Yeni döyüş: "Daha bir dövlət nüvə silahı əldə etmək istəyir"

Yeni döyüş: "Daha bir dövlət nüvə silahı əldə etmək istəyir"

"Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sayını artırması qonşu Cənubi Koreyanın narahatlığını artırıb. Cənubi Koreyanın Prezidenti Yoon Suk-yeol ölkəsinin nüvə silahına yiyələnməsi istəyini səsləndirib. Cənubi Koreya Xarici İşlər Nazirliyi qonşu ölkələri qorxutmamaq üçün məsələyə aydınlıq gətirərək prezidentin nüvə silahıyla bağlı fikrinin hipotetik məna daşıdığını açıqlayıb. Ancaq Prezidentin açıqlaması artıq işini görüb".

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Cənubi Koreya “nüvə klubuna” daxil olmaq istəyir:

"Seulun istəyi anlaşılandır. Qonşu Şimali Koreyada diktatura mövcuddur və bu ölkə istənilən an qonşu ölkəni raket atəşinə tuta bilər. Həmin raket isə nüvə başlığı daşıya bilər. Cənubi Koreya prezidenti nüvə silahına yiyilənmək üçün iki yol göstərib. Birinci yol Cənubi Koreyanın nüvə silahını öz imkanları ilə əldə etməsidir. Cənubi Koreyanın maliyyə və elmi imkanları yüksəkdir, qısa müddətdə çalışmalara başlayıb nüvə silahı əldə edə bilər”.

İkinci yol müttəfiq dövlətlərdən birinin Cənubi Koreya ərazisində nüvə silahı yerləşdirməsidir:

“”Müttəfiq dövlət” dedikdə böyük ehtimalla Amerika Birləşmiş Ştatları nəzərdə tutulub. ABŞ-ın keçmiş prezident Donald Tramp Cənubi Koreyada nüvə başlıqlı raketlərin yerləşdirilməsinin əleyhinə idi. Tramp bunun əvəzinə Şimali Koreya diktatoru ilə dialoqa üstünlük verirdi. Ancaq bu dialoq nəticə vermədi. Şimali Koreya nüvə başlıqlı raketlərin istehsalından imtina etmədi".

E.Şahinoğlu əlavə edib ki, əslində Cənubi Koreyada bir-biri əvəz edən liderlər nüvə silahı məsələsiylə bağlı keçmiş illərdə də açıqlamalar verirdilər:

"Misal üçün, Çənubi Koreyanın 1970-ci illərdəki lideri Pak Çjon Hi nüvə silahı əldə etmək üçün alimlərə tapşırıq vermişdi, çalışmalar başlamışdı. Ancaq Vaşinqton Seula təzyiq etdi və çalışmalar dayandırıldı. Cənubi Koreya 1975-ci ildə “nüvə silahının yayılmaması barədə müqaviləyə” imza atdı. Ancaq hazırda vəziyyət fərqlidir. Şimali Koreya nüvə başlığı daşıya bilən raket istehsalını artırır və Seul buna seyrçi qalmaq istəmir. Cənubi Koreya Prezidentinin nüvə silahıyla bağlı açıqlaması bir çox ölkənin diqqətini çəkib. ABŞ Cənubi Koreyanın müttəfiqi kimi hazırki şərtlər daxilində Seula nüvə silahı əldə etməyə qadağan edə bilməyəcək. Cənubi Koreyanın nüvə silahına yiyələnməsi Rusiya və Çinin xoşlarına gəlməyəcək. Moskva və Pekin buna etiraz edəcəklər. Ancaq Moskva və Pekin Şimali Koreyanın nüvə başlıqlı raketlərdən imtina etməsi üçün heç nə etmədilər. Əksinə, Moskva və Pekin Şimali Koreyanın ABŞ və Yaponiyanı raketlərlə hədələməsindən məmnundurlar. Son aylarda Şimali Koreyanın pilotsuz uçuş aparatları tez-tez Cənubi Koreyanın hava məkanına daxil olurlar. Cənubi Koreyanın havadan müdafiə sistemləri həmin dronları heç də hamısı zərərsizləşdirə bilməyib. Bu da Seulda belə bir fikir formalaşdırıb ki, bir gün Şimali Koreya Cənubi Koreya ərazisini raket atəşinə də tuta bilər. Bundan qorunmağın yeganə yolu Cənubi Koreyanın nüvə başlığı daşıya bilən raketlərlə təhciz olunmasıdır".

Vilayət Muxtar
Cebhe.info