Azərbaycanda fikir, söz və məlumat azadlığı: ”Bütün şərait var”

Azərbaycanda fikir, söz və məlumat azadlığı: ”Bütün şərait var”

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Bir cəmiyyətin inkişafı üçün ən vacib məqamlardan biri fikir, söz və məlumat azadlığının olmasıdır. Bu gün sosial şəbəkələrin timsalında bu azadlıqların nəinki olması, hətta ifrat dərəcələrə gəlib çatdığını görmək olur. İnformasiya siyasəti əslində milli və dövlət maraqları baxımından çox ciddi məqamdır.

Hər kəs yaydığı informasiyalarda bu məqamlara xüsusi diqqət ayırmalıdır. Çünki yayılacaq hər hansı bir informasiya yekunda milli və dövlət maraqlarına ciddi təhdid ola bilər. Bunlarla yanaşı, informasiyaların inzibati qaydada gizli saxlanılması da beynəlxalq təcrübədə qəbul edilmir. Azərbaycanda hazırda belə bir problem qabarıq şəkildə görünmür.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, söz azadlığı – ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı danışmaq, mübahisə etmək, tənqid etmək, məlumat yaymaq hüququ – insan hüquqlarının əsaslarından biridir:

“Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir ki, hər kəsin fikir və ifadə azadlığı hüququ vardır. Saysız-hesabsız ölkələrin konstitusiyaları və qanunları informasiyanın, xəbərlərin və debatın azad yayılmasının demokratik idarəetmə sistemlərində oynadığı mühüm rolu əks etdirən şəxslərin və jurnalistlərin azad söz hüquqlarını qoruyur. Dünyada əsas müzakirə edilən fikir, söz və məlumat azadlığı bir neçə səbəbə görə həlledici sayılır. Bu azadlıqlar demokratik cəmiyyətlərin təməl daşını təşkil edir. Fərdlərin fikir və ifadə azadlığına hörmət etmək, onların ləyaqətini qəbul etməkdir. Azad fikir və söz müxtəlif ideyaların mübadiləsi və müzakirə oluna biləcəyi bir mühit yaradır. Bu fikir müxtəlifliyi elm, texnologiya, incəsənət və mədəniyyət də daxil olmaqla müxtəlif sahələrdə yenilik, tərəqqi və cəmiyyətin tərəqqisi üçün vacibdir.

Başqa bir vacib məqam hesabatlılıq və şəffaflıqlıqır. Bu azadlıqlar fərdlərə müxtəlif perspektivləri, mədəniyyətləri və ideologiyaları araşdırmaq, öyrənmək və onlarla əlaqə yaratmaq imkanı verir. Bu, müxtəlif icmalar arasında intellektual inkişafı, tolerantlığı və anlaşmanı təşviq edir”.

C.Hüseynzadə əlavə edib ki, ümumilikdə fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətlərin fəaliyyəti, bilik və innovasiyaların inkişafı, fərdi muxtariyyət və ləyaqətinin qorunması üçün vacib olan əsas insan hüquqlarıdır:

“Fərdin özünü sərbəst ifadə etmək hüququ həm də cəmiyyətin qəsdən yanlış məlumatlandırılmamaq hüququ sayılır. Bu məqam paralel aparılmalıdır. Azərbaycanın ana qanunu fikir, söz və məlumat azadlığına geniş təminat verir. Ötən illər ərzində bu təminatın icrasının qanunvericilik bazası da yaradılmışdır. Bu hüquqların təmin olunmasında əsas mexanizmlər vətəndaş cəmiyyəti institutlarıdır. Bu institutlara daxil olan siyasi partiyalar, QHT-lər və media Azərbaycanda kifayət qədərdir. Eyni zamanda, bu quruluşların inkişafı üçün dövlət tərəfindən maliyyələşmə mexanizmləri də yaradılıb.

Həm siyası partiyalara, həm QHT-lərə və həm də media subyektlərinə dəstək göstərililir. Dövlət dəstəyinə müraciət etməyən vəətndaş cəmiyyəti institutları da digər maliyyələşmə imkanları ilə fəaliyyət göstərir. Bu gün Azərbaycan yüzlərlə belə nümunələr var. Eyni zamanda, paralel maliyyələşmə mexanizmlərindən istifadən edən qurumlar da xeyli saydadır. Hesab edirəm ki, bu gün Azərbaycanda qanunvericilik baxımdan və həmçinin praktik olaraq fikir, söz, məlumat azadlığı üçün imkanlar var və ölkə vətəndaşları və vətəndaş cəmiyyəti institutları bu imkanlardan istifadə edərək özlərinin fəaliyyətini həyata keçirir”.

QHT sədri qeyd edib ki, müasir dövrdə bu hüquqların icrası üçün yeni imkanlar da mövcuddur:

“Rəqəmsal həllərin inkişaf etdiyi indiki şəraitdə ifadə azadlığı üçün geniş auditoriya var və həmçinin hər hansı problemlər yarandığı halda ictimai nəzarət üçün yeni imkanlar mövcuddur. Bu yeni imkanlardan müxtəlif sosial şəbəkələri – “Facebook”, “YouTube”, “TikTok” və s. qeyd etmək olar. Bu gün Azərbaycanda bütün sosial şəbəkələr üçün ən münbit imkanlar yaradılıb”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebhe.info”