azərbaycan ərazisinə qanunsuz silah daşınmasını əsaslandıra bilər. Ona görə də ermənilər bu dəfə də ümidlərini Rusiyaya bağlayıb. Martın 27-də Azərbaycanın guya hücuma keçməsi ilə Rusiya sülhməramlı kontingentinə edilən müraciət də Moskvanın vəziyyətə müdaxiləsinə hesablanıb. Ermənilər Rusiyanın Azərbaycana siyasi-diplomatik təzyiqləri ilə qanunsuz silah daşınan yolların açılmasına nail olmaq istəyir.

Ancaq Azərbaycan Ordusunun son əməliyyatları rəsmi Bakının irəliləməyə qərar verdiyini göstərir. Azərbaycan regionda geriləməkdə olan Rusiyanın yerini üçüncü qüvvənin deyil, özü doldurmağa çalışır.

Müşfiq Abdulla
Cebhe.info