Zəngəzur dalanı: İran niyə tərslik edir?

Zəngəzur dalanı: İran niyə tərslik edir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçini Moskvaya səfərə dəvət edib.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.

Zaxarova İran və Rusiya arasında qarşılıqlı anlaşma məsələləri üzrə müxtəlif səviyyələrdə intensiv danışıqların aparıldığını bildirib.

Qeyd edilir ki, dəvət Ermənistanın cənubunda Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasına Rusiyanın dəstəyi ilə bağlı İranın narahatlığını ifadə etdiyi bir vaxta təsadüf edir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Kreml Zəngəzurla bağlı İranla əvvəlki razılaşmalarına sadiqdir və ölkəsinin bununla bağlı siyasəti dəyişməyib.

Göründüyü kimi, Abbas Əraqçinin Moskva səfərində müzakirə olunacaq əsas məsələ Zəngəzur dəhlizinin açılması mövzusu olacaq.

İran Rusiyanın 10 noyabr Bəyanatına uyğun olaraq Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında kommunikasiya əlaqələrini açmaq istəyini yolverilməz hesab edir.

Çünki İran Zəngəzur dəhlizi işə düşəcəyi təqdirdə, Türkiyə və Azərbaycan arasında birbaşa quru yolu əlaqəsinin yaranacağından narahatdır. Tehran bu halda İranın türk zolağınn əhatəsində qalacağını, türk birliyinin reallığa çevriləcəyini bildirir. 

Ona görə də İran hakimiyyətinin bir sıra nümayəndələri və təbliğatçıları Zəngəzur dəhlizini “Türk birliyi dəhlizi” adlandrır. Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Zəngəzur dəhlizi məsələsinin yenidən aktuallaşması İran mediasında “Rus dəhlizi” ifadəsinin meydana çıxmasına səbəb olub. 

Əslində, 2020-ci il 10 noyabr Bəyanatına görə, dəhlizin təhlükəsizliyini  Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməli olduğundan məsələnin hüquqi həlli Moskvanın xeyrinədir. Rusiya da İrana məhz Zəngəzur dəhlizində iştirak etmək hüququna malik olduğunu sübut etməyə çalışır. İran həmin sənədin icrasını bloklamaq imkanına malik deyil.

Sadəcə olaraq, rəsmi Tehran Ukrayna müharibəsində Rusiyanın İrana ehtiyacının yaranmasından təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ancaq Rusiya ənənəvi olaraq, Cənubi Qafqaz siyasətində İrana güzəştə getməyib. İndiki halda, Rusiyanın Asiya bazarlarına çıxışa ciddi ehtiyacının yaranması kifayət qədər strateji məsələdir və Kreml bunu İrana güzəştə getmək fikrində deyil.

Hətta 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi Azərbaycanla Türkiyə arasında quru əlaqəsinin kəsmək məqsədi daşıyırdısa, artıq Rusiya bu siyasətdən imtina edir. Məhz Zəngəzur dəhlizinin açılması hazırda Rusiyanın Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Yaxın Şərqə və Avropa  bazarlarına çıxış əldə etmək üçün həyati əhəmiyyət daşıyır.

Yəni İranın “Türk birliyi dəhlizi”ni  bağlamaq siyasəti hazırda Rusiyanın maraqlarına zərbə vurur. Burada əsas mübahisəli məqamlardan biri dəhlizə nəzarətlə bağlıdır. 

Rəsmi Tehran Rusiyaya Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-tranzit əlaqəsini təmin edəcək və İran ərazisindən keçən “Araz” dəhlizindən istifadəni təklif edə bilər.

Bu baxımdan, İranın ermənipərəst politoloqu Ehsan Movəhedianın “X” sosial şəbəkəsindəki paylaşımı diqqəti cəlb edir: 

“İran Rusiyaya xəbərdarlıq edib ki, enerji tranziti ilə bağlı məsələləri həll etmək və Qərbin sanksiyalarından yan keçmək, Türkiyə və Azərbaycan birlyinə yaxın olmaq və region ölkələrinin sərhədlərini dəyişmək uyğun variant deyil. Ruslar demək istəyirlər ki, bölgənin əsas aktorları onlardır. İranın təklifi isə “Araz” dəhlizidir”, - deyə ekspert qeyd edir.

Movəhedianın açılaması göstərir ki, İran sərhədlərin dəyişilməsi dedikdə Ermənistanın cənubunda eksteritorial dəhlizin yaradılmasını istəmir. Tehran belə bir dəhlizin mövcudluğuna İranın Cənubi Qafqazdan təcrid vasitəsi kimi baxır.

İran parlamentinin keçmiş deputatı, anti-Azərbaycan mövqeyi ilə tanınan Əli Mütəhərriri isə bildirib ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı siyasətini tənqid edərək daha bir açıqlama verib:

“Rusiya Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə və İranın Ermənistandan keçməklə Avropaya yolunu İrana zərbə vurur”. 

İran hesab edir ki, Zəngəzur dəhlizinin işə düşməsi Tehranın irəli sürdüyü Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz layihəsinin reallaşmasına mane ola bilər. Ona görə də İran Rusiyaya Zəngəzur dəhlizindən imtina edərək “Araz” dəhlizindən istifadəni təklif edir.

Rusiya və İran arasında bu mövzuda danışıqlar hələlik qapalı müstəvidə davam etdiyinə görə Moskvanın qarşı tərəfə cavabı dəqiq məlum deyil. Prezident Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə “Biz İranın nəqliyyat marşrutunu dəstəliyirik” ifadəsini işlədib. 

Ancaq söhbətin hansı marşrutdan getdiyi məlum deyil. Rusiya Prezidentinin bu mesajı Zəngəzur dəhlizinin İrana qarşı yönəlməyəcəyi kimi də başa düşülə bilər. Bu baxımdan, tərəflər arasında müəyyən bir razılaşma da əldə oluna bilər. Eyni zamanda, Rusiyanın Fars körfəzi-Qara dəniz layihəsinə əngəl yaratmayacağı barədə söz verməklə İranla kompromis əldə etməyə çalışması da mümkündür.

Lakin bütün hallarda Rusiyanın Zəngəzur dəhlizindən imtina etməsi inandırıcı görünmür. Çünki Rusiyanın “Araz” dəhlizindən istifadəyə üstünlük verməsi Zəngəzur dəhlizinə nəzarətin son zamanlar Ermənsitanda hərbi-siyasi fəallığını artıran ABŞ-nin nəzarətinə keçməsi deməkdir. Qərb isə sanksiyalardan yayınmağa çalışan Rusiyanın “Orta dəhliz”ə çıxış imkanlarını məhdudlaşdırmağa çalışır. 

Zəngəzur dəhlizinə nəzarət Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizədə həlledici rol oynadığından Rusiyanın bu məsələdə İrana güzəştə gedəcəyini gözləmək olmaz. Həmçinin, Rusiyanın Zəngəzur dəhlizindən istifadəsi ilə bağlı təşəbbüsləri 10 noyabr Bəyanatına əsaslanır. Qeyd edilən sənəddə isə “Araz” dəhlizi barədə hər hansı razılaşma yoxdur.  

Əli Əkbər Əhmədianın Çinin xarici işlər naziri Vanq Yi ilə Cənubi Qafqazdan keçən nəqliyyat-tranzit marşrutları ilə bağlı məsələni müzakirə etməsi prosesə Pekinin də qoşulmasından xəbər verir. 

Ona görə də Zəngəzur dəhlizindən istifadə ilə bağlı Çinin mövqeyi yəqin ki, Rusiyanın və İranın qərarlarına təsir göstərə bilər.
 
Müşfiq Abdulla 
“Cebheinfo.az”