Yeni müharibənin anonsu verildi

Yeni müharibənin anonsu verildi

İsrail-İran gərginliyi fonunda Yaxın Şərqin yaxın zamanda genişmiqyaslı müharibə meydanına çevriləcəyi ilə proqnozlar artmaqdadır. 

Belə ki, iyulun 31-də axşam saatlarında İsrail Müdafiə Qüvvələri və MOSSAD-ın birgə həyata keçirdiyi əməliyyat nəticəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və onun mühafizəçisi öldürülüb. İran KİV-lərinin məlumatına görə, İsmayıl Haniyənin sığındığı binaya raket zərbəsi edirilib. 

Bu hadisədən sonra İranın Ali Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. İslam Respublikasının Ali Rəhbəri Əli Xameneyinin iqamətgahında keçirilən görüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri də iştirak edib. Bildirək ki, iyulun 30-da İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyrutda “Hizbullah”ın bir sıra hərbi obyektlərinə raket zərbələri endirib. 

Bir müddət əvvəl isə İsrail Yəməndə “Ənsurullah” hərəkatının obyektlərinə hava hücumları həyata keçirib. Bütün bu hadisələr fonunda Yaxın Şərqdə proseslərin hansı istiqamətə doğru getdiyi indidən bəlli olur. İstənilən zaman Yaxın Şərqdə böyük müharibənin başlaması ehtimalı artır. 

Yaxın zamanda İsrail ilə “Hizbullah” arasında silahlı qarşıdurmaya, xüsusilə İsrail ordusunun Livanda hərbi əməliyyatlarına şahidi ola bilərik. Hazırda İsrail ilə İran arasında geosiyasi və geostrateji mübarizə hərbi münaqişə müstəvisinə doğru gedir. Çünki İran hakimiyyəti İsrailin hücumlarına qarşı adekvat tədbirlər görmək məcburiyyətindədir. 

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Yaxın Şərqin böyük müharibə meydanına çevrilməsi ehtimalı güclüdür: “Hazırda İsrail dərin siyasi və mənəvi böhran keçirir. Hazırkı İsrail hökumətinin əksər nümayəndələri qatı dindar və millətçidirlər. Onlar heç bir şəkildə barışa və güzəştə getmək istəmirlər. 

İsrail hakimiyyəti beynəlxalq ictimaiyyətin işğala son qoymaq və fələstinlilərin hüquqlarını tanımaq çağırışlarına və tələblərinə məhəl qoymur. Belə bir şəraitdə fələstinlilər də silahlı mübarizəyə əl atmağa məcbur olublar. Təəssüf ki, ABŞ və Qərb dövlətləri İsrailin mənfur işğalçı siyasətini dəstəkləyirlər”. 

Ekspert İsmail Haniyə haqqında da fikir bildirib:

“İsmayıl Haniyə barəsində şayiələr yayırdılar. Qərb mətbuatında belə bir məlumat yayılmışdı ki, guya Haniyənin hansısa bankda 400 milyard dolları var. Ortalığa fakt qoymurlar ki, Haniyə bu qədər bu pulu necə və hansı yolla əldə edib. On beş il bundan əvvəl şəxsən özüm “YouTube” - da İsmayil Haniyənin Qəzzadakı evində iftar süfrəsi açmasını göstərən videoya baxmışdım. Onun Qəzzadakı evi kənd orta məktəb müəlliminin evinə bənzəyirdi, açdığı iftar süfrəsində isə ucuz meyvə-tərəvəz və şirniyyatdan başqa heç nə yox idi. 

İsrail və onun tərəfdarları İsmayıl Haniyənin haqlı mübarizəsi qarşısında aciz qaldıqları üçün onun barəsində yalan dolu məlumatlar yayırlar. Haniyənin ailə üzvləri, qohumları və nəvələri Qəzzada davam edən müharibədə həlak olublar. 

Haniyə öldürülsə də, Fələstin xalqı öz mübarizəsini davam etdirəcək”. 

İsrail ordusunun Livana müdaxiləsinə gəlincə, Z. Əlizadə bunun tez bir zamanda baş verəcəyini bildirib: ““Hizbullah”ı sıradan çıxarmaq üçün İsrailin Livana müdaxiləsi gözlənilir. Amma məğlub olub geri çəkiləcəklər”. 

İsrail ilə İran arasında müharibə ehtimalına münasibət bildirən Z. Əlizadə vurğulayıb ki, Tehran düşmənlərinə qarşı adekvat addımlar atsa da, böyük müharibədən ehtiyat edir: 

“ABŞ, İsrail və müttəfiqlərinin hərbi qüvvələri İranın hərbi qüvvələrindən qat-qat çoxdur. Əgər müharibə baş verərsə, İran xarabalığa çevrilə bilər. Tehran bunu çox yaxşı anlayır və öz addımlarını ehtiyatlı şəkildə atmağa çalışır. 

Qeyd edim ki, dörd il bundan əvvəl ABŞ-nin sabiq Prezidenti Donald Trampın əmri ilə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı Qasim Süleymani İraqda dron zərbəsi ilə öldürülmüşdü. Bu hadisədən sonra matəm içərisində olan İran hakimiyyəti ABŞ-dən intiqam alacağını bəyan etmişdi. Tehran Danimarka vasitəsilə Vaşinqtona mesaj ötürmüşdü ki, o, ABŞ-nin İraqdakı hərbi bazalarına raket zərbələri endirəcək. 

Bu xəbərdarlıqdan sonra ABŞ İraqdakı hərbi bazasında müəyyən tədbirlər gördü. İran Amerika bazasına raket zərbələri endirdi, amma zərbələr nəticəsində bir dənə də olsun Amerikalı əsgər yaralanmadı. İki-üç ay bundan əvvəl İsrail Dəməşqdə İran konsulluğunun yaxınlığında yerləşən SEPAH-ın binasına raket zərbəsi endirdi. Nəticədə SEPAH-ın bir-iki yüksək rütbəli zabiti həlak oldu. Tehran İsraildən bunun intiqamını alacağını və onun ərazisinə ballistik raketlər atacağı barədə xəbərdarlıq etmişdi. 

Bəli, İran dediyini etdi. Amma öz ərazisindən İsrailə doğru tuşladığı raketlər və dronlar ABŞ, Böyük Britaniya və digər Qərb müttəfiqlər, o cümlədən bəzi ərəb dövlətləri tərəfindən İraq, İordaniya və Suriya üzərində zərərsizləşdirildi. Bu, onu göstərir ki, İran İsrailə qarşı addımlarını məhdud çərçivədə atmağa çalışır”. 

Yunis Abdullayev
"Cebheinfo.az"