Rusiya və ermənilərə mesaj: "Sülhməramlılar gedəcək və Azərbaycanla üz-üzə qalacaqsınız"

Rusiya və ermənilərə mesaj: "Sülhməramlılar gedəcək və Azərbaycanla üz-üzə qalacaqsınız"

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da keçirdiyi mıətbuat konfransında Qarabağda yaşayan ermənilərə mühüm siyasi mesajlar verib.

Bu kontekstdə dövlət başçısı 2025-ci ildə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət müddətinin başa çatacağını deyib. Yəni 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, tərəflərdən biri və ya Azərbaycan sülhməramlı missiyanın başa çatmasına altı ay qalmış Rusiya hərbi kontingentinin qalmasına dair sənədi imzalamamaq səlahiyyətindən istifadə edə bilər. Bu halda sülhməramlı qüvvələr Azərbaycan ərazisini tərk etməli olacaq.

Nəticədə, Rusiya hərbçilərindən sipər kimi istifadə edən qondarma rejim və erməni silahlı birləşmələri Azərbaycan Ordusu ilə qarşı-qarşıya qalacaq. Yəni Rusiya hərbçiləri bölgədə müvəqqətidir və sülhməramlılara güvənib Azərbaycana müqavimət göstərmək nəticə verməyəcək. Ona görə də Qarabağdakı ermənilər gərginlik yaratmaqdan çəkinməlidir.

Azərbaycan Prezidenti də öz açıqlamasında buna işarə edərək erməniləri dinc yolla və ağıllı addımlar atmağa çağırıb:

“Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”.

“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu açıqlamasından sonra Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yol qalmadığını anlamalıdırlar. Çünki dövlət başçısı sülhməramlıların ikinci müddətə Azərbaycan ərazisində qalmayacağına dair ciddi mesaj verib.

“Əslində, Azərbaycan Prezidentinin bu mesajı həm ermənilərə, həm də Rusiyaya ünvanlanıb. Yəni Rusiya sülhməramlı kontingenti 2025-ci ildə Azərbaycan ərazisini tərk etməlidir. Bu açıqlama Kremlin xoşuna gəlməyə bilər. Amma Rusiya başqa bir dilemma ilə üzbəüz qaldı. Azərbaycan Prezidenti ilə eyni gündə Ermənistanın Baş naziri Nikol Paşinyan da mətbuat konfransı keçirdi. O, Rusiyadan narazılığını bildirdi və sülhməramlıların BMT-nin missiyası ilə əvəz edilməsini təklif etdi. Bu isə Kremli daha çox narazı saldı. Ona görə də bu gün Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, BMT missiyasının bölgəyə gəlməsi üçün hər iki tərəfin razılığı olmalıdır.

Yəni Azərbaycanın razılığı olmadan razılaşdırıla bilməz. Diqqəti cəlb edən məqam budur ki, Azərbaycan Prezidentinin sülhməramlıların müddətinin 2025-ci ildə başa çatacağına Rusiya tərəfi münasibət bildirməyib. Əslində, bunu edə bilməz. 2020-ci il 10 noyabr Bəyanatına görə, Azərbaycanın sülhməramlı kontingentin qalma müddətini uzatmamaq səlahiyyəti var. Amma Ermənistanın BMT missiyasını Qarabağa çağırmaq səlahiyyəti yoxdur”.

Ekspert deyir ki, bunlara baxmayaraq, arxayınlaşmamalıyıq:

“Çünki Rusiya hərbi kontingentinin bölgədə qalmasını təmin etmək üçün yəqin ki, erməni terrorçuları və Ruben Vardanyan kimilərin əli ilə təxribatlar törətməyə çalışacaq. Lakin önəmli olan bir amil var. Prezident başda olmaqla bütün Azərbaycan cəmiyyətində vahid bir mövqe formalaşıb. 2025-ci ildən sonra Rusiya hərbi kontingenti Azərbaycan ərazisini tərk etməlidir. Bu, çox önəmlidir. Siyasi mövqeyindən asılı olmayaraq, hamı bu fikirdədir. Prezident də Qarabağdakı məsələlərin həllinin vacibliyinə işarə etdi. Azərbaycan müharibədə qələbə qazanıb. Ermənistan sülh sazişi imzalamır, özü bilər, imzalamasın. Biz isə müharibədə qalib gəlmişik, amma mübarizə davam edir. Prezident də bunu deyərkən Qarabağdakı mübarizəni nəzərdə tutur. Ermənistanla sərhəddə strateji mövqeləri əldə etmişik. Azərbaycan Prezidenti 2025-ci ili ermənilərə ona görə xatırladır ki, sülhməramlılar çıxıb gedəcək və Azərbaycanla üz-üzə qalacaqsınız. Ya Azərbaycanın qanunları ilə yaşamalısınız, ya da istədiyiniz yerə çıxıb gedə bilərsiniz”.

Müşfiq Abdulla
Cebhe.info