Böyük Qayıdışda yeni mərhələ

Böyük Qayıdışda yeni mərhələ

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış 

Azərbaycan torpaqlarını işğaldan azad edilməsi keçmiş məcburi köçkünlərin geri dönüşü ilə bağlı 30 ilə yaxın müddətdə yaranan ümidsizlik sona çatıb.

Azərbaycan Ordusu 44 günə torpaqları işğaldan azad etdikdən dərhal sonra Böyük Qayıdış proqramının icrasına başlanıldı. Azərbaycan dövləti müharibədən dərhal sonra Qarabağda tikinti, bərpa-quruculuq işlərinə başladı. İlk olaraq Azərbaycan Zəngilan rayonunda Ağalı kəndini “Ağıllı kənd” konsepsiyası ilə bərpa etdi. Ardınca Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı.

Sonrakı mərhələdə Ağalı kəndinə köç başladı və Böyük Qayıdışa start verildi. Ağalı kəndində ilk köç isə 2022-ci ilin 19 iyulunda baş tutub. Hazırda Ağalı kəndində 871 sakin yaşayır. Bundan əlavə Füzuli və Laçın şəhərlərində də artıq yaşayış başlayıb. Qeyd edək ki, indiyədək Füzuli şəhərində 470 ailənin (1750 nəfər), Laçın şəhərində isə 431 ailənin, yəni 1 627 nəfərin daimi məskunlaşması təmin edilib.

Ötən ilin 16 martında isə işğaldan azadedilmiş Talış kəndinə köçürülmə prosesi baş tutdu. Kəndə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürüldü. Köçürlən keçmiş məcburi köçkünlər Bakı, Samux və Tərtərdə məskunlaşmış ailələr olub. Onu da bildirək ki, Azərbaycan Qarabağı öz hesabına bərpa edir. Açıqlanan məlumatlara görə, 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 milyard manat tələb olunur. 

2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən 11,9 milyard manatı xərclənib. Yəni işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə qarşıdakı 3 ildə əlavə təxminən 18,6 milyard manat da xərclənməlidir. Bütün bunlar Azərbaycanın siyasi iradəsinin və gücünün göstəricisidir. Proses isə sürətlə davam etdirilir. Yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərə növbəti qayıdışların şahidi olacağıq. 

Prezident İlham Əliyev 14 fevralda keçirilən andiçmə mərasimində çıxışı zamanı da Böyük Qayıdışla bağlı gələcək planların anonsunu verib.

“Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi planlaşdırılıb. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb”,-deyə Prezident İlham Əliyev vurğulayıb. 

Prosesin uzanmasına maneə olan səbəb isə yalnız ərazilərin minalarla çirklənməsidir. Bununla bağlı da işlər gedir və ərazilərimiz minalardan təmizlənir. Müharibə 2020-ci ilin 10 noyabr tarixində bitib, amma bu gün də ərazilərimizdə minatəmizləmə prosesi davam etdirilir. Eyni zamanda, işğal müddətində yaşayış məskənləri dağıdılıb, infrastruktur tamamilə məhv edilib.

Postmüharibə dövründə Azərbaycan sürətli tikinti-quruculuq işlərinə başlayıb. Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanı tikib istifadəyə verdi, üçüncü hava limanı isə Laçında inşa edilir.

Qısa zamanda Laçın Hava Limanının da istifadəyə veriləcəyi gözlənilir. Eyni zamanda, zəruri olan digər infrastruktur layihələr də icra edilir. Yeni yollar, avtomobil tunelləri, qaz, işıq, su xətləri çəkilir. Yəni dövlət keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarında rahat yaşaması üçün bütün zəruri işləri görür. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebhe.info”