Şoyqu Pezeşkianla görüşdə nəyə eyham vurdu?
Rusiya İranla münasibətlərini dərinləşdirmək istəyir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana növbəti dəfə rəsmi səfər edib. Səfər zamanı S.Şoyqu İranın yeni Prezidenti Məsud Pezeşkianla görüşüb. Rusiyanın dövlət rəsmisi M.Pezeşkianla görüşdə Prezident Vladimir Putinin İranın dövlət rəhbərinin Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirakını səbirsizliklə gözlədiyini deyib. “Cənab Putin sizi Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində səbirsizliklə gözləyir", - deyə S.Şoyqu bildirib.
İran Prezidenti də öz növbəsində Tehranın Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb. Maraqlıdır, Zənzəzur dəhlizi ətrafında iki ölkə arasında yaranan gərginlik fonunda Serqey Şoyqunun qısa müddətdən sonra İrana yenidən səfərinin mahiyyəti nədən ibarət ola bilər? Səfərin arxasında hansı məqamlar dayan bilər?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” - a şərhində qeyd edib ki, hər iki tərəf münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar atır:
“İran hər nə qədər etiraf etməsə də, Ukrayna ilə müharibə fonunda Rusiyaya silah-sursatın ötürülməsində Tehranın iştirakı danılmaz faktdır.
Bu, dəfələrlə sübut olunub. Hər kəsə məlumdur ki, İrandan yeni ballistik raketlərin tədarükü istiqamətində Moskva ilə Tehran arasında aktiv danışıqlar aparılır. Məhz buna görə də son zamanlar Qərbin İrana təzyiqləri artıb. Qərb Tehrana açıq şəkildə bəyan edib ki, əgər İran Rusiyaya növbəti ballistik raketlər ötürərsə, o, daha ağır sanksiyalarla üz-üzə qalacaq.
Yəni Qərb ölkələri İrana birbaşa xəbərdarlıq edib. İranın yeni Prezidenti Məsud Pezeşkian son mətbuat konfransında guya belə bir halın olmadığını bildirib, amma İranın Rusiya ilə müttəfiqlik münasibətlərini dərinləşdirməkdə maraqlı olduğunu açıq şəkildə bəyan edib.
Xüsusilə qeyd edim ki, bu yaxınlarda Kazanda keçiriləcək BRİCS sammitində Prezident Məsud Pezeşkian da iştirak edəcək. Ola bilsin ki, Kazanda BRİCS sammiti fonunda Rusiya ilə İran arasında ikitərəfli münasibətlərin genişlənməsi ilə bağlı müqavilələr imzalansın”.
Ekspert S.Şoyqunun Tehrana səfərini iki məsələ ilə bağlı olduğunu vurğulayıb:
“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Serqey Şoyqunun İrana səfərinin arxasında iki məqsəd dayanır. Birincisi, bu, hərbi təhlükəsizliklə bağlıdır.
Moskva İrandan ballistik raketlər almaqda israrlıdır. İkincisi, böyük ehtimalla, BRİCS – in Kazan sammiti fonunda Rusiya ilə İran arasında müttəfiqlik münasibətlərinə yönələn müqavavilələr imzalanacaq”.
Yunis Abdullayev
“Cebheinfo.az”