Azərbaycan həqiqətləri dünyaya necə çatdırılır?
İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Hər bir ölkənin dünyada tanıdılmasında ən önəmli rol diaspor təşkilatlarının üzərinə düşür. Diasport təşkilatlarının fəaliyyəti birmənalı olaraq təmsil etdikləri ölkənin hansı səviyyədə tanıdılmasını təmin edir. Əgər bir ölkə ilə bağlı xarici ölkələrdə mənfi fikir formalaşırsa, bu da birbaşa diaspor təşkilatlarının fəaliyyətinin və ya fəaliyyətsizliyinin nəticəsidir.
Azərbaycan bu gün dünyada qalib ölkə, regionun lider dövləti olaraq tanınır. Bunun əsası isə birmənalı olaraq 44 günlük Vətən müharibəsi zamanı qoyulub. Belə ki, həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev 30-a yaxın beynəlxalq mətbuata müsahibə verib və Azərbaycanın haqlı olduğunu bütün dünyaya göstərdi, qəbul etdirdi.
Xatırladaq ki, müharibə dönəmində İlham Əliyev müsahibə verdiyi mətbuat orqanları arasında Rusiyanın dünyaca məşhur “Rossiya-1”, “Pervıy”, “RBK” televiziya kanalları, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, “CNN-Türk”, “Haber Global”, “Haber Türk”, “NTV”, “A Haber” televiziyaları, Fransanın “Sky News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın “ARD” televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-nin “Fox News” televiziyası, İtaliyanın “Rai-1” televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın “EFE” informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanalları vardı.
Bu mətbuat orqanlarının gündəlik izləyici sayına diqqət yetirsək, Azərbaycanın haq səsinin qısa müddət ərzində milyonlara çatmasını deyə bilərik.
Paralel olaraq diaspor təşkilatları da bu istiqamətdə işləyirdi və Azərbaycanın hüquqlarını beynəlxalq arenalarda qorumağa çalışırdı.
Dövlət də diaspor fəaliyyətini prioritet elan edib. Hesab olunur ki, postmüharibə dövründə diaspor təşkilatlarının fəaliyyəti daha vacib və effektivdir.
Bu istiqamətdə görüləcək işlərin anonsunu isə Prezident İlham Əliyev hələ ötən ilin 22 aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında vermişdi:
“Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulamışdı.
Göründüyü kimi, diaspor təşkilatlarının hansı istiqamətlərdə fəaliyyət göstərməsinin vacib olduğu ölkənin birinci şəxsi tərəfindən elan olunub. Dövlət də bu istiqamətdə diaspor təşkilatlarına lazımı bütün dəstəyi verir.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, diaspor təşkilatlarının içində işini yüksək səviyyədə qura bilənləri var:
“Hətta diaspor nümayəndələrimiz var ki, heç bir təşkilatın üzvü deyil, amma Azərbaycanın haqlı davasını, haq səsini yaşadıqları ölkədə duyura bilir. Bu istiqamətdə çox böyük əmək, zəhmət, çalışmalar var. Bunları itirmək olmaz.
Onların bu fəaliyyətlərini qənaətbəxş hesab etmək olar. Amma diasporun ümumi fəaliyyətini bütövlükdə qənaətbəxş hesab etmək olarmı? Bu məsələ isə müzakirə mövzusudur. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin, xalqın diasport təşkilatlarından haqlı gözləntiləri var. Bu gözləntiləri doğrultmaq üçün diaspor təşkilatları daha geniş fəaliyyət göstərməlidir”.
M.Göyüşlü əlavə edib ki, diaspor təşkilatları olduqları ölkənin dilində Azərbaycanın haqlı davası ilə bağl mətbuatda silsilər yazıların yayımlanması lazımdır:
“Həmin ölkələrin nüfuzlu şəxslərinin Azərbaycana lobbiçilik etməsinə nail olmaq, dövlət qurumlarında, parlamentdə bu dəstəyi almaq lazımdır. Xüsusilə də Avropa ölkələrində və ABŞ-də bunu etmələrini gözləyirik. Biz Fransa kimi ölkələrdə nə qədər təzyiqlərə məruz qalırıq? Bu mənada Azərbaycan Prezidentinin və xalqın diasport təşkilatlarının gözləntiləri böyükdür və haqlıdır.
Buna görə də diaspor təşkilatlarımız daha çox çalışmalıdır. Yüksək nəticələri olan diaspor təşkilatlarımız da arxayınlaşmamalıdır və fəaliyyətlərini daha da genişləndirməlidirlər. Ümumi olaraq, görülən işlərin üzərinə kölgə salmadan qeyd etmək istərdim ki, bu sahədə daha yüksək nəticələr ortaya qoymaq lazımdır.
Elə bir səviyyədə inkişafa nail olmaq lazımdır ki, diasport nümayəndələrimizin yaşadıqları ölkədə Azərbaycan adı gələndə artıq haqlı tərəf olduğunu bilsinlər”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Vilayət Muxtar
“Cebheinfo.az”