Toyvo Klaarın son təxribatı yeni plandan xəbər verir

Toyvo Klaarın son təxribatı yeni plandan xəbər verir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk etməyə hazırlaşan Toyvo Klaar Ermənistan mediasına açıqlamasında Azərbaycanın künüllü köçüb gedən erməniləri Qarabağa qaytarmalı olduğunu deyib. 

Hətta Toyvo Klaar bu məsələni Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün vacib şərtlərdən biri kimi qoyub. 

O, “Dağlıq Qarabağ” erməniləri məsələsinin nizamlanma prosesinin tərkib hissəsinə çevriləcəyinə ümid etdiyini, onların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı Bakı ilə birbaşa danışıqların aparılacağına ümid etdiyini bildirib. Bu kontekstdə Klaar Azərbaycanın guya öhdəliklərinin olduğunu və Bakının bundan imtina etmədiyini vurğulayıb. 

Eyni zamanda, Klaar qeyd edib ki, Bakı bu müstəvidə Qərbi Azərbaycan məsələsini dilə gətirir. Lakin avropalı diplomatın fikrincə, bu mövzulara eyni müstəvidə baxmaq olmaz. 

“Birinci məsələ Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasının asanlaşdırılmasıdır ki, bu da Azərbaycanın öhdəliyidir. 

İkincisi, Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda yaşayan ermənilər və ya Ermənistanda yaşayan azərbaycanlılar məsələsidir”,-deyə Klaar bildirib. 

Qeyd edək ki, Toyvo Klaarın bu təxribatçı açıqlaması Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən etirazla qarşılanıb. 

“Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. 

Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir. 

Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. 

Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır”,-deyə XİN bildirib. 

Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilən Toyvo Klaarın Cənubi Qafqaz üzrə xüsusi səlahiyyətli nümayəndəsi kimi səlahiyyətləri başa çatdığından onun mövqeyi sülh prosesinə təsir baxımdan ciddi əhəmiyyət daşımır. 

Lakin Klaarın açıqlaması Azərbaycan-Ermənistan sülh danışıqlarında xüsusi siyasi platforma ilə çıxış edən Avropa İttifaqının prosesə yanaşması ilə bağlı qeyri-obyektiv məqamların mövcudluğundan xəbər verir. Söhbət sülh sazişinin Ermənistanın maraqlarına uyğun imzalanması ilə bağlı planın olmasından gedir. 

Toyvo Klaaarın ritorikasına görə, bu plan Qarabağdan köçən ermənilərin kütləvi şəkildə geri qayıtmasına dair hüquqi öhdəliyin sülh müqaviləsinin mətninə daxil edilməsini, rəsmi Bakının Qərbi azərbaycanlıların öz doğma yurdlarına qaytarılması təklifindən imtinasını nəzərdə tutur. 

Ermənistandan deportasiya edilmiş azərbaycanlıların öz vətənlərinə geri dönməsi isə 1988-1990-cı illərdə Azərbaycandan köçmüş ermənilərin geri qaytarılmasına adekvat həyata keçirilməlidir. Təbii ki, Avropa İttifaqının bu mövqeyi Brüsselin sülh təşəbbüsünə ciddi zərbə vura bilər. 

Azərbaycan şübhəsiz ki, Toyvo Klaarın dediyi yanaşma ilə barışa bilməz. Çünki diplomatın açıqlaması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulması deməkdir. 

Ermənilər Qarabağdan məcburi deyil, azərbaycanlı əhali ilə birgəyaşayışdan imtina edərək könüllü şəkildə köçüb. Ona görə də Azərbaycan ermənilərin geri qayıtması ilə bağlı heç bir hüquqi öhdəlik daşımır və bu proses könüllülük prinsipi əsasında təmin oluna bilər. 

Azərbaycan dövləti ermənilərin öz evlərinə dönmək hüququnu tanıyır və bu məqsədlə xüsusi portal da yaradıb. Lakin 2023-cü ilin sentyabr ayından başlayaraq Azərbaycan ərazisini tərk edən erməni sakinlər daha çox Ermənistanda və üçüncü ölkələrdə yaşamağa üstünlük verirlər. 

Üstəlik, ermıni sakinlərin Qarabağa qayıdışı yalnız Azərbaycan Konstitusiyasının tələbləri əsasında mümkün ola bilər. Rəsmi Bakının tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşlığını qəbul edən, 1988-ci ilə qədər özü və ailə üzvü keçmiş Dağlıq Qarabağa Muxtar Vilayətində yaşamış, Azərbaycan torpaqlarının işğalında, separatçılıq fəaliyyətində və azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, soyqırım aktlarında iştirak etməmiş ermənilərin qayıdış hüququ tanınır. Yəni işğal dövründə Ermənistan, Livan, Suriya və digər ölkələrdən Azərbaycan ərazilərinə köçürülərək qanunsuz məskunlaşmış ermənilərə vətəndaşlıq verilməyəcək. 

İkincisi, Qarabağ ermənilərin ata-baba yurdu deyil. Görünür, Toyvo Klaar ya Cənubi Qafqazın tarixini bilmir, ya da bilərəkdən təhrif edir. 

Ermənilər Azərbaycan ərazilərinə, o cümlədən Qarabağa Rusiya imperiyasının işğalı və SSRİ dövründə xarici ölkələrdən qanunsuz köçürülərək yerləşdirlib. İstər Qarabağın, istərsə də Ermənistan adlanan ölkənin aborigen əhalisi azərbaycanlılardır. Ona görə də ermənilərin Qarabağa qayıdışı birtərəfli şəkildə təmin oluna bilməz. 

Bu, yalnız 1988-1990-cı illərdə Ermənistandan qovulmuş 300 mindən artıq azərbaycanlının öz yurdlarına dönüşü qarşılığında mümkün ola bilər. Qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərin Qarabağa dönüşü ilə paralel şəkildə azərbaycanlı əhalinin Ermənistana qayıtması məsələsini tələb kimi irəli sürür. 

Lakin Azərbaycan Prezidentinin bu il yanvarın 11-də yerli telekanallara verdiyi müsahibədən məlum oldu ki, Ermənistan hökuməti azərbaycanlıların geri dönməsində maraqlı olmadığından, ermənilərin Qarabağa qayıtmasını da istəmir. 

Əslində, Klaarın ermənidən artıq erməniçilik etməsi Avropa İttifaqının Cənubi Qafqazın gələcək geosiyasi konfiqurasiyasına dair planları ilə bağlıdır. Görünür, ermənilərin sülh müqaviləsinin icrası çərçivəsində Qarabağa qayıtmasına nail olmaq istəyən Avropa İttifaqı 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatından öncəki status-kvonu bərpa etmək niyyəti güdür. Bu isə Azərbaycanın antiterror əməliyyatından sonra suverenliyini bərpa etdiyi ərazilərdə erməni separatizminin yenidn baş qaldırması olar. 

Növbəti mərhələdə Ermənistanın Avropa İttifaqı, Fransa və digər tərəfdaşları Qarabağda ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini gündəmə gətirə bilər. Çox güman ki, Qərb Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsini diqqətdən qaçırmır və erməniləri Qarabağa köçürməklə bu boşluqdan faydalanmağa çalışır. 

Toyvo Klaarın “ermənilərin təhlükəsiz və ləyaqətlə qayıtması”ndan danışması da təsadüfi deyil. Yəni Avropa İttifaqı gələcəkdə ermənilərin təhlükəsizliyini və hüquqlarını təmin etmək adı altında özünün sülhməramlı missiyasını bölgəyə yerləşdirmək üçün səylərə başlaya bilər.

Bu da Azərbaycan ərazisində erməni separatizminin Qərbin siyasi himayəsinə götürülməsi deməkdir. Ermənistan sərhədlərində yarımhərbi müşahidə missiyasını yerləşdirən Avropa İttifaqı ermənilərin vasitəsilə geosiyasi proseslərdə neytral mövqe tutan Azərbaycan ərazisinə daxil olmaqla Rusiyaya qarşı mübarizədə güc balansını öz xeyrinə dəyişməyə çalışır. 

Yəni Avropa İttifaqı 2023-cü il oktyabrın 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Siyasi Şurasının rəhbəri Şarl Mişel və Almaniya Kansleri Olaf Şöltsun İspaniyanın Qranada şəhərində imzaladığı dördtərəfli bəyanatda əksini tapan razılaşmaların həyata keçirilməsinə ümid edir. Halbuki, Azərbaycan Prezidenti həmin görüşdə iştirakdan imtina edib və rəsmi Bakı Qranada bəyanatını tanımır. Ona görə də adıçəkilən sənədin hər hansı hüquqi qüvvəsi yoxdur. 

Ermənistan hakimiyyətinin də rəsmi Bakının konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan maddələrin ləğv etmək barədə tələbindən yayınması bununla izah oluna bilər. 

Regionda sülhün mövcudluğu yalnız Ermənistanda konstitusiya referendumunun keçirilməsi nəticəsində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırlması nəticəsində mümkündür. Toyvo Klaarın “sülh planı” isə mövcud status-kvonun ləğvini və münaqişəli vəziyyətin bərpasını nəzərdə tutur. 

Sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin yalnız ötən il Qarabağda separatçı rejimin ləğvi və status-kvonun dəyişməsindən sonra yaranıb. İndi Toyvo Klaarın bu situasiyanı demontaj etmək cəhdi Ermənistan üçün böyük təhlükələrə yol aça bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”